Məhkəmə qərarları › İş №2(010)-45/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-45/2025

14.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-45/2025 14.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 35381 AZN məbləğində pulun və mülki iddiaya görə ödənilmiş 197 AZN məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ünvan 1 ünvanın qarşısında, onunla əks istiqamətdə hərəkətdə olan iddiaçının oğlu X8 idarə etdiyi “Haval H9” markalı **-OF-*** dövlət nömrə nişanlı avtomobilin hərəkət yoluna çıxaraq toqquşaraq ehtiyyatsızlıqdan “Haval H9” markalı avtomobildə sərnişin qismində olmuş gəlini X4 iç topuğun yerdəyişməyən sınığı, sol baldırın hematoması kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almalarına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 -ci maddəsi ilə ittiham elan olunmuşdur. Bunun əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 -ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi açılmış, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin l(004)- 320/2023 saylı xx.xx.2023-cü il tarixli hökm ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 -ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi, ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə məhkum olunmuşdur. Belə ki, buraxılış ili 2017-ci il, LGWFF6A67HH900400 ban nömrəli “Haval H9” minik markalı, **-OF-*** dövlət nömrə nişanlı avtomobil iddiaçının mülkiyyətimdədir. O, həmin avtomobili xx.xx.2020-ci il tarixdə 46000 manata almış və sonradan oğlu Seymura hədiyyə etmişdi. Oğlu da həmin avtomobili baş etibarnamə əsasında idarə edirdi. Belə ki, istintaq materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, sözü gedən avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmış və ona dəymiş ziyan 35381 manat məbləğində müəyyənləşdirilmişdir. Bundan başqa istintaqın 27.03.,2023-cü il tarixli qərarı ilə iddiaçı mülki iddiaçı qismində tanınmışdır. Məhkəmə gedişatı zaman o və iş üzrə digər mülki iddiaçı mülki iddia ilə məhkəməyə müraciət etsələr də, müəyyən səbəblərdən iş baxılmamış saxlanılmışdır. Qanunvericiliyə uyğun olaraq ərizənin baxılmamış saxlanılması onun yenidən mülki iddia ilə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Həmçinin cinayət əməli nəticəsində vurulmuş zərərin tələb edilməsi üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olduğu da göstərilmişdir. İş materiallarından da məlum olunur ki, cavabdehin əməli nəticəsində onun avtomobilinə 35381 manat məbləğində maddi ziyan dəymişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı izahatı verərək bildirmişdir ki, iddianı müdafiə edir. Yolnəqliyyat hadisəsi baş verdi. Ona maddi ziyan dəymişdir. Həmin ziyanın ödənilməsini tələb edir. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Yasamal Rayon Məkəməsinin 1(004)-320/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi; Cinayət işi üzrə maddi sübut kimi tanınmış - “X20” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Haval H9” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılmasının nəzərə alınması; mülki iddiaçılar İddiaçı və "xxxx" MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələblərinə dair mülki iddialarının baxılmamış saxlanılması hökm edilmişdir. Həmin hökmdə olan iş materiallarından görünür ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/8065 saylı rəyində göstərilmişdir ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş “Haval Azerbaijan” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ziyan aktından göründüyü kimi 2017ci il buraxılışlı “Haval H9” minik markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci aşağıdakı kimi müəyyən edilir. O cümlədən: 1. Dəyişilməli hissələrin qiyməti – 21996 manat; Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 21420 manat. 2017-ci il buraxılışlı “Haval H9” minik markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin orta bazar qiyməti nəzəri qaydada təxminən 38000 manatdır. Həmin hökmə qeyd edilən “cinayət işi üzrə sübuların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə mülki İddiaçı dəymiş maddi ziyan 35381 manat hesab edilmiş, iş üzrə mülki iddiaçı "xxxx" MMC-yə dəymiş maddi ziyan 16770 manat hesab edilmişdir. İş materiallarında olan “Haval Azerbaijan” "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli İlkin qiymətləndirmə aktından görünür ki, buraxılış ili 2019-cu il olan, LGWFF6A67HH900400 ban nömrəli, “Haval H9” minik markalı, **-OF-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın məbləği ümumilikdə 35381 manat təşkil edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9296 saylı rəyin nəticə hissəsindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş "xxxx" QSC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 2019-cu il buraxılışlı, “Haval” markalı, “H9” model, **-OF-*** dövlət nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən: 1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 35381 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 31764 manat; Təmir - bərpa işlərinin qiyməti – 3617 manat. 2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 32607 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 28990 manat; Təmir - bərpa işlərinin qiyməti – 3617 manat. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2024-cü il tarixli, 9/9296 saylı bildirişdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. "xxxx" ASC tərəfindən Suraxanı Rayon Məkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubdan görünür ki, yol-nəqliyyat hadisəsi üzrə zərərvuran “X20” minik markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığortaçı "xxxx" ASC-də “avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığorta təminatı almışdır. Yol-nəqliyyat hadisəsi üzrə zərərçəkən “Haval H9” minik markalı, ** OF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən zərər xx.xx.2022-ci il tarixli ilkin qiymətləndirmə aktına əsasən 35381 manat məbləğində müəyyən edilmişdir. “İcbari sığortalar haqqında” AR Qanununun 56.1 və 56.1.2-ci maddələrinə əsasən sığortaçı tərəfindən 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan AKT1345\23 saylı akta əsasən ödəniş haqqında məlumatlardan görünür ki, "xxxx" ASC tərəfindən X10 5000 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixində baş vermiş toqquşma hadisəsi ilə bağlı zərərə uğramış “Haval” markalı HQ model, 99OF963 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X10 ödəniləcək sığorta ödənişi 5000 manat məbləğində hesablanmışdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 2022-ci il 05 sentyabr tarixdə saat 22:30 dəqiqədə Bakı ş. Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi, 97-nin qarşısında yol-nəqliyyat hadisəsi baş vermişdir. Daxili işlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16/2- 51163/2024 nömrəli məktubun surətindən görünür ki, İddiaçı mülkiyyətində olmuş “Haval H9” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sonrakı qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş alqı-satqı müqavilələrinin, əlavə olaraq digər sənədlərin surəti və qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışı aşağıdakı kimidir: 1) “Haval H9 minik” markalı, **-OF-*** dövlət nömrə qeydiyyatlı avtomobil, Şəhadətnamənin verilmə tarixi xx.xx.2020, qeydiyyat üçün əsas: alqı-satqı müqaviləsi, sahibi: X12. Etibarnamə ilə: X13 xx.xx.2020 – xx.xx.2027 – Səlahiyyətlər ötürülmüşdür xx.xx.2022. Etibarnamənin hüquqi əsası: Nəqliyyat vasitəsindən istifadə hüququ. Etibarnamə ilə: X13 xx.xx.2022 – xx.xx.2023 – Qüvvədən düşüb xx.xx.2023. Etibarnamənin hüquqi əsası: Nəqliyyat vasitəsinə dair sərəncam hüququ. İş materiallarında olan nəqliyyat vasitəsinin alqı-satqı Müqaviləsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 21 noyabr 2020-ci il tarixində buraxılış ili 2017-ci il olan, LGWFF6A67HH900400 ban nömrəli, “Haval H9” minik markalı, 50AB550 dövlət nömrə nişanlı avtomobili 44000 manata İddiaçı satmış, bu məbləğ İddiaçı tərəfindən ödənilmişdir. Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 7E-51382 nömrəli etibarnamənin surətindən görünür ki, “Haval H9” minik markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi X14 tərəfindən nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında X11 etibar edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı 14 dekabr 2022-ci il tarixində buraxılış ili 2017-ci il olan, LGWFF6A67HH900400 ban nömrəli, “Haval H9” minik markalı, 90OF963 dövlət nömrə nişanlı avtomobili 2150 manata X1, bu məbləğ X3 tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3784 saylı rəyindən görünür ki, aparılmış tədqiqat nəticəsində, internet (sayt: AZ turbo) məlumatlarına və mərkəzdə olan ekspert praktikası məlumatlarına əsasən, qərardadda qeyd edilən 2017-ci il buraxılışlı, “Haval H9” minik markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı, mühərrik həcmi 2000 sm3 olan, 5 il istismarda olmuş (2022-2017), təyinatı üzrə istifadəyə yararlı avtomobilin nəzəri hesablama yolu ilə 2022-ci ilə orta bazar qiyməti təxminən 40600 manat müəyyən olunur. xx.xx.2022-ci il tarixdə baş vermiş qəza nəticəsində “Haval H9” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobildən təyinatı üzrə istifadə etmək mümkün olub-olmamasının məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid olmadığından tədqiqat aparılmadı. xx.xx.2022-ci il tarixdə baş vermiş qəza nəticəsində vurulmuş ziyanı nəzərə almaqla, “Haval H9” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə orta bazar qiymətinin 37250 manat olması və avtomobilin təmir bərpa xərcininin 32607 manat olması nəzərə alınmaqla həmin avtomobilin qəzalı vəziyyətdə qalıq qiyməti 4643 manat müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2024-cü il tarixli, 9/3784 saylı bildirişdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə,nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, İddiaçı məxsus olan iddiaçının oğlu X8 idarə etdiyi “Haval H9” markalı **-OF-*** dövlət nömrə nişanlı avtomobil ilə Cavabdeh idarə etdiyi avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və həmin hadisə nəticəsində İddiaçı məxsus olan “Haval H9” markalı **-OF-*** dövlət nömrə nişanlı avtomobilə ziyan dəymişdir. Bununla bağlı Cavabdeh Yasamal Rayon Məhkəməsinin 1(004)-320/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinmiş, İddiaçı isə mülki iddiaçı qismində tanınmışdır. Nəzərə alaraq ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir, Yasamal Rayon Məhkəməsinin 1(004)-320/2023 saylı hökmü ilə iddiaçıya məxsus avtomobil ilə cavabdehə məxsus avtomobilin toqquşma hadisəsinin baş verməsi, hazırki iş üzrə iddiaçı və cavabdehin həmin hadisəyə aidiyyatı tam sübut olunur. Belə olan halda, iddiaçı mülki hüquq pozuntusu nəticəsində dəymiş zərərin əvəzini cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Qeyd edilən yol-nəqliyyat hadisəsi 05 sentyabr 2022-ci ildə törədilmiş, bu hadisədən sonra, yəni 14 dekabr 2022-ci il tarixində İddiaçı avtomobili digər şəxsə satmışdır. Yasamal Rayon Məhkəməsinin 1(004)-320/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü qanuni qüvvəyə mindikdən sonra iddiaçı avtomobilə dəymiş zərərin ödənilməsi ilə bağlı məhkəməyə mülki qaydada müraciət etmişdir. Hökmdə qeyd edilən ekspertizanın nəticəsi kimi göstərilmişdir ki, 2017-ci il buraxılışlı “Haval H9” minik markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci dəyişilməli hissələrin qiyməti – 21996 manat; dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 21420 manat kimi müəyyən edilir. Eyni zamanda hökmdə qeyd edilən “cinayət işi üzrə sübuların qiymətləndirilməsi haqqında” qərarla isə iş üzrə mülki İddiaçı dəymiş maddi ziyan 35381 manat hesab edilmişdir. Bu qiymətlər məhkəmə tərəfindən ziddiyətli hesab edildiyindən, məhkəmə ekspertizası təyin edilmiş və ekspert tərəfindən verilimiş rəylər ilə müəyyən edilmişdir ki, “Haval” markalı, “H9” model, **-OF-*** dövlət nişanlı avtomobilin təmirbərpa xərci (təxminən) dəyişilməli hissələr təzə olduğu halda qiyməti – 31764 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edildikdə - 28990 manat, təmir - bərpa işlərinin qiyməti – 3617 manatdır. Nəzərə alınmalıdır ki, avtomobil 2017-ci il buraxılışlıdır və hadisə 2022-ci ildə baş vermişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, ehtiyat hissələr kifayət qədər amortizasiya olunduğundan, təmir-bərpa işlərinin qiyməti kimi – dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq olaraq deyil, aşınma tətbiq edilməklə hesablanmalı və ekspert rəyinə əsasən təmir-bərpa xərci 32607 manat olması müəyyən edilməlidir. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, iddiaçı avtomobili aşağı məbləğdə qiyməti ilə satmışdır. Avtomobilin onun mülkiyyətindən çıxması, dəymiş ziyanın tələb edilməsinə təsir etmir. Məhkəmə eyni zamanda nəzərə alır ki, avtomobilə dəymiş zərərə görə iddiaçının etibarnamə üzrə nümayəndəsi X10 "xxxx" ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Bu hal iş materiallarında olan müvafiq ödəniş sənədləri ilə təsdiq edilir. Məhkəmə ekspert rəylərini və sığorta ödənişini nəzərə alaraq qeyd edir ki, avtomobilin təmir bərpa xərcinin – dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 32607 manat təşkil etməsi ekspertiza tərəfindən müəyyən edildiyindən və "xxxx" ASC tərəfindən İddiaçı dəymiş zərərin əvəzi olaraq 5000 manat məbləğində sığorta ödənişi həyata keçirildiyindən, zərərin əvəzinin geri qalan hissəsinin, yəni (32607 manat – 5000 manat = ) 27607 manatın cavabdehdən tutulması məqsədəmüvafiqdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 27607 manat məbləğində pulun alınaraq İddiaçı verilməlidir. Məhkəmə xərcləri. İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 172,82 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilmiş mülki prosessual qanunvericiliyinin tələblərinə əsasən, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri qismində 9/9296 saylı ekspertiza üzrə 100 manat, 9/3784 saylı ekspertiza üzrə 100 manat olmaqla, cəmi 200 manat Cavabdeh aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 27607 manat məbləğində pul və mülki iddiaya görə ödənilmiş 172,82 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin Məhkəmə ekspertizasının dəyəri qismində 9/9296 saylı ekspertiza üzrə 100 manat, 9/3784 saylı ekspertiza üzrə 100 manat olmaqla, cəmi 200 manat Cavabdeh alınaraq dövlət büdcəsinə göstərilən hesaba keçirilsin: AZ34CTRE******************** (VÖEN: **********, Məhkəmə Ekspertiza Mərkəzi; X5, KOD 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar