Məhkəmə qərarları › İş №2(010)-4445/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4445/2023

13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4445/2023 13.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4907,5 manat əsas, 1540,76 manat faiz, 123,37 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 6571,63 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 85,72 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. İddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ərizəsi və onun ayrılmaz tərkib hissəsi olan X3nə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27% ödəmək şərtilə 5000 manat məbləğində kredit xətti açılmışdır. X2 5.7.15-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış X3nə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.

Tərəflərin izahatları

3. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, bankdan 5000 manat kredit vəsaiti götürmüş və başqa bir şəxsə vermişdir. Həmin şəxs krediti ödəyəcəyini bildirsə də, lakin bir-iki ay ödəniş etdikdən sonra ödənişləri dayandırmışdır. Dəfələrlə həmin şəxsə xəbərdarlıq etməsinə baxmayaraq, həmin şəxs borcu ödəməkdən boyun qaçırır. Qeyd edir ki, imkan yaradılarsa hazırki borc məbləğini yalnız aylıq hissəvi ödənişlərlə ödəyə bilər. İş materialları

5. xx.xx.2021-ci il tarixli nömrəli X1 görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh sms bildirişdə göstərilən qaydada - illik 27 faizlə 36 ay müddətə istifadə etmək üçün 5000 manat kredit xəttinin açılması təklif edilmişdir.

6. Cavabdeh xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli nömrəli X3 ilə tanış olduğunu və müqavilə üzrə bütün şərtlərlə razı olduğunu, eyni zamanda öhdəliklərini vaxtında yerinə yetirəcəyini bildirmişdir.

7. İş materiallarında olan sms bildirişdən görünür ki, müqavilədə nəzərdə tutulmuş məbləğ Cavabdeh hesabına köçürülmüşdür.

8. xx.xx.2022-ci il tarixli hesabdan Çıxarışdan görünür ki, Cavabdeh ona təqdim edilmiş krediti tam şəkildə istifadə etmişdir.

9. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 4907.5 manat əsas, 1540.76 manat faiz, 123.37 manat cərimə və 0 manat komisyon haqqı olmaqla cəmi 6571.63 manat kredit borcu vardır.

10. İş matariallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borc məbləğini 3 iş günü ərzində ödəməsi barədə xəbərdarlıq edilmişdir.

İşin faktiki halları

11. Tərəflər arasında kredit xətti müqaviləsinin bağlanması, həmin kredit xətti üzrə qeyd edilən məbləğin cavabdehə təklif edilməsi və cavabdehin həmin məbləği qəbul etməsi işin hallarını təşkil edir. İşə əlavə edilmiş maliyyə sənədlərindən görünür ki, cavabdeh həmin məbləği istifadə etmişdir. Hazırda iddiaçı cavabdehin öz öhdəliyini lazımi qaydada yerinə yetirmədiyini bildirərək yaranmış borc məbləğinin qaytarılmasını tələb edir. Cavabdeh isə iddia tələbinə etiraz etmir, lakin həmin kredit vəsaitini özü üçün yox, digər şəxsə təqdim etmək üçün bankdan götürdüyünü və həmin şəxsin hazırda ödəniş etmədiyini bildirir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

Məhkəmənin mövqeyi

13. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

14. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə illik 27 faiz dərəcəsi olmaqla, 36 ay müddətində 5000 manat kredit xətti açmışdır. Həmin kredit xətti üzrə cavabdehə qeyd edilən məbləğdə kredit məbləği verilmişdir. İşdən görünür ki, həmin məbləğ cavabdeh tərəfindən istifadə edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddia tələbinin əsaslılığını aradan qaldıracaq hər hansı sübut təqdim edilməmişdir. İddiaçı kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməsinə baxmayaraq, cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı hazırki idda tələbini irəli sürməkdə haqlı olmuşdur.

Məhkəmə xərcləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

16. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 85.72 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

17. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 4907.5 manat əsas borc, 1540.76 manat faiz borcu, 123.37 manat cərimə borcu və 0 manat komisyon haqqı olmaqla cəmi 6571.63 (altı min beş yüz yetmiş bir manat altmış üç qəpik) manat və iş üzrə ödənilmiş 85.72 manat dövlət rüsumu tutularaq ödənilməlidir.

18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 4907.5 manat əsas borc, 1540.76 manat faiz borcu, 123.37 manat cərimə borcu və 0 manat komisyon haqqı olmaqla cəmi 6571.63 (altı min beş yüz yetmiş bir manat altmış üç qəpik) manat və iş üzrə ödənilmiş 85.72 manat dövlət rüsumu tutularaq ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar