Məhkəmə qərarları › İş №2(010)-4330/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4330/2022

10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4330/2022 10.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh1 iştirakları ilə, iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh1 və qeyrisinə qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit üzrə borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi.

1. İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti (bundan sonrakı mətndə "xxxx" BOKT MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 16 avqust 2019-cu il tarixli BAKU1-12737-2017 saylı Kredit (Restrukturizasiya) müqaviləsinin ləğv edilməsi; cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada kreditor "xxxx" BOKT MMC-nin xeyrinə 869,11 manat əsas borcu, 1,67 manat cari faiz borcu olmaqla, cəmi 870,78 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları:

2. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verərək və iddia tələbini müdafiə edərək bildirdi ki, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında 16 avqust 2019-cu il tarixli BAKU1-12737-2017 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən borclunun vaxtı keçmiş əsas kredit borcunu ödəməsi məqsədi ilə illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə 1550,60 manat məbləğində güzəştli kredit vermişdir. Müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə "xxxx" BOKT MMC, Cavabdeh1 və Cavabdeh2 arasında 16 avqust 2019-cu il tarixli BAKU1-12737-2017+BAKU1-16152 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Lakin borclu kreditor qarşısında ödəniş qrafıkində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini pozmuşdur. Beləliklə, 23 avqust 2022-ci il tarixi üçün Cavabdeh1 16 avqust 2019-cu il tarixli BAKU1-12737-2017 saylı Kredit (Restrukturizasiya) müqaviləsi üzrə 869,11 manat əsas borcu, 1,67 manat cari faiz borcu olmaqla, cəmi 870,78 manat borcu mövcuddur. Buna görə də qeyd olunanların nəzərə alınması və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdeh1 iddia tələbini qəbul edərək bildirdi ki, hazırda heç bir yerdə işləyə bilmədiyi üçün ödəniş edə bilmir. İşsizliyə görə 9 ay pul alan zaman hissə-hissə ödənişlərini etmişdir. 7-8 aydan sonra pensiyaya çıxacaqdır və həmin zaman pensiyasından ödənişlər edə biləcək. Buna görə də qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi.

İş materialları.

5. "TBC Kredit” BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 16 avqust 2019-cu il tarixli BAKU1-12737-2017 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən borclunun vaxtı keçmiş əsas kredit borcunu ödəməsi məqsədi ilə illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə 1550,60 manat məbləğində güzəştli kredit vermişdir.

6. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" BOKT MMC, Cavabdeh1 və Cavabdeh2 arasında 16 avqust 2019-cu il tarixdə BAKU1-12737-2017+BAKU1-16152 saylı Zaminlik müqaviləsi bağlanmışdır.

7. xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, cavabdehlərə banka olan borcun 5 gün müddətində tam ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.

8. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə "xxxx" BOKT MMC arasında bağlanmış müqaviləyə əsasən onun "xxxx" BOKT MMC-yə 869,11 manat əsas borc, 1,67 manat cari faiz borcu olmaqla, cəmi 870,78 manat borcu vardır.

9. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" BOKT MMC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ümumilikdə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları.

10. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı "TBC Kredit” BOKT MMC ilə Cavabdeh1 arasında 16 avqust 2019-cu il tarixli Kredit (Restrukturizasiya) müqaviləsi, iddiaçı "xxxx" BOKT MMC, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 16 avqust 2019-cu il tarixdə Zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı bank cavabdehlərdən halhazırda ödənilməmiş kredit borcunun qaytarılmasını tələb edir. Məhkəmə iclasında izahat verən Cavabdeh1 isə iddianı etiraf edərək, borcunu qəbul etdiyini və hissə-hissə ödəyəcəyini bildirmişdir.

Tətbiq olunan hüquq.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ.

743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 472. Zaminin məsuliyyəti. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

Məhkəmənin mövqeyi.

12. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

13. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir.

14. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehlərdən kredit borcuna görə 869,11 manat məbləğində əsas borcun, 1,67 manat məbləğində faiz borcun tutulması barədə tələb əsaslıdır.

Məhkəmə xərcləri.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticə.

17. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 ilə "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti arasında bağlanmış 16 avqust 2019-cu il tarixli BAKU1-12737-2017 saylı Kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit borcuna görə 869,11 manat məbləğində əsas borc, 1,67 manat məbləğində faiz borcu olmaqla, cəmi 870,78 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməlidir.

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh1 ilə "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti arasında bağlanmış 16 avqust 2019-cu il tarixli BAKU1-12737-2017 saylı Kredit (Restrukturizasiya) müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit borcuna görə 869,11 manat məbləğində əsas borc, 1,67 manat məbləğində faiz borcu olmaqla, cəmi 870,78 (səkkiz yüz yetmiş manat yetmiş səkkiz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar