Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4294/2022 25.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X13 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Muqabil qızının Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Muqabil qızı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən cavabdehlə birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment, eləcə də X2nın astma xəstəliyi üzrə müalicəsi üçün Cavabdeh 150 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikaha daxil olsalar da 2018-ci ildə Nizami Rayon Məhkəməsində nikahları pozulmuşdur. Birgə nikahdan iki övladları: xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X10 anadan olmuşdur. Nizami Rayon Məhkəməsinin qətnaməsinə əsasən cavabdeh X3 xx.xx.2018-ci ildən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat məbləğində pulun cavabadeh Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Daha sonra o, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(010)-4350/2019 saylı iş üzrə qətnaməsinə əsasən aliment miqdarı artırılaraq hər uşaq üçün hər ay 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində, eləcə də xx.xx.2017-ci il təvəllüdlü X6 3 yaşına çatanadək əlavə olaraq hər ay 70 manat məbləğində aliment müəyyən olunaraq Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmuşdur. Daha sonra xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə “aliment miqdarının artırılması” tələbinə dair müraciət etmişdir. Həmin zaman aliment miqdarı bir uşaq üçün 175 manat idi. Lakin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4376/2021 nömrəli iş üzrə qərarına əsasən hər bir uşaq üçün 165 manat sabit pul məbləğində aliment tutulmuşdur. Məhkəmələrin bu zamana kimi tam müəyyən olunmuş aliment miqdarını tutmaması cavabdehin məhkəməyə yanlış məlumatlar verməsi ilə əlaqədardır. Belə ki, alimentlə bağlı nə vaxt məhkəməyə müraciət olunsa, cavabdeh öz mühasibi ilə danışaraq maaşını az yazdırmışdır. Cavabdeh iki balaca uşağına görə də dövlətdən əlavə maaş alır. Amma aldığı məvacibdən uşaqlarına əlavə olaraq heç bir köməklik göstərmir. X2 uzun illərdir astma xəstəliyindən əziyyət çəkir. Cavabdeh isə bir ata kimi öz vəzifə borcunu yerinə yetirmir. Halbuki övladının xəstə olduğunu bilir. Cavabdeh yalnız müxtəlif yollara əl ataraq aliment miqdarını aşağı salmağa çalışır və neçə ildir ki, buna nail olur. Uşaqların bütün qayğısını, ehtiyacını tamamilə özü çəkir. Böyüdükcə uşaqlarda ata qayğısına ehtiyac və tələbat artsa da cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. O özü rəsmi olaraq heç bir yerdə işləmir. Hal-hazırda valideynlərilə birlikdə yaşayır. Bu səbəbdən də məhkəmə qərarı ilə yanında saxlanılan xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən aliment tələb etmək zərurəti yaranmışdır. Nəzərə alınmalıdır ki, aliment davam edən prosesdir və onun hazırkı maddi durumu azyaşlı uşaqlara təkbaşına baxmağa imkan vermir. O da məcbur qalıb məhkəməyə müraciət etmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, İddiaçı Muqabil qızı onkoloji xəstədir və hazırda müalicə üçün uşaqları ilə birlikdə Ukraynada bibisinin yanında qalır. O, qızı olan iddiaçının xəstəliyinə görə evini satmış, bununla belə müalicəyə pul çatdıra bilmədiklərindən iddiaçı müalicə üçün Ukraynaya getməli olmuşdur. Üstəlik, iddiaçıdan əlavə, onun cavabdehlə birgə nikahından doğulmuş qızı da astma xəstəsidir. Bu vəziyyətdə cavabdehdən tutulan aliment uşaqların saxlanılmasına kifayət etmir. Belə ki, iddiaçı xəstəliyi ilə əlaqədar işləyə bilmir. Lakin cavabdeh işləyir və 1400 manat əmək haqqı alır. Bundan əlavə, cavabdehin icarəyə verdiyi obyekti, evi var. Hesab edir ki, cavabdeh tələb edilən məbləğdə alimenti ödəyə bilər. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Eyni zamanda iddiaçının nümayəndəsi məhkəməyə ərizə verərək, uşağın xəstəliyi ilə bağlı əlavə xərc tələb etmədiyini bildirmiş, cavabdehdən yalnız iki uşağın saxlanılması üçün cəmi 386 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, onun iddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. Belə ki, aylıq əmək haqqı 613 manat məbləğindədir və bu pulun yarısını iddiaçıya aliment kimi ödəyir. Nəzərə alınmalıdır ki, hazırda yenidən ailə qurmuşdur. Bu nikahdan uşağı olmasa da ailəsinin saxlanılması üçün zəruri vəsaitə ehtiyacı var. Bu vəziyyətdə iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəyə bilməz. Üstəlik, iddiaçı uşaqları özü ilə birlikdə Ukraynaya aparmış, onları təhsildən kənarlaşdırmışdır. Hər bir halda qeyd edir ki, uşaqların saxlanılması üçün hazırda ödədiyi alimentdən cəmi 20 manat artıq aliment ödəyə bilər. Daha artıq miqdarda aliment ödəməyə isə maddi imkanı yoxdur. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi.
İş materialları.
6. Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 018067 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 (atası Cavabdeh, anası X7) xx.xx.2017-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 903 nömrə ilə qeyd edilmişdir (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə qohumluq məlumatlarının doğruluğu yoxlanılmışdır).
7. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 314463 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 (atası Cavabdeh, anası X7) xx.xx.2014-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 2456 nömrə ilə qeyd edilmişdir (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə qohumluq məlumatlarının doğruluğu yoxlanılmışdır).
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-4376/2021 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-3474/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 165 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı Muqabil qızına ödənilməsi, dəyişdirilmiş aliment məbləğinin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, iddianın tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
İşin faktiki halları.
9. İddiaçı Muqabil qızı və Cavabdeh birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X10 doğulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-4376/2021 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş iki uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 165 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda İddiaçı Muqabil qızı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən Cavabdeh tutulan aliment miqdarının artırılmasını və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment, eyni zamanda uşaqlardan birinin müalicəsi üçün əlavə xərc tutulmasını xahiş etmiş, lakin iddiaçının nümayəndəsi sonradan ərizə verərək cavabdehdən yalnız aliment tələb etdiklərini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsini xahiş etmiş, cavabdeh isə iddianı qismən qəbul etmişdir.
Tətbiq edilən hüquq.
10. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
11. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
12. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
13. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.
Maddə 3.
1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.
1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.
2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
14. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
15. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilsin.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 53. İddianın dəyişdirilməsi. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu.
Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
Məhkəmənin mövqeyi.
18. Məhkəmə hesab edir ki, cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ (193 manat) tərəflərin birgə nikahından doğulmuş uşaqlara da şamil edilməlidir. Üstəlik, uşaqlar daimi olaraq iddiaçının yanında qaldığından onlara qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi diqqətəlayiq hal kimi nəzərə alınmalıdır.
19. Belə olan halda məhkəmə hesab edir ki, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa 193 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına və uşaqların üstün maraqlarına uyğundur.
20. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir.
21. Uşaqlardan birinin (xx.xx.2014-cü il təvəllüdlü X8) müalicəsi üçün cavabdehdən alimentdən əlavə xərc tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, əlavə xərclə bağlı hissədə iddiadan imtina etmişdir. Həmin ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq, işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər verilmədiyindən məhkəmə tərəfindən iddia tələbinin həcminin azaldılması kimi qəbul edilməsə də son nəticədə iddiaçının əlavə xərclə bağlı hissədə iddiasından imtina etdiyini nəzərə alaraq, məhkəmə əlavə xərclə bağlı hissədə iddianın əsaslılığına qiymət verməyə lüzum görmür.
Məhkəmə xərci.
22. Məhkəmə xərci ilə bağlı qeyd edilməlidir ki, alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (386x12=4632 manat) mütənasib olan 66.32 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
23. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-4376/2021 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa 193 manat olmaqla, hər ay 386 manat sabit pul məbləğində müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 4294/2022 saylı qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı Muqabil qızına ödənilməli, ödənilməmiş 66.32 manat (altmış altı manat otuz iki qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.
24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-4376/2021 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşağa 193 (yüz doxsan üç) manat olmaqla, hər ay 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-4294/2022 saylı qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq, cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı Muqabil qızına ödənilsin. Ödənilməmiş 66.32 manat (altmış altı manat otuz iki qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva