Məhkəmə qərarları › İş №2(010)-4327/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4327/2020

30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4327/2020 30.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Rüstəmova Zərqələm Yasin qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 770 manat məbləğində pul, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul, cəmi 800 manat məbləğində pul tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, 770 manat məbləğində pulu aviabilet alınması üçün Cavabdeh2 və Cavabdeh1 ilə aralarında olan razılıq əsasında Cavabdeh3 məxsus “xxxx” ASC-dəki kart hesabına ödəniş etmişdir. Lakin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onu aldatmış, aviabilet almamış, ödədiyi 770 manat pulu isə geri qaytarmamışlar. Buna dair onlara telefon və whatsappla danışıqları heç bir nəticə verməmiş, ona görə də məhkəməyə müraiət etmək məcburiyyətində qalmışdır. Odur ki, qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o Cavabdeh2 ilə işləməmiş, ona yalnız taksi xidməti göstərmişdir. Cavabdeh2 onun kartına pul köçürələciyini və həmin pulu çıxararaq ona gətirməsini xahiş etmişdir. İddiaçı “xxxx” vasitəsi ilə onun kartına pul köçürmüş və o da həmin 770 manat məbləğində olan pulu kartdan çıxararaq Cavabdeh2 təhvil vermişdir. İddiaçıdan başqa digər şəxslər də onun kartına pul keçirmişlər və o həmin pulu Cavabdeh2 təhvil vermişdir. Bu əsasla iddia tələbinin ona aid hissəsində rədd olunmasını xahiş etmişdir. Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, Cavabdeh2 ilə qeyrirəsmi işləmiş və heç əmək haqqı da almadığını bildirmişdir. Cavabdeh2 aviabilet satışı ilə məşğul olmuş və bir sıra şəxslərdən bilet pulunu almış, lakin sonradan uçuşları təşkil etməmişdir. Buna görə də o korrupsiyaya müraciət etmiş, bununla bağlı olaraq orada araşdırma aparılır. O Samirə yalnız Türkiyə vasitəsilə uçuş təklif etsə də, o razılaşmamışdır. Həmin pul ona verilmədiyindən ona münasibətdə iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada digər cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 iddia tələbinə etiraz verərək bildirmişdir ki, iddia tələbinə görə, iddiaçı 770 məbləğində pul vəsaitini aviabilet alınması üçün guya aralarında olan razılıq əsasında əsl cavabdeh olmalı olan Cavabdeh3 məxsus “xxxx” ASC-dəki bank hesabına köçürmüşdür. Lakin əsl cavabdeh olmalı olan Cavabdeh3 onu aldatmış, aviabilet almamış və ödədiyi 770 məbləğində pul vəsaitini ona qaytarmamışdır. Buna görə də işi məhkəmədə mübahisələndirmək məcburiyyətində qalmışdır. Əslində isə onunla iddiaçı arasında sözügedən məsələ ilə bağlı əvvəlcədən heç bir razılaşma mövcud olmamışdır. Yəni ki, iddiaçı əsl cavabdeh olmalı olan Cavabdeh3 ilə əvvəlcədən razılaşmış və qeyd edilən məbləğdə pul vəsaitini onun bank hesabına köçürmüşdür. Onun arasında həmin razılaşmaya dair heç bir sövdələşmə yoxdur və həmin razılaşmanın mövcudluğunu sübut edən heç bir əsaslı dəlil ortalığa qoyula bilməz. İddiaçının ərizəsində bəhs etdiyi telefon danışıqları və “whatsapp” yazışmaları isə sübutetmə predmetinin əsası kimi qəbul edilə bilməz. Çünki həmin danışıq və yazışmalar əvvəlcədən xəbərdarlıq edilmədən əldə edilmiş və onun razılığı alınmamışdır. Qanunvericiliyin tələblərinə görə, hüquq qaydasının əleyhinə əldə edilmiş foto, video və səs yazıları sübut qismində qəbul edilə bilməz. Buradan da o nəticə hasil olur ki, iddiaçı şəxsə münasibətdə yanılmışdır və bu yanılma əsassız yanılmadır. Hazırkı situasiyada onun bank hesabına heç bir vəsait köçürülməmiş və belə olan halda da, onun işin məsuliyyətini öz üzərinə götürmək niyyəti yoxdur. İddiaçının tələb etdiyi pul məbləği əsl cavabdeh olmalı olan və bank hesabına pul köçürülmüş Cavabdeh3 tərəfindən ödənilməlidir. Ona görə də hesab edir ki, məhkəmə ona münasibətdə iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul etməlidir. Məhkəmə iddiaçının və cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xxxx ASC-nin Buzovna filialındakı xx.xx.2020-ci il tarixində, saat 14:57-də plastik kart hesabına ödənilmiş qəbzdən müəyyən olunur ki, Cavabdeh3 hesabına 770 manat məbləğində pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 216.1-ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu xx xxxx 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən Cavabdeh3 hesabına “xxxx” ASC-nin Buzovna filialındakı xx.xx.2020-ci il tarixində, saat 14:57-də plastik kart hesabına 770 manat pul vəsaiti ödənilmişdir. Həm iddiaçı tərəf, həm də cavabdehlər həmin pulun aviabiletin alınması üçün köçürüldüyünü, lakin uçuşların Cavabdeh2 tərəfindən təşkil olunmadığını, onun tərəfindən digər vətəndaşlara məxsus pul vəsaitinin də mənimsənildiyini və bununla bağlı olaraq araşdırılma aparıldığını qeyd etmişlər. Cavabdehlər tərəfindən həmin pul vəsaitinin iddiaçıya qaytarılması ilə bağlı sübut təqdim olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin bank hesabına 770 manat məbləğində pul vəsaiti köçürüldüyündən iddia qismən təmin edilməli, 770 manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 770 (yeddi yüz yetmiş) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar