Məhkəmə qərarları › İş №2(010)-4454/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4454/2024

19.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4454/2024 19.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh3 və nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh3 qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlərdən maddi zərər qismində 95000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 375 manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum X5 onun yaxın qohumu olmaqla, mərhumun icarəyə götürüb işlətdiyi “Hanqarden” restoranında işləmişdir. Onların iş birliyi olduğundan mərhum Pərvizə pul lazım olanda ona borca pul vermiş və vaxtında da qaytarmışdır. Sonuncu dəfə mərhum Pərviz ondan 2018-ci ildə 100000 manat borca pul istəmiş və o da, Pərvizə 95000 manat məbləğində pul vermişdir. Həmin pulu “İçərişəhər”də yerləşən və işlətdiyi “Hanqarden” restoranında Pərvizə vermişdir. Pulu verərkən orada mərhum Pərviz, atası Tofiq və həmin restoranda təmir işləri ilə məşğul olan X4 olmuşdur. Mərhum Pərviz 2020-ci ildə qəfildən pandemiya dövründə rəhmətə getmişdir. İş üzrə cavabdehlər mərhumun valideynləri və həyat yoldaşıdır. Bildiyinə görə, cavabdehlər vərəsəlik haqqında şəhadətnamə də almışlar. Bundan sonra, o, cavabdehlərin yanına getmiş və pulunu mərhumun vərəsələri olan ata-anası və həyat yoldaşından tələb etmişdir. Hər dəfə pulu cavabdehlərdən istəyəndə verəcəklərini bildirsələr də, bu günə qədər pul qaytarılmamışdır. Heç bir məbləğ ona ödənilməmişdir. O, məcbur olub Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə müraciət etmiş, xx.xx.2024-cü il tarixli qərara əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cavabdehlərdən pulunu tələb edəndə isə hər dəfə bir bəhanə gətirilərək pulu ödəməkdən yayınmışlar. Zaman keçdikcə cavabdehlərin yalan danışması və dələduz olması ona məlum olmuşdur. Artıq uzun müddətdir ki, borcunu geri ala bilmir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

İddianın dəyişdirilməsi.

3. İddiaçının nümayəndəsi (vəkili) məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə aralarında barışıq əldə edildiyini, həmin cavabdehlərin borcu ödəməyə razılıq verdiklərini bildirmiş, məhkəmədən iddianın həcminin onlara münasibətdə azaldılmasını xahiş etmişdir.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, onun mərhum Pərviz Əliyevlə çox yaxşı münasibəti olmuş, ona əvvəllər də 10000 manat borc vermişdir. Aralarında heç vaxt pul mübahisəsi olmadığına görə 95000 manatı Pərvizə borc verərkən heç bir müqavilə bağlamamışlar. Sonradan borcun onun vərəsələri tərəfindən ödənilməsi üçün polisə müraciət edərkən də o, heç vaxt istəməmişdir ki, Pərvizin həyat yoldaşı polisə gəlsin. Çünki onun Pərvizə çox hörməti olmuş, işin bu yerə çatmasını istəməmişdir. Hər bir halda məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 iddianı müdafiə edərək bildirdi ki, onlar iddianı azaltdıqlarından hazırda tələbləri yalnız Cavabdeh3 yönəlmişdir. Müvafiq sübutlar məhkəməyə təqdim edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 iddianı qəbul etməyərək bildirdi ki, iddia tamamilə əsassızdır. Belə ki, iddiaçı tərəfindən mərhum Pərviz Əliyevə heç bir borc verilməmiş, bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Həmçinin iddia müddəti buraxılmışdır. Bununla bağlı məhkəməyə ərizə təqdim edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

7. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsinin (vəkilinin) izahatını təsdiq edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

İş materialları.

8. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 121799 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə “törədicisi müəyyən olunmamış digər pnevmaniya” səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 793 nömrə ilə qeyd edilmişdir.

9. Bakı şəhəri 52 saylı notariat ofisində tərtib edilmiş xx.xx.2021-ci il tarixli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş X1 qalmış arvadı Cavabdeh3 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ vardır. Şəhadətnamə verilən ümumi birgə əmlak "xxxx" MMC-nin nizamnamə kapitalında 60%-dən ibarət olan 60 paydan (təsisçilik hüquqlarından) ibarətdir. O cümlədən ölmüş ərin ümumi əmlakdan payı "xxxx" MMC-nin nizamnamə kapitalında 60%-dən ibarət olan 60 payının (təsisçilik hüquqlarının) 1/2 hissəsindən ibarətdir.

10. Bakı şəhəri 52 saylı notariat ofisində tərtib edilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsələri atası Cavabdeh1, anası Cavabdeh2 və arvadı Cavabdeh3dır və onların hər biri əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" MMC-nin nizamnamə kapitalında 60%-dən ibarət olan 60 paydan (təsisçilik hüquqlarından) ibarətdir.

11. Bakı şəhəri 52 saylı notariat ofisində tərtib edilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi olan arvadı Cavabdeh3 miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" QSC tərəfindən Bakı şəhəri 52 saylı notariat ofisinin notariusunun depozit hesabına mədaxil edilmiş 127450 manat puldan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərardadına əsasən həbs qoyulmuş 95000 manat istisna olmaqla, qalan 32450 manat vəsaitin 1/3 hissəsindən ibarətdir. Digər vərəsələr – miras qoyanın atası – Cavabdeh1 1/3 hissədə və miras qoyanın anası – Cavabdeh2 1/3 hissədə irs almalıdır. Miras əmlakın 1/2 hissəsinə Bakı şəhəri 52 saylı notariat ofisində xx.xx.2024cü il tarixli, 2V-94 reyestr nömrəsi ilə verilmiş mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir.

12. Bakı şəhəri 52 saylı notariat ofisində tərtib edilmiş xx.xx.2024-cü il tarixli ərarvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş X1 qalmış arvadı Cavabdeh3 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ vardır. Şəhadətnamə verilən ümumi birgə əmlak "xxxx" QSC tərəfindən Bakı şəhəri 52 saylı notariat ofisinin notariusunun depozit hesabına mədaxil edilmiş 127450 manat puldan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərardadına əsasən həbs qoyulmuş 95000 manat istisna olmaqla, qalan 32450 manat vəsaitdən ibarətdir. O cümlədən ölmüş ərin ümumi əmlakdan payı "xxxx" QSC tərəfindən Bakı şəhəri 52 saylı notariat ofisinin notariusunun depozit hesabına mədaxil edilmiş 127450 manat puldan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərardadına əsasən həbs qoyulmuş 95000 manat istisna olmaqla, qalan 32450 manat vəsaitin 1/2 hissəsindən ibarətdir.

13. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis şöbəsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Rasim Seyidov tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmış və ərizəçi vətəndaşa (İddiaçı) mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.

14. İddiaçı, Cavabdeh2 və Cavabdeh1 arasında baş tutmuş mediasiya prosesi nəticəsində aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 notariusun depozit hesabında olan və məhkəmə qərardadı ilə üzərinə həbs qoyulmuş 95000 manat vəsaitin öz paylarına düşən cəmi 2/3 hissəsini – 63584 manatını İddiaçı ödəməyi, İddiaçı isə Cavabdeh2 və Cavabdeh1 qarşı tələbindən imtina etməyi öhdəsinə götürmüşdür.

Şahid ifadəsi.

15. Məhkəmə iclasında şahid kimi ifadəsi dinlənilmiş X4 bildirmişdir ki, mərhum Pərviz Əliyevin sağlığında onun üçün təmir-tikinti işləri görmüşdür. O, Pərvizlə həmişə dost-qardaş münasibətində olmuşdur. Bir ilə yaxın Pərvizin işlətdiyi “Qızılgül” restoranında 33000 manat qiymətində təmir-tikinti işləri görmüşdür. O, Pərvizdən pul istədikdə Pərviz onu Aydının yanına aparmış, ondan 90000 manatdan çox pul almışdır. Pulun dəqiq nə qədər olduğunu bilmir, lakin 90000 manatdan yuxarı olduğunu bilir. Pərviz aldığı pulun 33000 manatını ona vermiş, qalanını özünə götürmüşdür. Bu hadisə 2019-cu ildə Novruz bayramından sonra baş vermişdir. Tarix ona görə yadında qalıb ki, hadisə pandemiyadan əvvəl baş vermiş, onlar pandemiyaya qədər işləmiş, sonradan işləyə bilməmişlər.

İşin faktiki halları.

16. Cavabdeh3 əri X5 xx.xx.2020-ci il tarixdə ölmüşdür.

17. Mərhumdan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu şəhadətnaməyə əsasən mərhumun vərəsələri – atası Cavabdeh1, anası Cavabdeh2 və arvadı Cavabdeh3 hər birinə 1/3 hissə olmaqla miras əmlakdan irs almalıdırlar.

Tətbiq edilən hüquq.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 329. Əqdlərin formaları. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 331. Yazılı əqd. 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 351. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti. 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 354. Etibarsız əqdlər üzrə müddətlər. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 372. İddia müddəti anlayışı. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 375. İddia müddətinin tətbiqi. 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377. İddia müddətinin başlanması. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. Borc müqaviləsinin forması. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 1091. Əsassız varlanma anlayışı. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı.

Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir... Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

21. İşin faktiki hallarından görünür ki, Cavabdeh3 əri Pərviz Əliyev xx.xx.2020-ci il tarixdə ölmüşdür. Ondan miras qalmış əmlak üzərində valideynləri (Cavabdeh1 və Cavabdeh2) və arvadının (Cavabdeh3) hər birinə 1/3 hissədə payları müəyyən edilmişdir. Hazırda İddiaçı iddia edir ki, o, sağlığında Pərviz Əliyevə 95000 manat məbləğində borc vermiş, lakin həmin borc nə Pərviz Əliyev, nə də ölümündən sonra onun qanun üzrə vərəsələri tərəfindən qaytarılmamışdır. Müvafiq iddia əvvəlcə mərhumun hər üç vərəsəsinə qarşı qaldırılsa da sonradan İddiaçı və mərhumun valideynləri olan vərəsələri Cavabdeh1 və Cavabdeh2 arasında baş tutmuş mediasiya prosesi nəticəsində aralarında barışıq sazişi bağlanmış, bu sazişlə mərhumun vərəsələri öhdələrinə götürmüşlər ki, mərhumdan miras qalmış və hazırda notariusun depozit hesabında olan 95000 manat pulun miras kimi özlərinə keçmiş hissəsini mərhumdan qalmış borcun bir hissəsinin ödənilməsi üçün İddiaçı ödəyəcəklər. Bu sazişdən sonra İddiaçı mərhumun valideynləri Cavabdeh1 və Cavabdeh2 qarşı iddiasından imtina etmiş, iddia tələbini yalnız mərhumun arvadı olan Cavabdeh3 yönəltmişdir.

22. Cavabdeh tərəf isə öz növbəsində iddianı qəbul etməmiş, iddiaya etirazını ilk növbədə onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən mərhum Pərviz Əliyevə heç bir borc verilməmiş, borcun verildiyini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin cavabdehin nümayəndəsi (vəkili) mübahisəyə iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

23. İddia müddəti ilə bağlı mülki qanunvericiliyin yuxarıda istinad edilmiş normalarından göründüyü kimi, iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır.

24. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı).

25. Hazırkı iş üzrə İddiaçı üzərinə düşən sübutetmə yükü mərhum Pərviz Əliyevə 95000 manat məbləğində borc pul verməsini sübut etməkdən ibarət olmuşdur. Bu halı sübut etmək üçün iddiaçı tərəfindən mərhumun valideynlərinin etirafı və şahid ifadəsi kimi sübutlara istinad edilmişdir. Hansı ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında təhqiqatçı tərəfindən aparılan araşdırma gedişində mərhumun atası Cavabdeh1 izahatı dinlənilmiş, o, oğlu Pərviz Əliyevin sağlığında İddiaçı 95000 manat məbləğində pul almasından xəbərdar olduğunu bildirmişdir. Bundan əlavə, mərhumun valideynləri hazırkı iş üzrə məhkəmə icraatı gedişində də iddianı qəbul etmişlər. Hətta onlar İddiaçılə barışıq sazişi imzalayaraq, iddiaçının onlardan tələb etdiyi pulun bir hissəsini mərhum oğullarından qalan miras əmlak hesabına ödəyəcəklərinə dair öhdəlik götürmüşlər. Göründüyü kimi, mərhum Pərviz Əliyevin vərəsələri olan valideynləri mübahisəsiz şəkildə qəbul etmişlər ki, oğulları Pərviz sağlığında İddiaçı 95000 manat məbləğində borc götürmüş, lakin bu borc qaytarılmamışdır.

26. Lakin məhkəmə hesab edir ki, mərhumun valideynlərinin etirafı əsasında iddiaçı tərəfindən mərhum Pərviz Əliyevə hansısa məbləğdə borc verildiyi nəticəsinə gəlmək mümkün deyil. Ən əsası ona görə ki, iddiaçı ilə mərhumun vərəsələri arasında bağlanmış barışıq sazişindən sonra iddiaçı tələbini yalnız mərhumun arvadı olan Cavabdeh3 qarşı yönəltmişdir. Bu baxımdan mərhumun valideynlərinin etirafı Cavabdeh3 yönəlmiş hazırkı iddianı təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə iclasında dinlənilmiş şahidin ifadəsinə münasibətdə qeyd edilməlidir ki, bu şahid İddiaçı tərəfindən mərhum Pərviz Əliyevə təxminən 90000 manatdan çox borc verildiyinə şahid olduğunu bildirsə də, nəzərə alınmalıdır ki, bu borcun verilməsinin başqa heç bir mötəbər sübutla təsdiq edilmədiyi hazırkı vəziyyətdə yalnız şahidin ifadəsi əsasında borcun həqiqətən verilmiş olduğu nəticəsinə gəlmək mümkün deyil. Digər tərəfdən, şahid verilən borcun məbləği ilə bağlı qeyri-dəqiq məlumat vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı tərəfindən iddianın əsasını təşkil edən hal – mərhum Pərviz Əliyevə 95000 manat məbləğində borc verilməsi sübuta yetirilməmişdir.

27. Bununla belə məhkəmə hesab edir ki, bu hal sübuta yetirilmiş olsa idi belə hazırkı iddianın təmin edilməsi mümkün olmazdı. Belə ki, İddiaçı mərhum Pərviz Əliyevə həqiqətən borc verib-verməməsi məsələsi tərəflər arasında mübahisəli olsa da, hazırkı işin mübahisələndirilməyən halıdır ki, iddiaçı ilə mərhum arasında heç bir borc müqaviləsi bağlanmamışdır. Halbuki iddiaçının mərhuma borc verdiyini iddia etdiyi pulun məbləği 3000 manatdan çoxdur ki, bu məbləğdə pulun borc verilməsi zamanı tərəflər arasında yazılı müqavilə bağlanmalı olduğu birbaşa qanunla müəyyən edilmişdir (Mülki Məcəllə, maddə 740.2).Bu isə o deməkdir ki, şifahi formada bağlandığı iddia olunan borc müqaviləsi əhəmiyyətsiz əqd olmuşdur. Çünki müqavilə bu cür müqavilələr üçün qanunla müəyyən edilmiş forma olan yazılı formada bağlanmamışdır.

28. Bu halda isə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda (§ 19) istinad edilmiş qərarında ortaya qoyulmuş hüquqi mövqeyə uyğun olaraq, əhəmiyyətsiz əqd üzrə əldə edilmiş əvəzedilən əşya olan pulun qarşı tərəfin əsassız varlanmasına səbəb olduğu müəyyən edilə bilər. Yəni hazırkı tələbin hüquqi əsasını əhəmiyyətsiz əqd üzrə əldə edilmiş pul hesabına əsassız varlandığı iddia edilən mərhum Pərviz Əliyevin vərəsəsi olan Cavabdeh3 mərhumu əsassız varlandıran pulun tələb edilməsi təşkil edir. Odur ki, mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddəti (əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddiaların onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülməsinin mümkünlüyü) tətbiq edilməlidir. Üstəlik, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun istinad edilmiş qərarına uyğun olaraq bu müddət iddia müddətidir və iddiaçı həmin müddəti ötürmüşdür.

29. Belə ki, İddiaçı məhkəmə iclasında bildirmişdir ki, o, mərhum Pərviz Əliyevə 2019-cu ildə (iddia ərizəsində 2018, cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarda 2020-ci il kimi göstərilmişdir) borc vermişdir. İddiaçının hüquqlarının pozulduğunu bildiyi vaxt ən geci növbəti ildən başlanmış olsa idi belə, xx.xx.2024-cü il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş iddiaçı qanunla müəyyən edilmiş bir illik iddia müddətini ötürmüş olardı. Odur ki, iddia həm də iddia müddətinin ötürülməsi əsası ilə rədd edilməlidir.

30. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mərhum Pərviz Əliyevə borc pul verilməsi sübuta yetirilmədiyindən, bu hal sübuta yetirilsə idi belə, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddia təmin edilməməlidir.

Məhkəmə xərcləri.

31. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 375 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur. Lakin məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

32. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

33. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddiаçı İddiaçı Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar