Məhkəmə qərarları › İş №2(010)-4345/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4345/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4345/2020 18.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, 2014-cü ilin yay aylarında qohumu Cavabdeh ev tikdirmək mədsədi ilə 15000 dollar (on beş min) borc vermişdir. 2015-ci ilin yanvar ayından etibarən o, Rusiyaya getməsi ilə əlaqədar Respublikada uzunmüddət olmamışdır. 2019-cu ildə cavabdehin ona yazılı surətdə iltizam verərək borcunu bir il müddətinə ödəməyə öhdəlik götürmüşdür. Lakin bu müddət ötməsinə baxmayaraq cavabdeh borcunu ödəməmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, Cavabdeh dövlət işində işləyir. Qazancı da kifayət qədərdir. Cavabdeh iddiaçı X1 borcu tutulub ona qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh xx.xx.2020-ci il tarixində məhkəməyə ərizə göndərək, cavabdeh olduğu iş üzrə təyin olunmuş məhkəmə iclasında xx.xx.2020-ci ildə səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmişdir. Çıxarılan hər hansı qərara hörmətlə yanaşıb qəbul etdiyini və məhkəməyə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli iltizama əsasən, o - Cavabdeh iltizam verərək bildirmək istəyir ki, qohumu İddiaçı 2014-cü ildə ev tikmək üçün 15000 (on beş min) ABŞ Dolları almışdır. 2020-ci ilin mart ayına qədər borcunu qaytarma öhdəliyi götürür. Əks halda onu məhkəməyə müraciət etmək hüququnu tanıdığını bildirmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Tərəflər arasında bağlanmış xx xxx 2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən 15.000 ABŞ dolları məbləğində pulun 2020-ci ilin mart ayına qədər qaytarılması nəzərdə tutulsa da, ümumiyyətlə heç bir pul vəsaitinin ödənilməməsi cavabdeh tərəfindən müqavilə şərtinin əhəmiyyətli dərəcədə pozulması və borcun qaytarılması üçün təhlükə yarandığı qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləinin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəlləinin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdıraraq, sübutlara cəm halında qiymət verərək hesab edir ki, iddia tam təmin edilməli, İddiaçı xeyrinə Cavabdeh ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla 15.000 ABŞ dolları borc və 30 manat dövlət rüsumu alınaraq ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla, 15.000 (on beş min) ABŞ dolları borc tutularaq, İddiaçı ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar