Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4531/2022 11.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 iyun 2016-cı il təvəllüdlü X1 üçün təyin olunmuş alimentin miqdarının artırıb sabit məbləğdə 200 manat aliment təyin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
2. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, o, cavabdehlə 2012-ci ildə nikaha daxil olmuş və həmin nikahdan bir övladı var. 2020-ci ildə nikahları pozulmuş və cavabdehdən 170 manat alimentin tutulması qət edilmişdir. Cavabdeh tərəfindən 170 manat aliment vaxtında ödənilsə də, hazırda uşağın tələbatlarını ödəməkdə çətinlik çəkir, çünki uşaq artıq 6 yaşındadır və kurslara gedir, məktəbə hazırlaşır. Cavabdeh isə onda olan məlumata əsasən "xxxx" MMC-də işləyir və gəlirləri yaxşıdır. Lakin cavabdehlə əlaqəsi olmadığı üçün onun əmək haqqısına dair arayış təqdim etməsi mümkün deyil. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
İş materialları.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2905/2020 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddiası qismən təmin edilərək, 03 iyun 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
5. “Elektron Məhkəmə” İnformasiya Sistemindən edilmiş Çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də menecer vəzifəsində işləyir və 300 manat əmək haqqı alır.
İşin faktiki halları.
6. Tərəflərin əvvəllər rəsmi nikahda olması, rəsmi nikahdan bir uşaqlarının olması, həmin uşağın anasının yanında qalmasına və cavabdehdən iddiaçının xeyrinə 170 manat alimentin tutulmasına dair hallar işin mübahisəsiz halı olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir.
Tətbiq edilən hüquq.
7. Azərbaycan Respublikası Ailə Məcəlləsi.
Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi. 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
9. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir.
10. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2905/2020 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə hər ay 170 manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı cavabdehin işlədiyini və kifayət qədər gəlir əldə etdiyini iddia etsə də, bu barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Bundan əlavə, iddiaçının özünün də bildirdiyi kimi hazırda gözəllik salonunda saç ustası işləyir və aylıq qazanca malikdir. Qanunvericiliyin tələbinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Odur ki, məhkəmə iddiaçının işləyərək müntəzəm əmək haqqısının olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı da cavabdeh ilə birlikdə bərabər hüquq və vəzifələrə malikdir və uşağın saxlanmasında bərabər şəkildə iştirak etməlidir. Həmçinin, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçı özünün və ya cavabdehin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklliyin (özünün maddi vəziyyətinin azalması, əmək qabiliyyəti olmaması səbəbindən işləyə bilməməsi, cavabdehin kifayət qədər gəlirlərinin olması və s.) olmasını sübut edə bilməmişdir. Əksinə elektron sistemdən çıxarılmış sənəddən görünür ki, cavabdeh 300 manat əmək haqqı alır və həmin əmək haqqının da yarısından çoxu ilə uşağının alimentini ödəyir. Alimentin miqdarının artırılması cavabdehin yaşayış səviyyəsinin pisləşməsinə səbəb olacaqdır.
Məhkəmə xərcləri.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
12. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
13. İddia rədd edildiyi üçün mediasiya orqanına ödənilmiş 50 manat məbləğində rüsum iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
14. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası rədd edilməlidir.
15. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia rədd edilsin. Mediasiya orqanına ödənilmiş 50 (əlli) manat məbləğində rüsum İddiaçı özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.