Məhkəmə qərarları › İş №2(010)-436/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-436/2023

19.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-436/2023 19.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı Cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş alimentin həcminin artırılaraq hər ay 193 manat sabit pul məbləğində alimentin cavabdeh X5 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o - İddiaçı cavabdeh X10 ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Onun cavabdehlə xx.xx.2013-cü il təvəllüdlü X11 adlı və soyadlı övladları anadan olmuşdur. Cavabdeh ilə nikahları ləğv olunub. Azyaşlı övladı onun himayəsindədir. Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2278/2014 saylı, 25 aprel 2014-cü il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X1 150 manat məbləğində aliment müəyyən edilmişdir. Lakin cavabdeh uşağın saxlanmasında və onun təminatının ödənilməsində çətinlik çəkməyinə baxmayaraq ona heç bir köməklik göstərmir. Özü hal-hazırda heç bir-yerdə işləmir. Bu səbəbdən uşağına baxmaqda çox çətinlik çəkir. Nikah ləğv olunandan sonra cavabdeh övladı ilə bir dəfə olsun maraqlanmayıb. Bu səbəbdən aliment məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X9 iddia tələbi ilə razı olduğunu bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(037)-220/2014 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 17 mart 2012-ci ildə bağlanmış və Bakı şəhəri Nizami Rayon Qeydiyyat şöbəsində 256 sayla qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 21 yanvar 2013-cü il təvəllüdlü X6 anası İddiaçı himayəsində qalması və iş üzrə 15 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(010)-2278/2014 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 21 yanvar 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 28 mart 2014-cü il tarixdən hesablanmaqla hər ay 150 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi və 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 01/22 nömrəli arayışdan görünür ki, Cavabdeh, həqiqətən də, adıçəkilən müəssisədə aylıq əmək haqqı 336 manat olmaqla xx.xx.2021-ci il tarixdən Direktor vəzifəsində çalışır. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə X3 ilə rəsmi nikaha daxil olmuş və birgə nikahdan iki övladları – xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X8 anadan olmuşdur. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər rəsmi nikaha daxil olmuş və birgə nikahdan bir övladları dünyaya gəlmişdir. Hazırda tərəflər arasında olan nikah pozulmuş və həmin nikahdan doğulmuş azyaşlının saxlanılması üçün hər ay 150 manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh daha sonra yenidən ailə həyatı qurmuş və həmin nikahdan 2 övladı dünyaya gəlmişdir. Hazırda iddiaçı təyin edilmiş aliment məbləğinin uşağın saxlanılmasına kifayət etmədiyini qeyd edərək artırılmasını tələb edir. Cavabdehin nümayəndəsi isə həmin aliment məbləğinin artırılmasına etirazının olmadığını qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, 2014-cü ildə təyin edilən aliment məbləği hazırkı dolanışıq meyarlarına cavab vermir və bu baxımdan aliment məbləğinin artırılması azyaşlının mənafeyi baxımından məqsədə müvafiqdir. Məhkəmə, həmçinin qeyd edir ki, təyin ediləcək aliment məbləği real olmalı və icrası mümkünsüz olan qətnamənin qəbul edilməsinə səbəb olmamalıdır. Bu baxımdan, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilən hər ay 193 manat məbləğində aliment tələbi qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən mediasiya prosesi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 50 manat rüsum cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2278/2014 nömrəli, xx.xx.2014cü il tarixli qətnaməsinə əsasən cavabdeh İsrafı̇ lov Anar Aqı̇ f oğlundan xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment miqdarı artırılaraq hər ay 193 manat sabit pul məbləğində müəyyən edilsin. Alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Mediasiya prosesi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 50 manat rüsum cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar