Məhkəmə qərarları › İş №2(010)-4439/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4439/2021

13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4439/2021 13.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı "xxxx" Kommersiya ASC-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki işə 13 avqust 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borc tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 3158,60 (üç min bir yüz əlli səkkiz manat altmış qəpik) əsas, 734,38 (yeddi yüz otuz dörd manat otuz səkkiz qəpik) manat faiz, 55,16 (əlli beş manat on altı qəpik) manat cərimə, cəmi 3948,14 (üç min doqquz yüz qırx səkkiz manat on dörd qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" KB ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 04.06.2020-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 28% ödəmək şərti ilə 3500 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 05.07.2021-ci il tarixinə "xxxx" KB ASC-yə 3158,60 (üç min bir yüz əlli səkkiz manat altmış qəpik) əsas, 734,38 (yeddi yüz otuz dörd manat otuz səkkiz qəpik) manat faiz, 55,16 (əlli beş manat on altı qəpik) manat cərimə, cəmi 3948,14 (üç min doqquz yüz qırx səkkiz manat on dörd qəpik) manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Odur ki, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 3158,60 (üç min bir yüz əlli səkkiz manat altmış qəpik) əsas, 734,38 (yeddi yüz otuz dörd manat otuz səkkiz qəpik) manat faiz, 55,16 (əlli beş manat on altı qəpik) manat cərimə, cəmi 3948,14 (üç min doqquz yüz qırx səkkiz manat on dörd qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında vaxtı-vaxtında ödənişlər etdiyini, lakin müharibə əməliyyatlarında iştirak etdiyi üçün ödəyə bilmədiyini və iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə iddianın təmin edilməsinə dair iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Mülki iş materiallarında olan: - 04.06.2020-ci il tarixli № 2330nkSTB2/20 saylı kredit və Bank hesabı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh "xxxx" KB ASC -dən illik 28 % ödəmək şərti ilə 24 ay müddətinə götürdüyü 3500 AZN məbləğində krediti faizlərlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. - 05 iyul 2021-cı il tarixli UB-BANK/PİKMD/968695 saylı maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə 3158,60 (üç min bir yüz əlli səkkiz manat altmış qəpik) əsas, 734,38 (yeddi yüz otuz dörd manat otuz səkkiz qəpik) manat faiz, 55,16 (əlli beş manat on altı qəpik) manat cərimə, cəmi 3948,14 (üç min doqquz yüz qırx səkkiz manat on dörd qəpik) manat məbləğində borcu vardır. - 04.06.2021-ci il tarixli ünvan 1 ünvanında yaşayan borclu Cavabdeh göndərilmiş bildirişdən görünür ki, "xxxx" KB ASC ilə aralarında bağlanmış 04.06.2020-ci il tarixli № 2330nkSTB2/20 saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün banka 04 iyun 2021-ci il tarixinə 3158,60 AZN əsas, 662,84 AZN faiz, 43,96 AZN cərimə, cəmi 3865,40 AZN borcunun olması bildirilmişdir. Borcun ödənilməməsi təqdirində məhkəməyə müracət ediləcəkdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasımülki hüquq qanunvericiliyinin müddəlaları baxımından "xxxx" KB ASC ilə cavabdeh arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunun qaytarılması ilə bağlı tələbləri də məhz qanunverici tərəfindən müqavilədən əmələn gələn öhləliklər üçün nəzərdə tutulmuş hüquq normalarının çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İşin faktiki hallarından görünür ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 04.06.2020-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 28% ödəmək şərti ilə 3500 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə dəbbə pulunun ödənilməsi nəzərdə tutulmaqla, 55,16 manat hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, əsas fəaliyyət istiqaməti şəxslərə kreditlərin verilməsindən ibarət olan bank fəaliyyətinin gəliri qeyd olunan kreditlərin təqdim edilməsi nəticəsində əldə olunan faizlərdən ibarətdir. Öhdəliyin icrasının pozulması hallarına görə nəzərdə tutulan cərimə (dəbbə pulu) bank fəaliyyətinin gəlir mənbəyi olmamaqla, ancaq öhdəliyin icrasının pozulmasına görə nəzərdə tutulmuş maliyyə sanksiyasıdır və onun məbləği tənasübsüz qaydada yüksək ola bilməz. Əks halda bu kredit münasibətlərinin mahiyyətinin özünə zidd olardı. Bu səbəbdən, məhkəmə iddiaçı tərəfindən cavabdehin əsas və faiz kredit borcuna tənasübsüz olaraq hesablanmış 55,16 manat məbləğində dəbbə pulunun məbləğini azaldaraq, 2 manat məbləğində müəyyən edir. Məhkəmə bu nəticəyə gələrkən aşağıdakıları da nəzərə almışdır. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. "AR Mülki Məcəlləsinin bəzi müddəalarının şərh olunmasına dair" AR Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, "MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərın (bundan sonra – «maliyyə sanksiyası») hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Bununla bağlı nəzərə alınmalıdır ki, banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Yuxarıda göstərilən prinsipi hazırkı işə tətbiqi baxımından oxşar məsələlərin həlli zamanı bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 3158,60 (üç min bir yüz əlli səkkiz manat altmış qəpik) əsas, 734,38 (yeddi yüz otuz dörd manat otuz səkkiz qəpik) manat faiz, 2 (iki) manat cərimə, cəmi 3894,98 (üç min səkkiz yüz doxsan dörd manat doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh 3158,60 (üç min bir yüz əlli səkkiz manat altmış qəpik) əsas, 734,38 (yeddi yüz otuz dörd manat otuz səkkiz qəpik) manat faiz, 2 (iki) manat cərimə, cəmi 3894,98 (üç min səkkiz yüz doxsan dörd manat doxsan səkkiz qəpik) manat tutularaq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 (otuz) manat məbləğində Cavabdeh tutularaq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar