Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4289/2021 23.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19.11.2019-cu il tarixli müqaviləsinə əsasən, X5 Nitron plus üçün 1436 (min dörd yüz otuz altı) manat ödənilməmiş hissə, 444 (dörd yüz qırx dörd) manat dəbbə, 06.01.2020-ci il tarixli müqaviləsinə əsasən, Ütü masası Perilla Premium, Soyuducu Samsung, Tozsoran SAMSUNG, Dr.X4 üçün, 2224 (iki min iki yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 647 (altı yüz qırx yeddi) manat dəbbə və eləcə də, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4781 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq, iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, cavabdeh, "xxxx" MMC ilə 19.11.2019-cu il və 06.01.2020-ci il tarixli müqaviləsinə əsasən, X5 Nitron plus və Ütü masası Perilla Premium, Soyuducu Samsung, Tozsoran SAMSUNG, Dr.X4 almış və nəticədə 4751 (dörd min yeddi yüz əlli bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 19.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2062 (iki min altmış iki) manat (18 ay x 114 manat + 10 manat ilkin ödəniş) X5 Nitron plus üçün ümumilikdə, 1880 (min səkkiz yüz səksən) manat olmaqla ondan, 1436 (min dörd yüz otuz altı) manat ödənilməmiş hissə, 444 (dörd yüz qırx dörd) manat dəbbə;Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 06.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2772 (iki min yeddi yüz yetmiş iki) manat (18 ay x 154 manat + 0 manat ilkin ödəniş) Ütü masası Perilla Premium, Soyuducu Samsung, Tozsoran SAMSUNG, Dr.X4 üçün ümumilikdə, 2871 (iki min səkkiz yüz yetmiş bir) manat olmaqla ondan, 2224 (iki min iki yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 647 (altı yüz qırx yeddi) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1174 manat təşkil edir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək göstərdi ki, o, əvvəllər borcunu vaxtı-vaxtında ödəsə də sonradan maddi imkasızlığı səbəbindən ödənişlərini həyata keçirə bilməmişdir. Ona görə də iddia tələbinin qismən təmin edilməsinə, yəni əsas borcun tutulmasına etiraz etməsə də, dəbbə pulunun tutulmasına etiraz edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 19 noyabr 2019-cu il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış Müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 2062 manat olan X5 Nitron plus ilkin 10 manat və hər ay 114 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 06 yanvar 2020-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış Müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 2772 manat olan Ütü masası Perilla Premium, Soyuducu Samsung, Tozsoran SAMSUNG, Dr.X4 ilkin ödənişsiz və hər ay 154 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC-i tərəfindən tərtib edilmiş 15 iyun 2021-ci il tarixli maliyyə və ödəniş cədvəllərindən görünür ki, “alıcı” Cavabdeh 19 noyabr 2019-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 1436 manat məbləğində ödənilməmiş əsas məbləğ və 444 manat məbləğində cərimə olmaqla – cəmi 1880 manat məbləğində borcu, 06 yanvar 2020-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 2224 manat məbləğində ödənilməmiş əsas məbləğ və 647 manat məbləğində cərimə olmaqla – cəmi 2871 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh alqı-satqı Müqavilələri üzrə öz öhdəliyini yerinə yetirməmiş və buna görə də, nisyə satılmış əşyaların məbləğinin ödənilməmiş hissəsində iddia tələbi təmin edilərək, 19 noyabr 2019-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 1436 manat, 06 yanvar 2020-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 2224 manat məbləğində pul vəsaiti cavabdehdən tutulmalıdır. Bununla belə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə cərimənin 19 noyabr 2019-ci il tarixli Alğı-satqı müqaviləsi üzrə 10 manat, 06 yanvar 2020-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 10 manat məbləğlərinə azaldılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, 19 noyabr 2019-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 1436 manat məbləğində ödənilməmiş dəyəri və 10 manat məbləğində cərimə , 06 yanvar 2020-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 2224 manat məbləğində ödənilməmiş dəyəri və 10 manat məbləğində cərimə - cəmi 3680 manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin xeyrinə tutulmalı, qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçı "xxxx" MMC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 19 noyabr 2019--ci il tarixli müqavilə üzrə 1436 manat məbləğində borc və 10 (on) manat məbləğində dəbbə pulu, 06 yanvar 2020-ci il tarixli müqavilə üzrə 2224 manat məbləğində borc və 10 (on) manat məbləğində dəbbə pulu, və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 3710 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-4289/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4289/2021
23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver