Məhkəmə qərarları › İş №2(010)-4409/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(010)-4409/2020

01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4409/2020 01.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Mizəyev Şöhrət Xanlar oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Mizəyev Şöhrət Xanlar oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Mizəyev Şöhrət Xanlar oğlundan 450 (dörd yüz əlli) manat, məhkəmədə iddia qaldırmağı üçün dövlət rüsumu qismində ödədiyi 30 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Mizəyev Şöhrət Xanlar oğlundan 420 (dörd yüz iyirmi) manat, məhkəmədə iddia qaldırmağı üçün dövlət rüsumu qismində ödədiyi 20 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Mizəyev Şöhrət Xanlar oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, 2019-cu ilin oktyabr ayında Kontakt Home mağazasından Samsung Galaxy A 50 DS (SM-A505) telefonunu aylıq kreditə götürmüş, aylıq 70 manat ümumilikdə isə 861 manat dəyərində pulu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Sonradan ona məlum olmuşdur ki, oğlu telefonu 2 ay işlətdikdən sonra öz tanışı olan Cavabdeh 750 manata satmış və hər ay telefonun kredit borcunu ödəməyə razılaşmışdır. Cavabdeh oğluna ilkin ödəniş kimi 50 manat vermiş və qalıq kimi 700 manat qalmışdır. Lakin cavabdeh telefonu aldıqdan sonra hər ay ödənilməsi lazım olan kredit borcunu ödəməkdən boyun qaçırmışdır. Belə ki, cavabdeh telefonun pulundan 2 ay, hər dəfə 70 manat olmaqla cəmi 140 manat ödəniş etmiş və daha sonra heç bir ödəniş etməmişdir. Sonradan bacısına bu barədə dedikdə bacısı cavabdehə zəng edib borcunu ödəməsini bildirmiş və cavabdehlə görüşərək ondan 140 manat məbləğində pulu almışdır. Artıq o, uzun müddətdir ki, borcunun geri qalan 420 manatını geri ala bilmir. O, cavabdehə zəng edib borcu ödəməsini bildirdikdə, cavabdeh imkanı olanda borcunu ödəyəcəyini bildirmişdir. Artıq telefonun pulu tərəfindən mağazaya tam ödənilmiş və mağazaya borcu qalmamışdır. Bu məsələ ilə bağlı müvafiq qurumlara müraciət etsə də, heç bir nəticə əldə edə bilməmişdir. Bu səbəblə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilmiş X2 bildirdi ki, o, Zinyətin bacısıdır. Onun bacısıoğlu Rauf Cavabdeh telefon satmış və aralarında olan razılaşmaya görə Şöhrət telefonun pulunu mağazaya aybaay ödəməli idi. Lakin cavabdeh telefonun pulunu mağazaya ödəməmişdir. Ona görə də o, Şöhrətin telefon nömrəsini Raufdan almış və ona zəng edərək telefonun pulunu ödəməsini tələb etmişdir. Aralarından olan danışıqdan sonra cavabdeh ona telefonun iki aylıq pulunu yəni 140 manatını ödəmiş, qalanını isə ödəməyə imkanı olmadığını bildirmişdir. O, cavabdehlə axırıncı dəfə may-iyun aylarında danışmış və cavabdeh işdən çıxdığını, lakin telefonun pulunu tapıb ödəyəcəyini bildirmişdir. Hazırda cavabdeh telefonunu söndürüb və onunla əlaqə qurmaq mümkün deyil. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilmiş X3 bildirdi ki, o, İddiaçı qonşusudur. O, Cavabdeh əvvəlcədən tanıyırdı. Belə ki, Şöhrət maşın yuma məntəqəsində işləyirdi. Zinyət xanımın oğlu Rauf ona yaxınlaşaraq telefonunu Şöhrətə satacağını, ona görə də onunla birlikdə alqı-satqı prosesində iştirak etməsini xahiş etmiş və nəticədə o razılaşmışdır. Raufun telefonu neçəyə satdığını bilməsə də, ona məlum oldu ki, Rauf telefonu Şöhrətə satdıqda aralarında baş tutan razılığa əsasən Şöhrət telefonun kredit pulunu aybaay ödəməli idi. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilmiş X4 bildirdi ki, İddiaçı onun anasıdır. Cavabdeh əvvəlcədən tanımış və müəyyən əlaqələri olmuşdur. Belə ki, o, maşın yuma məntəqəsində işləyirdi və söhbət əsnasında ona çatdırma şirkətinə qoşulmaq istədiyini və ona görə də telefon lazım olduğunu bildirmişdir. Onun isə telefonun kreditini ödəməklə bağlı maddi cəhətdən problemi olduğu üçün telefonu qonşusu Namiqin də iştirakı ilə xx.xx.2020-ci il tarixdə Şöhrətə satmışdır. Namiq onun qonşusudur və telefonun satışı ilə əlaqəli hər hansı problem olmaması üçün onunla getmişdir. Cavabdeh əvvəlcə ona ilkin ödəniş olaraq 50 manat, sonradan 140 manat vermiş, axırıncı dəfə isə xalasına 140 manat vermiş, lakin daha sonra telefonun pulunu ödəməmişdir. Cavabdehin hazırda 420 manat borcu qalıb. Cavabdehlə əlaqə saxlamağa çalışsa da, bu mümkün olmamışdır. Belə ki, cavabdeh maşın yuma məntəqəsindəki işindən çıxmış və çatdırma şirkətində işləyir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını və şahid ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, İddiaçı Samsung Galaxy A50 DS (SM-A505) markalı telefona görə 12 ay müddətinə aylıq 70 manat olmaqla, 861 manat məbləğində pulu “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli sonuncu qəbzdən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli müqavilə üzrə 140 manat ödəniş etmiş və borcunu bağlamışdır. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq göndərilmiş Suraxanı rayon 31-ci polis bölməsinin məktubundan görünür ki, İddiaçı Şöhrət adlı şəxs barəsindəki ərizəsi əsasında materiallar toplanmış, lakin əməldə cinayət tərkibi olmadığından və mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı alqısatqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında ümumilikdə 420 manat məbləğində icra edilməmiş pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 444.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və üqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən ümumilikdə 420 manat məbləğində borcun tutulması barədə tələb əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İş materiallarından göründüyü kimi, cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə hazırkı işdə qiyabi qətnamə çıxarılmasını məqbul hesab edir. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.4cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 238-241-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh Mizəyev Şöhrət Xanlar oğlundan 420 (dörd yüz iyirmi) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul cavabdeh Mizəyev Şöhrət Xanlar oğlundan İddiaçı xeyrinə tutulsun. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar