Məhkəmə qərarları › İş №2(010)-4367/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4367/2022

31.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4367/2022 31.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan aliment məbləğinin artırılaraq hər uşaq üçün aylıq 193 manat, cəmi 386 manat müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən 343 saylı akt qeydi ilə qeydə alınmış nikah Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)-11681/2017 saylı qətnaməsi ilə pozulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)-11681/2017 saylı qətnaməsi ilə iddiaçı və cavabdehin birgə nikahdan olan övladları xx.xx.2010-cu il təvəllüldü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 iddiaçının yanında saxlanılmış və onların saxlanılması üçün 272 manat aliment ödənilməsi qət edilmişdir. Tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu üçün tələbə riayət edilmiş, lakin barışıq əldə olunmamışdır. Hazırda 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edildiyi üçün aliment məbləğinin artırılması zəruridir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdehlə evli olduğu zamanlar cavabdeh satıcı işləmiş, lakin sonra fəhlə kimi işləməyə başlamışdır. Evli olduqları dövrdə uşaqların xərclərinin yarısını cavabdeh, yarısını isə özü və cavabdehin anası qarşılamışdır. Cavabdehin hazırda 12000 manat məbləğində aliment borcu var. O, əvvəlcə bu borcu ödəmək üçün evi satmaq istəmiş, lakin sonradan satmaq fikrindən daşınmışdır. Hesab edir ki, uşaqların saxlanılması üçün 300 manat aliment çox azdır və cavabdehdən ən azından 350 manat aliment tutulmalıdır. Onsuz da bilir ki, cavabdeh alimenti ödəməyəcək. Lakin aliment borcu yığıldığına görə o, həmin borcu cavabdehdən tələb edəcəkdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, satıcı işlədiyi zaman aylıq qazancı 800 – 1000 manat təşkil etmişdir. Lakin sonra mağaza bağlanmış və işdən çıxmışdır. Hazırda fəhlə işləyir və gündəlik 15-30 manat arası qazancı olur. Hətta keçən həftə təzə təmir edilmiş evi yığışdırmaq üçün saat 8-dən 12-dək işləmiş və 35 manat qazanmışdır. Öz evini isə aliment borcunu ödəmək üçün satmaq istəmiş, lakin alınmamışdır. Hazırda işləmədiyi üçün maksimum 300 manat aliment ödəyə bilər. Gələcəkdə əgər iş tapa bilsə, alimenti ödəyəcəkdir. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi.

İş materialları.

5. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 650710 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X4 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2010-cu il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 2678 nömrə ilə qeyd edilmişdir.

6. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 677453 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X5 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 2682 nömrə ilə qeyd edilmişdir.

7. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 287738 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və X1 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 70 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra qadına Gülməmbətova soyadı verilmişdir.

İşin faktiki halları.

8. İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)-11681/2017 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 ananın yanında qalması və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 136 manat olmaqla, cəmi 272 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh tutulan aliment miqdarının artırılmasını və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etmiş, cavabdeh isə iddianı qismən qəbul edərək uşaqların saxlanılması üçün cəmi 300 manat sabit pul məbləğində aliment ödəyə biləcəyini bildirmişdir.

Tətbiq edilən hüquq.

9. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

10. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

11. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

12. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.

Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

13. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı:

8.7. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

14. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilsin.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

16. İşin faktiki hallarından göründüyü kimi tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlar hazırda iddiaçının yanında qalırlar. Bu baxımdan məhkəmə hesab edir ki, uşaqları yanında saxlayan, onların saxlanılmaları ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşaqların saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur.

17. Digər tərəfdən, nəzərə alınmalıdır ki, cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ (193 manat) tərəflərin birgə nikahından doğulmuş uşaqlara da şamil edilməlidir. Bununla belə uşaqların saxlanılmaları üçün müəyyən edilmiş minimum istehlak səbətinin təmin edilməsinin yalnız valideynlərdən birinin, yəni atanın üzərinə qoyulması nəticəsinə gəlmək ədalətli hesab edilə bilməz.

18. Həmçinin, məhkəmə iclasında iştirak edən iddiaçı da mübahisələndirmədən qəbul etmişdir ki, cavabdeh fəhlə işləyir və məhkəmə qətnaməsi ilə ondan tutulan alimenti lazımınca ödəmədiyindən xeyli miqdarda borcu yığılmışdır. Məhkəmə hesab edir ki, alimentin miqdarı müəyyən edilərkən cavabdehin maddi vəziyyəti də nəzərə alınmalıdır.

19. Bütün yuxarıda qeyd edilən halları nəzərə alan və uşaqların maraqlarını üstün tutan məhkəmə hesab edir ki, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına və uşaqların üstün maraqlarına uyğundur.

20. Son olaraq, məhkəmə onu da qeyd edir ki, miqdarı artırılmış alimentin tutulmasına bu qətnamə qanuni qüvvəsini aldıqdan sonra başlanmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

21. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)-11681/2017 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa 160 (yüz altmış) manat olmaqla, hər ay 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-4367/2022 saylı qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

22. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)-11681/2017 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-4367/2022 saylı qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq, cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar