Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4415/2021 12.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı "güzəştli kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 01.08.2019-cu il tarixli Rest№ 009CASA192130002 saylı Güzəştli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3681.38 manat məbləğində əsas kredit borcunun, 19.1 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, cəmi 3700.48 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi. İddia tələbinin dəlilləri İddiaçı ASC ilə bağlanmış 01.08.2019-cu il tarixli Rest№ 009CASA192130002 saylı Güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh1 5 il müddətinə illik 1% dərəcəsi ilə, 1 il güzəşt müddəti olmaqla 3922.46 (üç min doqquz yüz iyirmi iki manat, qırx altı qəpik) manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər cavabdehlər Cavabdeh2 ilə 009FİZAM08889205 saylı 01.08.2019-cu il tarixli və Cavabdeh3 ilə 009FİZAM46449902 saylı 01.08.2019-cu il tarixli zaminlik müqavilələri bağlanmış və onlar, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Cavabdeh1 onunla bağlanmış Güzəştli kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcədə öhdəlik üzrə zaminləri Cavabdeh2 və Cavabdeh3 qızma dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Güzəştli kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 25.06.2021-ci il tarixə İddiaçı ASC-yə 3681.38 manat məbləğində əsas kredit borcu, 19.1 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 3700.48 manat məbləğində borcu qalmaqdadır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi Qəhrəman Qarayevin 11.10.2021-ci il tarixdə məhkəməyə poçt vasitəsi ilə ərizəsi daxil olmuş və o, həmin ərizəsində 20.09.2021-ci il tarixli məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxıb qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə qanunvericiliyin müvafiq normasını rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 01.08.2019-cu il tarixli Rest№ 009CASA192130002 saylı güzəştli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 «Bank Respublika” ASC-dən 5 il müddətinə illik 1% dərəcəsi ilə, 1 il güzəşt müddəti olmaqla 3922.46 (üç min doqquz yüz iyirmi iki manat, qırx altı qəpik) manat məbləğində kredit borcunun qaytarılmasını öz üzərinə götürmüşdür. 01.08.2019-cu il tarixli 009FİZAMO8889205 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borcalan Cavabdeh1 bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. 01.08.2019-cu il tarixli 009FİZAM46449902 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 borcalan Cavabdeh1 bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. 22.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçı banka 3681.38 manat məbləğində əsas, 19.1 manat məbləğində faiz borcu, cəmi 3700.48 manat məbləğində borcu vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1 Zaminlik müqaviləsinə görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2 Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 01.08.2019-cu il tarixli Rest№ 009CASA192130002 saylı güzəştli kredit müqaviləsi bağlanılmış və həmin müqavilə ilə Cavabdeh1 5 il müddətinə illik 1% dərəcəsi ilə, 1 il güzəşt müddəti olmaqla 3922.46 (üç min doqquz yüz iyirmi iki manat, qırx altı qəpik) manat məbləğində kredit borcunun qaytarılmasını öz üzərinə götürmüşdür. İş materiallarından müəyyən olunur ki, Cavabdeh1 iddiaçıya 3681.38 manat məbləğində əsas, 19.1 manat məbləğində faiz borcu, cəmi 3700.48 manat məbləğində borcu vardır. Tərəflər arasında kreditin ödənilməsi şərtləri razılaşdırılmasına baxmayaraq iddiaçı öz üzərinə düşən öhdəliyi vaxtında və qaydasında həyata keçirmiş, yəni kredit məbləğini cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada həyata keçirməmişdir. Müqavilənin şərtlərinə görə cavabdeh krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə iddiaçı müqaviləyə vaxtından əvvəl xitam vermək və qalan kredit məbləğini, faizi və bank tərəfindən hesablanmış başqa ödənişləri cavabdehdən tələb etmək hüququna malikdir. İddiaçı bankla digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında 01.08.2019cu il tarixində zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə görə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 digər Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün iddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehlərə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da onlar müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır və o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı hazırki iddia tələbi üzrə borc məbləğinin hər üç iddiaçıdan müştərək qaydada tutulması tələbində haqlıdır. Belə ki, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə iddiaçı arasında zaminlik müqaviləsi mövcud olduğundan və müqavilə hazırda qüvvədə olduğundan həmin cavabdehlər iddiaçı qarşısında digər Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımalıdırlar. İddia tələbinin “müqavilənin ləğv edilməsi” hissəsinə münasibətdə məhkəmə müəyyən edir ki, iddiaçı ilə Cavabdeh1 01.08.2019-cu il tarixli Rest№ 009CASA192130002 saylı güzəştli kredit müqaviləsi 5 il müddətinə bağlanılmış və tərəflər arasında müqavilənin ləğvinə dair razılaşma olmamışdır. Sözügedən müqavilə hazırda qüvvədə olduğundan həmin müqavilə ləğv edilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 ilə "Bank Respublika” ASC arasında bağlanmış 01.08.2019-cu il tarixli Rest№ 009CASA192130002 saylı güzəştli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3681.38 (üç min altı yüz səksən bir manat otuz səkkiz qəpik) manat məbləğində əsas borc, 19.1 (on doqquz manat on qəpik) manat məbləğində faiz borcu olmaqla cəmi 3700.48 (üç min yeddi yüz manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 (otuz) manat məbləğdə pul vəsaiti cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 ilə "Bank Respublika” ASC arasında bağlanmış 01.08.2019-cu il tarixli Rest№ 009CASA192130002 saylı güzəştli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3681.38 (üç min altı yüz səksən bir manat otuz səkkiz qəpik) manat məbləğində əsas borc, 19.1 (on doqquz manat on qəpik) manat məbləğində faiz borcu olmaqla cəmi 3700.48 (üç min yeddi yüz manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı "Bank Respublika” ASC xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-4415/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4415/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver