Məhkəmə qərarları › İş №2(010)-4456/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4456/2021

25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4456/2021 25.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən alğısatqı müqaviləsindən irəli gələn müddəalar əsasında 1224 manat məbləğində əsas borc, 857 manat məbləğində dəbbə pulu və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2111 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 12.06.2018-ci il tarixli, MOB06- 0103 nömrəli alqı-satqı müqaviləsi əsasında Texnoplus mağazasından 1932 manat dəyərində “İphone 7+Red 128 GB” markalı mobil telefon almışdır. Eyni zamanda, alqısatqı müqaviləsi bağlanarkən müqaviləyə uyğun olaraq 300 manat həcmində ilkin ödəniş edilmişdir. Müqaviləyə əsasən 1932 manat ümumi məbləğdən 300 manat ilkin ödəniş edildikdən sonra qalıq məbləğ 1632 manat təşkil etmişdir. Bu isə 12 aylıq ödəmə şərti ilə aylıq 136 manat ödəniş edir. Cavabdeh ödəniş tarixçəsi belədir: 1) 20.06.2018 – 136 manat; 2) 12.08.2018 – 136 manat; 3) 14.09.2018 – 136 manat. Cavabdeh cəmi 408 manat ödəniş etmişdir. Qalıq borc 1224 manatdır. Qalıq borc 1224 manat olaraq da qalır. Gecikdirmə ilə əlaqədar 12.06.2019-cu il tarixinə yaranan dəbbə pulu isə 857 manatdır. Beləliklə, 1224 manat əsas borc, 857 manat dəbbə pulu məhkəməyə ödənilən 30 manat dövlət rüsumu ilə birlikdə cəmi 2111 manat məbləğiində pul İddiaçı MMC-yə ödənilməlidir. Daha əvvəllər borcluya bir neçə dəfə şifahi xəbərdarlıq edilməsinə, onunla söhbət aparılmasına baxmayaraq, borclu heç bir ödəniş etməmişdir. Sonuncu dəfə isə Cavabdeh ödənişlə əlaqədar 09.07.2021-ci il tarixində pretenziya məktubu göndərilmiş və ödəmə üçün üç günlük müddət təyin edilmişdir. Lakin borclu yenə də ödəniş etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə etdi ki, məhkəməyə müraciət etməzdən əvvəl cavabdehlə dəfələrlə telefonla əlaqə saxlamağa çalışsalar da cavabdeh zənglərə cavab verməmiş, qalıq borcunu ödəməkdən yayınmışdır. Ödənişin gecikdirildiyi hər gün üçün müqaviləyə uyğun olaraq cavabdehə 1% cərimə hesablanmışdır. Lakin cərimənin məhkəmənin mülahizəsinə əsasında azaldılmasına etiraz etmir. Odur ki, qeyd etdiklərini nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Satıcı - X4 (“Texnoplus” mağazası) və Alıcı - Cavabdeh arasında 12.06.2018-ci il tarixdə bağlanmış MOB06-0103 nömrəli alqı-satqı müqaviləsinə əsasən Satıcı Alıcının sifarişi əsasında “İphone 7+ Red 128GB” markalı mobil telefonun nisyə satışını həyata keçirir, Alıcı isə həmin malı qəbul edir. Alıcı tərəfindən alınmış malın ümumi dəyərinin 300 manat həcmində ilkin ödəniş edilməlidir. Bu müqavilənin müddəti 12 ay təşkil edir. 12.06.2018-ci il tarixli, MOB06-0103 nömrəli alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödənişlərin 12.07.2018 – 12.06.2019-cu il tarixləri arasında aylıq 136 manat olmaqla ödənilməsi təsdiq edilmişdir. 12.06.2018-ci il tarixli, MOB06-0103 nömrəli müqavilə üzrə təhvil-təslim aktından görünür ki, “İphone 7+ Red 128GB” markalı mobil telefon Cavabdeh təhvil verilmişdir. 07.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 12.06.2018-ci il tarixli, MOB06- 0103 nömrəli müqavilə üzrə Cavabdeh 408 manat ödəniş etmiş, 1224 manat ödənilməmiş əsas borc, 857 manat cərimə borcu qalmışdır. X4 – Hədiyyə verən və İddiaçı MMC – Hədiyyə alan arasında bağlanmış 10.10.2020ci il tarixli, BM-066/20 nömrəli bağışlama müqaviləsinə əsasən Hədiyyə verən Hədiyyə alana əvəzsiz olaraq 12.06.2018-ci il tarixində 12 aylıq bağlanan MOB06-0103 nömrəli alqı-satqı müqaviləsi üzrə tələb hüquqlarını verir. Hüquq üzrə tələblər tələbin güzəşti qaydasında hədiyyə alana keçir. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, 12.06.2018-ci il tarixli, MOB06-0103 nömrəli müqavilə üzrə ödənilməmiş qalıq borcun və hesablanmış cərimənin məbləği barədə Cavabdeh məlumat verilmiş, ödəniş edilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh “Texnoplus” mağazasından aralarında bağlanmış nisyə alqı-satqı müqaviləsi əsasında 1932 manat məbləğində mobil telefon almış, müqavilə bağlanan zaman 300 manat ilkin ödəniş etməmiş, qalan 1632 manat məbləği 12 ay müddətinə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Sonradan, “Texnoplus” mağazasının həmin müqavilə üzrə tələb hüquqları İddiaçı MMC-yə keçmişdir. Bağlanmış müqaviləyə baxmayaraq, cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, aylıq ödənişləri vaxtı-vaxtında ödəməmişdir. Bu səbəbdən İddiaçı MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış alqısatqı müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış alqı-satqı müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən malı borcluya vermişdir. Borclu isə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Odur ki, cavabdehdən alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 1224 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, tərəflərin mübahisəli hüquq münasibətləri üzrə iddia tələbi əsas borca münasibətdə qanuni və əsaslı olsa da, iddia tələbi dəbbə puluna münasibətdə qismən təmin edilməlidir. Belə ki, dəbbə puluna görə cavabdehin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun, təqsiri olduğu təqdirdə tələb edə bilər. Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Beləliklə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində borclunun təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər. İşdən göründüyü kimi, iddiаçı cаvаbdehdən 857 manat cərimə ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırki vəziyyətdə işin hаllаrınа tam uyğun deyildir və tənаsübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh оlunmаsınа dаir 09 iyul 2009-cu il tаrixli Plenum qərаrı”ndа göstərilmişdir ki, “digər tərəfdən, bоrclu şəxsin mülkiyyət mаrаqlаrı qоrunmаlı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısı аlınmаlıdır”. Məhkəmə hesab edir ki, cərimənin miqdаrının bu qədər çоx оlmаsı bоrclunun mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyildir. Ona görə də məhkəmə hesаb edir ki, cаvаbdehdən öz öhdəliyini lаzımıncа yerinə yetirməməkdə ifаdə оlunаn ümumi mаrаqlа оnlаrın mülkiyyət hüquqlаrının müdаfiəsi аrаsındа ədаlətli tаrаzlığа nаil оlunmаsı bаxımındаn cərimənin miqdаrının аzаldılаrаq 100 manat məbləğində müəyyən edilməsi məqsədəuyğun hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlard an istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12.06.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1224 manat əsas borc və 100 manat cərimə olmaqla, cəmi 1324 (min üç yüz iyirmi dörd) manat pul İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bundan başqa, "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənilən 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 12.06.2018-ci il tarixli müqavilə üzrə 1224 manat məbləğində əsas borc və 100 manat məbləğində cərimə olmaqla, cəmi 1324 (min üç yüz iyirmi dörd) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar