Məhkəmə qərarları › İş №2(010)-4516/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4516/2021

01.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4516/2021 01.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı “Azəriqaz” İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin (Bundan sonra “Azəriqaz” İB) Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh təqsiri səbəbindən “Azəriqaz” İB-nə dəymiş 339,27 manat ziyan məbləğinin və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı “Azəriqaz” İB-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “Azəriqaz” İB tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ş.Əliyev küçəsindən keçən, “Azəriqaz” İstehsalat Birliyinin balansında və istismarında olan diametri 76 mm-lik aşağı təzyiqli yerüstü qaz xətti vurularaq deformasiyaya uğramış və dayaqlardan düşmüşdür. Cavabdeh 15.01.2020-ci il tarixdə saat 11:15 radələrində idarə etdiyi **-CU-*** dövlət nömrə nişanlı avtomobillə qəza törədərək həmin qaz xəttini qırmış və sıradan çıxarmışdır. 15.01.2020-ci il tarixində əməkdaşları tərəfindən aşkar olunmuş fakt əsasında Cavabdeh tərəfindən törədilmiş qəza nəticəsində Birliyə vurulmuş ziyan hesablanaraq yararsız hala salınmış D76 mm-lik aşağı təzyiqli yerüstü qaz xətti vurularaq deformasiyaya uğramış və dayaqlardan düşmüşdür. Dəyər məbləği hesablanaraq ümumilikdə 339,27 (2,47 manat itirilmiş qazın dəyəri, 336,80 manat bərpa xərci) manat ziyan dəymişdir. Cavabdeh barəsində tədbir görülməsi məqsədilə 04.02.2021-ci il tarixində RƏ-17 saylı məktubla Suraxanı RPİ-nə müraciət olunmuşdur. Suraxanı RPİ-dən daxil olmuş 19.02.2021-ci il tarixli 096-4588-1221 saylı cavab məktubunda bildirilmişdir ki, RƏ-17 saylı məktub əsasında təhqiqat aparılmış və növbəti 04.02.2021-ci il tarixli RƏ-17 saylı məktubla fakt öz təsdiqini taparaq hadisəni törədən şəxsin ünvan 1 ünvanında yaşayan Cavabdeh olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında “Azəriqaz” İB-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib, əlavə olaraq göstərdi ki, cavabdeh iddia ərizəsində qeyd edilən tarixdə yol-nəqliyyat hadisəsi törətmiş və Birliyə məxsus qaz xəttinə ziyan vurmuşdur. Cavabdeh polis şöbəsində verdiyi izahatında bunu etiraf etmiş və o. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilmişdir. Hazırda iddianı müdafiə edir və onun təmin edilməsini xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin zahatını dinləyib, işin hallarına qiymət verib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası DİN Suraxanı rayon Polis idarəsinin 19.02.2021-ci il tarixli 096-4588-1221 saylı məktubunun surətindən görünür ki, 15.01.2021-ci il tarixdə **- CU-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh yol-nəqliyyat hadisəsi törətmiş və hadisə ilə bağlı sonuncu barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi İXP3728221 saylı inzibati protokol tərtib edilmişdir. - TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh 15.01.2021-ci il tarixli, İXP3728221 nömrəli protokola əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. - Cavabdeh Suraxanı RPİ DYPŞ-də olarkən verdiyi izahatından görünür ki, o, özünə məxsus olan **-CU-*** dövlət nömrə nişanlı avtomobillə 15.01.2021-ci il tarixdə hərəkətdə olarkən idarəetməni itirərək qaz borusuna dəymişdir. - “Azəriqaz” İB-nin Texniki İstehsalat şöbəsinin qaz xəttinin bərpası və görüləcək işlərin və işlədiləcək materialların qiymət cədvəlindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi. S.Əliyev küçəsində ba vermiş yol nəqliyyat hadisəsi nəticəsində zədələnmiş D76 mm-lik qaz xətinin bərpası və görüləcək işlərin qiyməti 336,80 manat təşkil edir. - 19.01.2021-ci il tarixli QH-kəmərdə təmir işlərinin aparılmasında qaz itkisinin hesabatından görünür ki, təmir işləri zamanı itirilmiş qazın dəyəri 2,47 manat təşkil etmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, Cavabdeh 15.01.2021-ci il tarixdə özünə məxsus **-CU-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarətməni itirərək “Azəriqaz” İB-nin balansında olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində çəkilmiş D76 m-lik qaz xəttini vurmuş və onu deformasiyaya uğratmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək inzibata qaydada cərimə edilmidir. Qaz xəttinin təmiri və itirilmiş qazın dəyəri hesablanarkən iddiaçı təşkilata 339,27 manat məbləğində ziyan dəydiyi müəyyən edilmidir. Hazırda iddiaçı vurumuş zərərin cavabdehdən tutularaq Birliyin hesabına ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, işə əlavə edilən sənədlərlə və işin mübahisəsiz halları ilə təsdiq edilir ki, Cavabdeh “Azəriqaz” İB-nin balansında və istismarında olan qaz xəttini törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində deformasiyaya uğratmaqla sonuncuya maddi ziyan vurmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı həmin zərərin əvəzini cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh iddiaçı “Azəriqaz” İB-nin xeyrinə sonuncunun balansında olan qaz xəttinə vurulmuş zərərin və itirilmiş qazın dəyəri olan 339,27 manat tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 339,27 (üç yüz otuz doqquz manat iyirmi yeddi qəpik) manat məbləğində dəymiş ziyan və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar