Məhkəmə qərarları › İş №2(010)-4412/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4412/2021

23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4412/2021 23.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi ilə, İddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyətinin Xətai filialı ilə Cavabdeh arasında bağlanmış 30.09.2019-cu il tarixli RPF-00047-15/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 05.07.2021-ci il tarixinə ödənilməmiş 2475.97 manat əsas borc, 18,65 manat faiz borcu, ümumilikdə 2494,62 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyətinin Xətai filialı ilə Cavabdeh arasında 30.09.2019-cu il tarixli RPF-00047-15/19A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən Bank "BTB” ASC 2540 manat, 01 qəpik məbləğində krediti illik 1 faizlə 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə Cavabdeh mülkiyyətinə vermiş, cavabdeh isə həmin kreditdən iddiaçı ilə bağlanmış AK-015/14X saylı 16.01.2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti 30.09.2024-cü il tarixinədək faizi ilə birlikdə Bank "BTB” ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Bank "xxxx" ASC-nin Xətai filialı ilə Cavabdeh arasında “Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində 30.09.2019-cu il tarixli RPF-00047-15/19A saylı kredit müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlə arasında olan müqaviləyə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Səyalı Məmmədova məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan 30.09.2019-cu il tarixli RPF-00047-15/19A nömrəli Kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Bank "BTB” ASC tərəfindən Cavabdeh illik 1 faizlə 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətə 2540.44 manat məbləğində krediti cavabdehlə aralarında bağlanmış AK-015/14X saylı 16.01.2014 il tarixli kredit müqaviləsi üzrə qalıq borc məbləğinin ödənilməsi məqsədilə isitfadə etmək üçün vermişdir. İş materiallarına əlavə edilmiş 05.07.2021-ci il tarixli RİED 2021/3897 nömrəli maliyyə arayışından görünür ki, Cavabdehnın 30.09.2019-cu il tarixli RPF-00047-15/19A nömrəli kredit müqaviləsi üzrə 2475.97 manat əsas borc, 18,65 manat faiz borcu olmaqla, cəmi 2494,62 manat kredit borcu vardır. İş matariallarına əlavə edilmiş 07.05.2021-ci il tarixli, AZD-2021/0155 nömrəli bildirişdən görünür ki, Cavabdeh borc məbləğini qısa zamanda ödəməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 423-cü maddəsinin tələbinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İş materiallarından isə görünür ki, iddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə xəbərdarlıq göndərilmiş və müqaviləyə xitam veriləcəyi barədə məlumatlandırılmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi tam əsaslıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30 (otuz) manat 0,40 qəpik dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, iddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30.09.2019-cu il tarixli, RPF-00047-15/19A saylı kredit müqaviləsi ləğv edilməli,Cavabdeh 05.07.2021-ci il tarixinə kimi ödənilməmiş 2475.97 manat əsas, 18,65 manat faiz borcu olmaqla, ümumilikdə 2494,62 manat məbləğində kredit borcu və dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat məbləğində pul tutularaq iddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənil məlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30.09.2019-cu il tarixli, RPF-00047-15/19A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 30.09.2019-cu il tarixli, RPF-00047-15/19A saylı kredit müqaviləsi üzrə 05.07.2021-ci il tarixinə ödənilməmiş 2475.97 manat məbləğində əsas borc, 18.65 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2494.62 (iki min dörd yüz doxsab dörd manat 97 qəpik) manat məbləğində borcun və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidməti haqqı tutularaq iddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar