Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-439/2021 09.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinin və mənəvi zərərin tələb edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinin və mənəvi zərərin tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı Rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, ev-3, mənziİ-66 ünvanında yaşayan Cavabdeh ona olan 15.000 (on beş min) manat pul əsas vəsaitin, 25.000 (iyirmi beş min) manat vurduğu zərərin və 30 (otuz) manat dövlət rüsumunun, cəmi olaraq 40.030 (qırx min otuz) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, uzun illər bundan əvvəl yaxın dostu və həmkarı X4 vasitəsi ilə tanış olduğu, Azərbaycan Texniki Universitetinin fizika kafedrasında baş müəllim vəzifəsində işləyən Cavabdeh ilə tanışlıq dövründə həmişə özünün yüksək vəzifə sahibləri ilə oturub-durduğunu, istənilən məsələni həll etmək gücündə olduğunu önə çəkər, az qala özü haqqında qüdrətli imic formalaşdırardı. Hətta vaxtilə Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin sədri, Prezident Səlahiyyətlərini icra edən X6 ilə yaxın qohum olduğunu da söyləyirdi. Cavabdehla növbəti görüşlərin birində, belə söhbət edərkən yaxın dost və qohumu olan mərhum X2 Azərbaycan Tibb Universitetində təhsil alan qohumunun probleminin olduğunu, həll etməsini xahiş etmiş və Cavabdeh ona bu məsələni dəqiqləşdirəcəyinə, tez bir zamanda həll edəcəyinə dair söz verdi. Bu söhbətdən bir neçə gün keçəndən sonra Cavabdeh onun mobil telefonuna zəng vuraraq görüşmək lazım olduğunu bildirmişdir. Cavabdehlə razılaşdıqları yerdə görüşdükdən sonra ona Nazirlər Kabinetinin Elm və Təhsil Şöbəsinin müdiri İsmayıl Sadıxovla və Yaqub Məmmədovla danışdığını bildirmişdir. Mərhum dostu və qohumu olan Şahraz İbrahimovun ATU-da təhsil alan qohumunun probleminin həlli üçün əvvəlcədən 20.000 manat pul, problemin həllindən sonra isə 50.000 manat pul verilməlidir. O, öz növbəsində Cavabdeh bir neçə gün fikirləşməyə, məsləhətləşməyə vaxt istəmiş, sonradan cavabdehə zəng vuraraq razılaşdığını bildirmişdir. Ertəsi gün, yəni xx.xx.2016-cı il tarixində saat 11-12 radələrində Bakı şəhəri, Azadlıq prospektində yerləşən “Dostluq” Kinoteatrın yanında Cavabdeh ilə görüşmüş və cavabdehə ATU-dakı problemi həll etmək üçün 20.000 manat pul vermiş və problem həll ediləndən sonra isə 50.000 manat pul verəcəyimi bildirmişdir. Cavabdeh ondan iş düzəltmək üçün aldığı pula dair qəbz yazıb, imzalayıb ona vermişdir. Hətta iş düzələndən sonra alacağı pula dair də qəbz yazıb imzalamaqdan çəkinməmişdir. Sonradan Cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməyəndə, işi həll etməyəndə, aldığı pulu qaytarmayanda anlamışdır ki, cavabdeh etibarından sui-istifadə edərək küllimiqdarda pulunu ələ keçirərək mənimsəmişdir. Bundan sonra Cavabdeh ondan qaçıb gizlənməyə, telefon zənglərinə cavab verməməyə başlamışdır. Hətta mobil telefon nömrələrini də dəyişərək gizlənməyə qərar vermişdir. Mərhum yaxın dostu və qohumu X3 ilə əvvəlcə cavabdehin Füzuli adlı qardaşını tapıb kömək etməsini xahiş etmiş, daha sonra cavabdehin iş yerinə gedərək halal pulunu əldə etmək istəmiş, amma xeyiri olmamışdır. Bundan sonra 2018-ci ilin oktyabr ayında Cavabdeh pulunu almaq və onun barəsində ciddi qanuni ölçü götürülməsi məqsədilə AR DİN Baş X1 İdarəsinə rəsmi surətdə şikayət ərizəsi göndərmişdir. Araşdırma zamanı Cavabdeh ona 5.000 manat pul qaytarmış və qalan pulu, yəni 15.000 manat pulu isə tezliklə qaytaracağına dair söz versə də bu günə kimi qaytarmamışdır. Cavabdeh artıq 5 ilə yaxındır ki, onun 15.000 manat pulunu özündə saxlayıb şəxsi məqsədləri üçün istifadə edərək gəlir əldə etmişdir və ona xeyli-miqdarda maddi və mənəvi zərər vurmuşdur. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək ərizə təqdim etdi və bildirdi ki, İddiaçı ona qarşı “borcun ödənilməsi” tələbinə dair olan iddianı qismən etiraf edir. Belə ki, o, İddiaçı ilə razılaşdıqları kimi 15.000 (on beş min) manat məbləğində pulun ödənilməsinə razıdır. Lakin iddiaçının ondan mənəvi ziyan kimi tələb etdiyi məbləğlə razı deyil. Bu səbəbdən də iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli əlyazmadan görünür ki, Cavabdeh İddiaçı 20.000 manat iş üçün aldığını etraf etmişdir. xx.xx.2016-cı il tarixli digər əlyazmadan görünür ki, Cavabdeh İddiaçı 20.000 manat iş üçün aldığını və iş tamamlananda 50.000 manat alacağını bildirmişdir. xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq göndərilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin məktubundan görünür ki, yaranmış mübahisə mülki xarakterli olduğu üçün İddiaçı mülki iddia qaydasında məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü 15.000 manat borcun tutulması tələbi üzrə iddia cavabdeh tərəfindən etiraf edildiyindən, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, əksinə iddiaçının maraqlarına uyğundur, cavabdehin iddianı həmin hissədə etiraf etməsi qəbul olunmalı və iddia həmin hissədə təmin edilməlidir. İddia tələbinin 25.000 manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini sübut edə bilməmişdir. Belə ki, iddiaçı mənəvi zərərə görə cavabdehdən pul tələb edərkən bunu mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqələndirsə də, konkret hallar və onları təsdiq edən sübutlar əsasında təmin etməmiş, həmin halların adlarını çəkməklə, yəni qanunda mənəvi zərərin ödənilməsi əsasları kimi göstərilən formulələri təkrar etməklə kifayətlənmişdir. Halbuki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan sübutetmə yükü prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçının təqdim etdiyi iddia tələbinin bu hissəsini dəstəkləyən sübutlar isə yalnız iddiaçının özünün izahatıdır. Bununla bağlı məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin 25.000 manat məbləğində mənəvi zərərin ödənilməsinə dair hissəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 15000 (on beş min) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-439/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-439/2021
09.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver