Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4463/2020 16.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 450 manat məbləğində borc pulun və dövlət rüsumuna görə ödənilmiş 20 manat məbləğində pulun alınıb ona ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh 2020-ci ilin fevral ayının əvvəllərində ona müraciət edərək, 600 manat məbləğində borc pul lazım olduğunu bildirmiş və tezliklə həmin borcu qaytaracağına söz vermişdir. Cavabdeh aldığı borcun əvəzində ona pensiya kartını vermiş və bildirmişdir ki, hər ay həmin kartdan 180 manat pul çəkib borcunu silə bilər. Borc qurtardıqdan sonra o, isə kartı cavabdehə qaytarmalı olmuşdur. O, cavabdehlə razılaşmış və göstərilən məbləği cavabdehə vermişdir. 2020-cilin mart ayından o, cavabdehə məxsus kartdan 150 manat pul çıxartmışdır. Həmin ilin aprel ayında pulu çıxartmaq istəyəndə kartın bloka salındığını bilmişdir. Bu barədə cavabdehə iradını bildirdikdə isə sonuncu ona bildirmişdir ki, yaxın vaxtlarda 450 manat pulu qaytaracdır. Onların həmin vaxtlar münasibətləri yaxşı olmuş və onun cavabdehə inamı olmuşdur. Bu məqsədlə o, cavabdehə 600 manat məbləğində borc vermiş, lakin sonuncuya pul verən zaman aralarında heç bir rəsmi müqavilə bağlanmamışdır. Həmin vaxtlar o, cavabdehə inanmış, lakin o, pulu cavabdehə atasının yanında vermişdir. Lakin cavabdeh ona ödəməli olduğu məbləğdən 150 manat pul ödəmişdir. Bu barədə cavabdehə dəfələrlə şifahi xəbərdarlıq etsə də, sonuncu öz öhdəliklərinin yerinə yetirilməsi istiqamətində hər hansı bir addım atmamışdır. Göründüyü kimi cavabdehə 600 manat məbləğində pulu verdiyi tarixdən artıq uzun müddət keçmiş və cavabdeh borcunu qaytarmadığından ona zərər vurulmuşdur və həmin pul məbləği ilə qazanacağı gəlirdən məhrum olmuşdur. Bundan əlavə onun həmin borcun qaytarılması barədə cavabdehə dəfələrlə müraciət etməyi, sonuncu ilə danışıqlar apararaq əsəbiləşməsi ona böyük mənəvi zərər yetirmişdir. O, bu barədə Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə şikayət ərizəsi vermiş, ona mübahisənin mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşə məhkəmə iclasında baxılarkən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verib tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən tərəfin izahatlarını və çıxışlarını dinləyib, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki,iş materiallarında olan: - Suraxanı rayon Polis İdarəsi 31-ci Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, 098- 14070-1220 nömrəli məktubundan görünür ki, İddiaçı Cavabdeh borc pul verməsi və ala bilməməsi barəzə “102” qaynar xəttinə müraciətinə baxılmışdır və mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 izahatında göstərdi ki, İddiaçı onun oğludur. Cavabdeh oğlu İddiaçı 600 manat borc pul istəmiş, oğlu isə cavabdehə həmin pulu onun yanımda vermişdir. Bunun qarşılığında cavabdeh öz pensiya kartını oğluna vermiş və hər ay 180 manat pul yükləndiyini, borc bitənədək həmin kartdan pulu çıxartmalarını bildirmişdir. Oğlu mart ayında 180 manat pul çəkmiş, lakin həmin puldan cavabdehin ona olan 30 manat borcunu sildikdən sonra qalan 150 manatı isə verilən borcdan silmişlər. Növbəti ay, yəni aprel ayında yenidən pul çəkmək istədikdə kart bloklanmışdır. Sonra cavabdeh borcunu qaytarmamışdır. Beləliklə, iddiaçı tələbində ona əsaslanır ki, cavabdehə 600 manat məbləğində borc pul vermiş, borcun ödənilməsini təmin etmək üçün isə cavabdeh özünə məxsus pensiya kartını iddiaçıya vermişdir. İddiaçı həmin kartdan bir ay ərzində 180 manat məbləğində pul çıxartmış və həmin məbləğin 150 manatını borcdan silmiş, geri qalan 30 manat isə cavabdehin onun atasına olan borcunun ödənilməsi üçün qaytarılmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə aralarında borc münasibətlərinin yaranması, pulun verilməsini sübut etməli, bundan sonra yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən verilmiş pul geri tələb edilə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iddia tələbi ilə bağlı olaraq iş üzrə sübut etmə yükünün tərəflər arasında bölüşdürülməsini qanunverici aşağıdakı qaydada həll etmişdir. Məhkəmə bildirir ki, iddiaçının təqdim etdiyi şahid ifadəsindən və şifahi izahatlardan ibarət olan sübutlar kifayət qədər mötəbər, ardıcıl və inandırıcı olmadığından onun tərəfindən irəli sürülmüş iddia təmin edilə bilməz. İşdə olan şahid ifadəsi ilə bağlı məhkəmə qeyd edir ki, şahid ifadəsi məhkəmədə iddianın əsaslılığına dair daxili inam formalaşdırmır, ona görə də, məhkəmə hesab edir ki bu ifadəyə əsaslanıb iddianın təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Sübutetmə vəzifəsi prinsipcə pozitiv və baş vermiş halların təsdiq olunmasına yönəlmiş fəaliyyətdir, ona görə də, bir qayda olaraq olmayan şeyləri yox, baş vermiş olan hadisələri sübut etmək mümkündür. Mülki-prosessual Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməli olduğunu hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-4463/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4463/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver