Məhkəmə qərarları › İş №2(010)-4493/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4493/2024

18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4493/2024 18.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad oğlunın sədrliyi, Quliyeva Leyla Məmməd oğlunın katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ümumilikdə 2100 manat məbləğində borcun və ödənilmiş 41 manat dövlət rüsumunun əvəzinin, cəmi 2140 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2023-cü ildə Bakı şəhəri, Zığ qəsəbəsində 1.4 sot torpaq sahəsi almışdır. Torpaq sahəsində tikinti işləri həyata keçirə bilməyi üçün, aidiyyatı qurumlardan müvafiq icazələrin alınmasına ehtiyac olmuşdur. Ona bu sahədə dəstək olması üçün torpaq sahəsinin satıcısı olan Fuad adlı şəxsə müraciət etdikdə, o, ona hazırki iş üzrə cavabdeh olan Cavabdeh mobil nömrəsini verdi. O, cavabdehlə 2023-cü ilin aprel ayında Köhnə Günəşli qəsəbəsində yerləşən ofisdə görüşmüşdü. Həmin vaxt cavabdeh bildirdi ki, sənədlərin alınmasına müraciət etmək üçün ilkin olaraq müəyyən xərclər tələb olunur. Həmin xərcləri qarşılaması üçün cavabdehə bir dəfə 350 manat, daha sonra isə 250 manat pul verdi. Daha sonra cavabdeh ona bildirdi ki, sənədlərin rəsmiləşdirilməsinin tezləşməsi məqsədi ilə əlavə olaraq 3000 manat ödəniş etmək lazımdır. O, 2023-cü ilin aprel ayının sonlarında cavabdehlə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən “McDonalds” restoranının qarşısında görüşərək, 3000 manat pulu ona verdi. Cavabdeh qısa müddət ərzində tikintiyə icazə verilməsi ilə bağlı müvafiq sənədləri hazırlanmasını təmin edib ona verəcəyini bildirdi. Lakin, həmin vaxtdan sonra bir müddət keçsə də, cavabdeh ona heç bir sənəd verməmiş və onu aldatmışdır. Ona verdiyi pulları geri tələb etdikdə isə, cavabdeh müxtəlif bəhanələrlə, pulu qaytarmaqdan yayınmışdır. O, məcburiyyət qarşısında qalaraq, baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək şikayət etmişdir. Onun şikayəti araşdırılması məqsədi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə yönləndirilmişdir. Araşdırma aparıldığı müddətdə Cavabdeh ondan pulu aldığını etiraf etmiş və pulun 1500 manat hissəsini ona qaytarmışdır. Xətai RPİ-nin 34-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru X2 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 iyul 2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş və ona izah edilmişdir ki, mübahisə mülki xarakterli olduğuna görə mülki hüquq münasibətləri çərçivəsində məhkəməyə müraciət etsin. Təhqiqaçının həmin qərarı ilə müəyyən olunmuşdur ki, Cavabdeh ona 2100 manat borcu qalmışdır. Buna görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin etiraz ərizəsi. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, İddiaçı iddia ərizəsində qeyd etdiyi 2100 deyil, 1500 manat qaytarılmalı olan pulun ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirmişdir ki, iddiasını müdafiə edir. Barışıq əldə olunmadı. 300 manat keçməyə razıdır. Evin hər kv-a 2 manat çəkilə bilməz, layihələndirmənin qiyməti 1 kv.m görə 1 manatdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, o, 600 manat layihəyə vermişdir. 1500 manat verməyə hazırdır. Sadəcə onunla da iş baxılmamış qalsın. İlk danışıqlar aparılmışdı. Layihəyə 600 manat olacağını demişdi. Qeyd edir ki, o ancaq 1500 manat verə bilər. 600 manat layihəyə xərclənib. İş materialları. 34-cü PŞ tərəfindən İddiaçı göndərilmiş məktubdan görünür ki, onun müraciəti əsasında təhqiqat araşdırması aparılmış və toplanmış material üzrə cinayət işinin başlanması xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Bundan başqa ona mübahisənin mülki hüquq münasibətləri çərçivəsində həlli məqsədi ilə mülki-mühakimə icraatı qaydasında müvafiq məhkəmə orqanına müraciət etmək hüququnun olduğu bildirilmişdir. Xətai RPİ-nin 34-cü PŞ Cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2023cü il tarixli Qərardan görünür ki, iş üzrə izahatı alınmış vətəndaş Cavabdeh bildirmişdir ki, İddiaçı köhnə Günəşli qəsəbəsində işlədiyi ofisdən tanımış və söhbət əsnasında Fərid ona torpaq sahəsində tikinti işlərinin aparılması üçün köməklik göstərməsini xahiş etmişdir. O, Fərid ilə razılaşmış və ondan ümumilikdə 3000 manat pul almışdır. O, işin alınmayacağını görüb, öz işləri üçün pulu xərcləmişdir. Daha sonra pulu Fəridə qısa müddətə çatdıracağını demişdir. Araşdırma zamanı Cavabdeh İddiaçı 1500 manat pul qaytarmış və hazırda 2100 manat borcu qalmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən ona xx.xx.2017-ci il tarixində verilmiş lisenziya əsasında hazırlanmış 23 mart 2023-cü il tarixli eskiz-layihədən görünür ki, Az 1091, ünvan 1 ünvanında yerləşən vətəndaş İddiaçı məxsus zirzəmili, 2 mərtəbəli, yaşayış evi layihələndirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı (X3) Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, şərq hissəsi ünvanında yerləşən, ümumi sahəsi 0.014 ha olan mənzili alıcının (İddiaçı) mülkiyyətinə verir. Müqavilənin 4-cü bəndinə əsasən, Satıcı daşınmaz əmlakı 18000 manat qiymətinə satmış, Alıcı isə həmin qiymətə almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli A№457419 Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, şərq hissəsi ünvanında yerləşən, xüsusi mülkiyyət hüququ ilə X1 məxsus olan, təyinatı yaşayış məntəqələrinin torpaqları olan torpaq sahəsinin ümumi sahəsi 0.014 ha-dır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Az 1091, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.014 ha olan torpaq sahəsi xüsusi mülkiyyət kimi (torpaq sahəsinin kateqoriyası: yaşayış məntəqələrinin torpaqları) İddiaçı adına xx.xx.2023-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı (İddiaçı) Az 1091, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.014 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini alıcının (X4) mülkiyyətinə verir. Müqavilənin 4-cü bəndinə əsasən, Satıcı daşınmaz əmlakı 5000 manat qiymətinə satmış, Alıcı isə həmin qiymətə almışdır. “Asan xidmət” mərkəzinin veb-saytında yerləşdirilən "xxxx" MMC tərəfindən göstərilən xidmətlər barədə məlumatdan görünür ki, eskiz layihələrinin hazırlanması (Memarlıq- Planlaşdırma bölməsi) tikiləcək evlər üçün 3-5 manat məbləğində müəyyən edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.... 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.... Maddə 329. Əqdlərin formaları 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.... Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır... Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.... 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778. Tapşırığın məzmunu 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.... Maddə 779. Vəkalət alanın məsuliyyəti 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.... Maddə 781. Vəkalət verənə informasiya və hesabat vermək vəzifəsi Vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. Maddə 782. Tapşırığın icrası nəticələrini vermək vəzifəsi 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. 782.2. Vəkalət alan verilməsini gecikdirdiyi pulun üstünə faizlər hesablamağa borcludur... Maddə 786. Tapşırıq müqaviləsinin qüvvəsinə xitam verilməsi 786.1. Tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh arasında şifahi tapşırıq müqaviləsi bağlanmışdır. Cavabdeh həmin müqavilə üzrə öz üzərinə götürmüş öhdəlikləri tam icra etməmiş, tapşırığın bir hissəsini icra edib iddiaçıya təqdim etsə də, digər hissəsini icra etməmişdir. İddiaçı isə öz üzərinə düşən öhdəliyi icra etmiş, Cavabdeh cəmi 3600 manat pul vəsaiti ödəmişdir. İddiaçı cavabdehin sonradan pulun 1500 manat hissəsini ididaçıya geri qaytardığını, geri qalan borc məbləğinin 2100 manat olduğunu bildirsə də, cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək və məhkəmə iclasında izahat verərək layihə sxemin hazırlanmasına 600 manat məbləğində pul ödədiyini, bununla da iddiaçıya 2100 manat deyil, 1500 manat məbləğində borcu qaldığını bildirmişdir. Cavabdeh tərəfindən layihə sxemin tərtib olunmasına 600 manat məbləğində xərcin çəkilməsi ilə bağlı hər hansı bir sübut və ya qəbz məhkəməyə təqdim edilməmişdir. Buna baxmayaraq, bununla bağlı məhkəmə tərəfindən hərtərəfli araşdırma aparımış və nəzərdə tutulan məbləğin bazar qiymətlərindən və Asan Xidmət Mərkəzlərində rəsmi layihələndirmə xidmətlərini təklif edən "xxxx" MMC tərəfindən göstərilən xidmətlər barədə sənəddən göründüyü kimi, eskiz layihələrinin hazırlanmasına çəkilən xərcdən daha baha olduğu müəyyən edilmişdir. Belə ki, iddiaçı məhkəmədə verdiyi izahatında 300 kv.m sahənin eskiz layihənin hazırlanması ilə bağlı xərclərin hər kvadrata görə 1 manat məbləğində müəyyən olduğunu, cavabdeh isə eskiz layihənin hazırlanması ilə bağlı hər kvadrata görə 2 manat məbləğində pulun onun tərəfindən ödənilməsini qeyd etmişdir. “Asan xidmət” mərkəzinin veb saytından ("xxxx" MMC) isə görünür ki, həmin xidmətlərin qiyməti hər kv.m-ə görə 3-5 manat olaraq göstərilmişdir. Mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından, Cavabdeh hərəkətləri tapşırıq müqaviləsi üzrə öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq müqavilə üzrə pulun qaytarılmasının tələb etməkdə haqlı olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh ərizəsi və izahatı ilə 1500 manat məbləğində pulun ödənilməsinə razılıq bildirmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən hazırlanmış 23 mart 2023-cü il tarixli eskizlayihədən isə görünür ki, Az 1091, ünvan 1 ünvanında yerləşən vətəndaş İddiaçı məxsus zirzəmili, 2 mərtəbəli, tikinti sahəsi 94.6 m2 olan yaşayış evi ilə bağlı layihələndirmə üzrə xidmətlər icra olunmuşdur və iddiaçı bu xidmətlərdən yararlanmışdır. Sonradan iddiaçının xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə həmin torpaq sahəsini özgəninkiləşdirməsinə baxmayaraq, nəzərə alınmalıdır ki, layihələndirmə üzrə xidmətlər icra olunan zaman həmin torpaq sahəsi iddiaçının mülkiyyətində idi və cavabdeh məhz layihələndirmənin təşkili hissəsində tapşırığı icra etmişdir. Bu səbəbdən, layihələndirmə xidmətlərinin göstərilməsi ilə bağlı cavabdeh tərəfindən 600 manat məbləğində ödəniş edilməsi məhkəmə tərəfindən ağlabatan hesab edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi 2100 manatdan 1500 manat hissəsində təmin edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçıdan aldığı 1500 manat məbləğində pul tutularaq iddiаçı İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 35 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ümumilikdə 1500 manat məbləğində pul və ödənilmiş 35 manat dövlət rüsumu, cəmi 1535 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar