Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-444/2021 10.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Samsung” markalı LED televizor, PLAYSTATİON-4 SONY üçün 1935 manat ödənilməmiş hissə, 310 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2.275 manat məbləğində borcun Cavabdeh alınaraq iddiaçı “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, kreditor «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə borclu Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən “Samsung” markalı LED televizor və “Playstation-4 Sony” əldə etmişdir. Həmin müqavilənin şərtlərinə əsasən borclu alqı-satqı qiyməti 2397 manat təşkil edən pulu 18 ay ərzində hər ay 129 manat ödəməyi üzərinə götürsə də, hazıra kimi müqavilə üzrə cəmi 462 manat ödəniş aparmışdır. Həmin müqavilənin tərkib hissəsi olan Ödəniş Cədvəlinin 2-ci bəndinə əsasən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəməli olduğuna görə əsas borca 310 manat dəbbə pulu hesablanmışdır. Bu günədək borcluya edilən müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtlərini pozaraq qeyd olunan borcun ödənilməsini təmin etməmişdir. Belə olduğu halda iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, iddia tələbi qanuni və əsaslıdır. Ona görə də, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri göndərilmiş, lakin məhkəmə bildirişləri geri qaytarıldığından məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq İcra Hakimiyyəti orqanı – Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının Əmircan qəsəbəsi üzrə nümayəndəliyinə məhkəmə bildirişlərini göndərmiş və aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişlərini aldıqdan sonra Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 2397 manat olan olan “Samsung” LED markalı televizor və PLAY STATİON-4 ilkin ödəniş 75 manat, hər ay 129 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC-i tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəldən görünür ki, “alıcı” Cavabdehnun xx xxxxxxxx 2019-cu il tarixli Alğı-satqı müqaviləsi üzrə 1.935 manat ödənilməmiş əsas məbləğ və 310 manat dəbbə pulu olmaqla – cəmi 2.245 manat məbləğində borcu vardır. Alıcı əsas borcundan 462 manat məbləğində pul ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuş hallar ondan ibarətdir ki, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən satıcı “xxxx” MMC tərəfindən alıcı Cavabdeh cəmi dəyəri 2397 manat olan “Samsung” markalı LED televizor və “Playstation- 4 Sony” markalı əşyalara görə 18 ay müddətində hər ay 129 manat ödənilməsini üzərinə götürmüş olsa da, öhdəliyini lazımınca icra etməmiş və nəticədə alıcı tərəfindən əsas məbləğ üzrə 1935 manat məbləğində pul vəsaiti ödənilməmişdir. Müqavilənin şərtlərinə əsasən alıcının əsas borcuna 310 manat dəbbə borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən lqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1.-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2.-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Sadalanan xüsusatlara qanunvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, Cavabdeh nisyə alqı-satqı müqaviləsi ilə müəyyənləişdirilmiş müddət ərzində üzərinə götürmüş öhdəliyini icra etməyərək aldığı əşyanın əvəzini ödəmədiyindən iddiaçının vurulmuş zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir.. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın cavabdehdən 310 manat məbləğində dəbbə pulunun tutulması tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla dəbbə pulu məbləği azaldılaraq, cavabdehdən xx xxxxxxxx 2019-cu il tarixli Alğı-satqı müqaviləsi üzrə 10 manat məbləğində dəbbə pulu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bununla belə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə dəbbə borcunu 10 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, xx xxxxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 1.935 manat məbləğində ödənilməmiş dəyəri və 10 manat məbləğində dəbbə pulu olmaqla - cəmi 1.945 manat məbləğində pul vəsaiti “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh 1935 (min doqquz yüz otuz beş) manat məbləğində borc, 10 (on) manat məbləğində dəbbə pulu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1.975 ( min doqquz yüz yetmiş beş) manat məbləğində pul vəsaiti iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-444/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-444/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver