Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4577/2024 30.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 iclas katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X1 üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2783/2021 saylı qətnaməsi ilə təyin edilmiş hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər ay 235 (iki yüz otuz beş) manat miqdarında təyin edilməsi və ödədiyi 60 (altmış) manat mediasiya xərcinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2(010)-2783/2021 saylı qətnaməsi ilə birgə nikahdan anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bildirir ki, hazırda cavabdehin hər ay ödəməli olduğu 175 (bir yüz yetmiş beş) manat aliment uşağın normal saxlanması üçün yetərincə deyildir. İndiki iqtisadi çətinliklər zamanında qiymətlərin sürətli artımı vaxtında uşağa sərf olunan xərclər artdığı üçün alimentin artırılmasına böyük ehtiyac vardır. Cavabdehin uşağın normal saxlanması üçün daha yüksək aliment ödəməyə imkanı vardır. Lakin o, bunu könüllü etməkdən yayınır. Alimentin artırılması ilə bağlı o, cavabdehə təklif göndərdikdən sonra Mediasiyaya müraciət etmişdir. Lakin cavabdeh mediasiya prosesində iştirak etmədiyi üçün razılıq əldə olunmamış və ona məhkəməyə müraciət etmək tövsiyə edilmişdir.
Tərəflərin izahatları
3. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
4. Məhkəmə iclasında Cavabdeh ərizə təqdim edərək işə cavabdehin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, tələb olunan miqdarda aliment ödəməyə maddi imkanı çatmır. İddiaçı ilə nikah pozulduqdan sonra yeni ailə həyatı qurmuşdur və həmin nikahdan da övladları var, eyni zamanda atasına da maddi cəhətdən o baxır. Əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilən alimenti mütəmadi olaraq ödəmişdir. İş materialları
5. AZ-İİ seriyalı, 022104 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2007-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)-2783/2021 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında nikahın pozulması, xx.xx.2007-ci il təvəllüdlü X3 anası İddiaçı yanında qalması və onun yekinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş ) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
İşin faktiki halları
7. Tərəflərin rəsmi nikaha daxil olması, nikah münasibətlərindən bir uşaqlarının olması, daha sonra tərəflər arasında nikahın pozulması, hazırda uşağın anasının yanında qalması və cavabdehdən iddiaçının xeyrinə hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması işin faktiki hallarıdır. Tərəflər arasında mübahisə obyektini tələb edilən alimentin məbləği təşkil edir. İddiaçı tərəf hesab edir ki, cavabdehdən övladının saxlanılmasına görə tutulan alimentin miqdarı artırılmalıdır. İddiaçı bu tələbində ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu qiymətlərinə əsaslanır. Cavabdeh iddia tələbi ilə razı deyildir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
9. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
10. Uşaq Hüquqları haqqında Qanun
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
11. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə
6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Maddə 234.1. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
13. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.
Məhkəmənin mövqeyi
14. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
15. Məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)-2783/2021 saylı qətnaməsi əsasında cavabdehdən xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırkı tələbdə iddiaçı övladının saxlanılması üçün tutulan aliment miqdarının artırılaraq hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməsini tələb edir. Məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilən aliment miqdarı hazırkı dönəm üçün yetkinlik yaşına çatmayan uşağın mənafeyinə uyğun deyildir. Çünki, keçən dövr ərzində yaşayış şərtləri dəyişmiş, qiymətlər infylasiyaya məruz qalmışdır. Bu hal şəraitin dəyişməsi kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan uşaq anasının – iddiaçının himayəsindədir və alimentin təyin edilməsindən hazırkı vaxta qədər keçən dövr ərzində şəraitin dəyişməsi ilk növbədə iddiaçının maddi vəziyyətinə təsir etmiş olur. Ona görə də, məhkəmə hesab edir ki, aliment məbləği artırılmalıdır. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Hazırkı halda tərəfin maddi və ailə vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduğunu və 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə alaraq, xx.xx.2007ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə dair iddiaçının tələbi təmin edilməli, məhkəmənin qərarına əsasən xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 235 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
16. Məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
Məhkəmə xərcləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
19. AR MPM-nin 112.1.3-cü maddəsinə görə, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
20. Odur ki, mediasiya xərci olaraq ödənilmiş 60 manat pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı və eyni zamanda hazırki iş üzrə aliment miqdarının artırılmış hissəsinə uyğun olaraq ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
21. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2783/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan aliment miqdarı artırılaraq hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Artırılmış aliment miqdarına uyğun olaraq iş üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Artırılmış aliment miqdarı qətnamə qanuni qüvvə aldığı vaxtdan hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.