Məhkəmə qərarları › İş №2(010)-4534/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4534/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4534/2021 31.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Miriyeva Səlimə Miri qızı İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işi materiallarını araşdıraraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən 07.03.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********75675 Huawei P Smart markalı telefon üçün 110 manat ödənilməmiş hissə, 11 manat cərimə, 04.06.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********86442 BQ-2817 X1 markalı telefon üçün 34 manat ödənilməmiş hissə, 3 manat cərimə, ümumilikdə 158 manat borc, 20 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 07.03.2019-cu il tarixli və 04.06.2020-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********75675 Huawei P Smart markalı telefon, İMEİ kodu **********86442 BQ-2817 X1 markalı telefon almış və nəticədə 158 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07.03.2019-cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 638 manat, İMEİ kodu **********75675 Huawei P Smart markalı telefon üçün 121 manat olmaqla, ondan 110 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 11 manat cərimə; 04.06.2020-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 105 manat, İMEİ kodu **********86442 BQ-2817 X1 markalı telefon üçün ümumilikdə 37 manat olmaqla, ondan 34 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 599 manat təşkil edir. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasında baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə qanunvericiliyinin tələbini əsas götürərək işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 07.03.2019-cu il tarixli müqaviləyə əsasən, "xxxx" MMC müqavilədə göstərilən malı müştəriyə müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir. 07.03.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, ödəniləcək məbləğin 05.04.2019 – 05.01.2021-ci il tarixləri arasında hər ay 29 manat olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. 07.03.2019-cu il tarixli bildiriş və həmin tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh müqavilənin şərtləri ilə tanış olmuş, ona müqavilənin şərtləri pozulduğu təqdirdə baş verəcəklər barədə məlumat verilmiş, həmçinin müqavilədə göstərilən əşyaları tam qüsursuz təhvil almış, bu barədə bildirişə və akta imza etmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 04.06.2020-ci il tarixli müqaviləyə əsasən, "xxxx" MMC müqavilədə göstərilən malı müştəriyə müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir. 04.06.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, ödəniləcək məbləğin 04.07.2020 – 04.12.2020-ci il tarixləri arasında hər ay 17.5 manat olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. 04.06.2020-ci il tarixli bildiriş və həmin tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh müqavilənin şərtləri ilə tanış olmuş, ona müqavilənin şərtləri pozulduğu təqdirdə baş verəcəklər barədə məlumat verilmiş, həmçinin müqavilədə göstərilən əşyaları tam qüsursuz təhvil almış, bu barədə bildirişə və akta imza etmişdir. 29.06.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər iki müqaviləsi üzrə borcundan cəmi 599 manat ödəmiş, 144 manat əsas borca görə ödənilməmiş məbləğ, 14 manat cərimə olmaqla, cəmi 158 manat məbləğində borcu qalmışdır. 12.03.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcu və borcun ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Müvafiq xəbərdarlığın göndərilməsi barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə aralarında bağlanmış alğı-satqı müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı həmin müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış alğı-satqı müqavilələrinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən malları borcluya vermişdir. Borclu isə alğı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Odur ki, cavabdehdən iki alğısatqı müqaviləsi üzrə ödənilməmiş cəmi 144 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442 və 448.1-ci maddələrinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni zamanda işdən görünür ki, iddiaçı cavabdehdən öhdəliyin vaxtında və lazımınca icra edilməməsinə görə cərimə (dəbbə) tutulmasını xahiş etmişdir. Dəbbə puluna görə cavabdehin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun təqsiri olduğu təqdirdə tələb edə bilər. Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Beləliklə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində borclunun təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər. İşdən göründüyü kimi, iddiаçı cаvаbdehdən iki alğı satqı müqaviləsi üzrə cəmi 14 manat cərimə ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırki vəziyyətdə işin hаllаrınа uyğundur və bu səbəbdən iddia cərimə ilə bağlı hissədə əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. 284-6.3-cü maddəsinin tələbinə görə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflərin mübahisəli hüquq münasibətləri üzrə iddia tələbi qanuni və əsaslı olduğundan iddia təmin edilməli, iki alğısatqı müqaviləsi üzrə cəmi 144 manat məbləğində əsas borc və 14 manat cərimə olmaqla, cəmi 158 manat məbləğində pul Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatadək olduqda 20 manat dövlət rüsumu ödənilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı qanunla nəzərdə tutulmuş dövlət rüsumunu düzgün ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçının xeyrinə verilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iki alğı-satqı müqaviləsi üzrə cəmi 144 manat məbləğində əsas borc və 14 manat cərimə olmaqla, cəmi 158 manat məbləğində pul Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 144 manat əsas borc, 14 manat cərimə olmaqla, cəmi 158 (yüz əlli səkkiz) manat və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar