Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4378/2023 30.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağcabədi Rayon Məhkəməsinin 20 avqust 2018-ci il tarixli, 2(017)- 1143/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, Cavabdeh 28 mart 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh etirazla məhkəməyə müraciət edərək, İddiaçı "alimentin artırılması" tələbinə dair iddiasının rədd edilməsi və bir uşağın saxlanması üçün onun 345 manat əmək haqqısının dörddə bir hissəsinin aliment qismində iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
3. O, cavabdehlə 07 aprel 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur və bu nikahdan 28 mart 2015-ci il təvəllüdlü X8 adlı 1 uşaqları anadan olmuşdur. Ağcabədi Rayon Məhkəməsinin qətnaməsi ilə aralarında olan nikah pozulmuş və həmin qətnamə ilə uşağın saxlanması üçün aliment tutulması qət edilmişdir. Hazırda 100 manat aliment uşağın tələbatlarının ödənilməsi üçün yetərli deyildir. Uşağın saxlanması üçün aylıq 400 manatdan çox xərc tələb edilir. Cavabdeh müəyyən edilmiş alimentdən başqa uşağın saxlanması üçün hec bir vəsait ödəmir.
Tərəflərin izahatları
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cavabdeh iddia tələbinə etirazını məhkəməyə yazılı formada bildirərək, tələbə etiraz etdiyini, alimentin onun qazancının ¼ hissəsi miqdarında tutulmasını xahiş etmişdir.
5. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, uşağını tək başına böyütməkdə maddi çətinlik çəkir. İş materialları
6. AZ-İİİ seriyalı, 539487 nömrəli “doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2015-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X4r.
7. AZ-İV seriyalı, 262739 nömrəli “doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. X1, anası X2r.
8. Ağcabədi Rayon Məhkəməsinin 20 avqust 2018-ci il tarixli, 2(017)-1143/2018 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, 28 mart 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan aliment miqdarı dəyişdirilərək Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
9. 4 saylı Bakı ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 05Q-355/12 nömrəli sənədindən görünür ki, Cavabdeh ilə X7 arasında olan nikaha xitam verilmişdir. Nikah pozulduqdan sonra kişiyə Mehdiyev, qadına Hüseynova soyadı verilmişdir.
10. xx.xx.2023-cü il çap tarixli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, Cavabdeh LKOİL YDM-də operator vəzifəsində işləyir və aylıq əmək haqqısı 345 manat təşkil edir.
İşin faktiki halları
11. Tərəflər arasında rəsmi nikahın olması, nikah münasibətlərindən bir uşaqlarının doğulması, məhkəmə qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, 28 mart 2015-ci il təvəllüdlü X3 anasının yanında qalması və hər ay onun saxlanması üçün cavabdehdən 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsinə dair hallar işin faktiki hallarını təşkil edir. Tərəflər arasında mübahisə obyektini tələb edilən alimentin məbləği təşkil edir. İddiaçı tərəf hesab edir ki, cavabdehdən yetkinlik yaşına çatmayan övladının saxlanılmasına görə tutulan alimentin miqdarı artırılmalıdır. İddiaçı bu tələbində ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu qiymətlərinə əsaslanır. Cavabdehin etirazı isə ondan ibarətdir ki, onun hazırki əmək haqqısı 345 manat təşkil edir. Eyni zamanda, qeyd edir ki, hazırda başqa bir qadınla faktiki ailə münasibətindədir və bu münasibətdən bir övladı da vardır. Qeyd olunan miqdarda aliment tutulması onun ikinci övladının da tələbatlarının qarşılanmasında çətinlik törədəcəkdir. Cavabdeh xahiş edir ki, aliment məbləği onun əmək haqqısının ¼ hissəsi miqdarında tutulsun.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
13. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
14. Uşaq Hüquqları haqqında Qanun
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
15. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə
6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Maddə 234.1. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
17. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
Məhkəmənin mövqeyi
18. Məhkəmə iddiaçını dinləyib, cavabdehin etirazını nəzərdən keçirib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
19. Məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilən aliment miqdarı hazırkı dönəm üçün yetkinlik yaşına çatmayanın mənafelərinə uyğun deyildir. Çünki, məhkəmə qətnaməsi ilə aliment təyin edildiyi vaxtdan keçən dövr ərzində yaşayış şərtləri dəyişmiş, qiymətlər inflyasiyaya məruz qalmışdır. Bu hal şəraitin dəyişməsi kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan Cavabdeh anası – iddiaçının himayəsindədir və xx.xx.2018-ci il tarixli qətnamə ilə alimentin təyin edilməsindən hazırkı vaxta qədər keçən dövr ərzində şəraitin dəyişməsi ilk növbədə iddiaçının maddi vəziyyətinə təsir etmiş olur. Ona görə də, məhkəmə hesab edir ki, aliment məbləği artırılmalıdır. Bu xüsusda məhkəmə cavabdehin etirazına münasibətdə qeyd edir ki, cavabdeh aylıq 345 manat əmək haqqısından ¼ hissədə aliment təyin edilməsini xahiş etsə də, lakin qeyd olunan formada aliment (təqribən 86.25 manat) hətta əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarından da aşağı hədd olduğundan etirazı əsaslı hesab etmək olmaz. Belə ki, alimentlə bağlı tələblərə baxılan zaman məhkəmə uşağın əvvəlki təminat səviyyəsinin maksimum yüksək saxlanılmasına xüsusi diqqət yetirməlidir. Təyin ediləcək alimentin məbləğinə gəldikdə isə, iddia tələbində iddiaçı övladı 28 mart 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 220 manat məbləğində aliment tutulmasını xahiş etsə də, lakin cavabdehin qeyd olunan məbləğdə aliment ödəmək üçün kifayət qədər maddi imkana malik olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Ailə Məcəlləsinin 112-ci maddəsinin tələbi baxımından belə sübutu təqdim etmək iddiaçının üzərinə düşür. İş materiallarından görünür ki, məhkəmə qətnaməsi əsasında cavabdehdən hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə onu da qeyd edir ki, tərəflərin izahatı və iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh hazırda başqa bir qadınla faktiki ailə münasibətindədir və bu münasibətdən Zeynəb adlı 1 övladları vardır. Lakin bununla belə məhkəmə qeyd edir ki, cavabdehin faktiki ailə münasibətində olması və bu münasibətdən övladının olması halı onu əvvəlki rəsmi nikahdan doğulmuş övladının saxlanması üçün aliment ödəmək öhdəliyindən azad etmir və eyni zamanda müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi imkanını da istisna etmir. Bu baxımdan hazırki vəziyyətdə məhkəmə cavabdehin maddi və ailə vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq, yetinlik yaşına çatmayanın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə dair iddiaçının tələbi qismən təmin edilməli, məhkəmənin qərarına əsasən 28 mart 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 150 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir.
20. Alimentin artırılması barədə iddia tələbi üzrə qətnamənin icrası o, qanuni qüvvəyə mindiyi vaxtdan hesablanır.
Məhkəmə xərcləri
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, mediasiya xərci olaraq ödənilmiş 50 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
22. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Mehdı̇ yev Ayaz Vəkalət oğlundan xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Ağcabədi Rayon Məhkəməsinin 20 avqust 2018-ci il tarixli, 2(017)-1143/2018 saylı qətnaməsi ilə tutulan aliment miqdarı artırılaraq hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Hüseynova Əmı̇ nə Mahı̇ r qızına ödənilsin. Artırılmış aliment məbləği qətnamə qanuni qüvvə aldığı vaxtdan hesablansın. Mediasiya sessiyasında iştiraka görə ödənilmiş 50 manat dövlət rüsumu cavabdeh Mehdı̇ yev Ayaz Vəkalət oğlundan tutularaq iddiaçı Hüseynova Əmı̇ nə Mahı̇ r qızına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.