Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-458/2025 15.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 10038.9 manat əsas, 1355.1 manat faiz, 408.87 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 11802.87 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 125.41 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli ərizə-anketi imzalamaqla “Ümumi Oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi Ofertanın 16.1-ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə 36 ay müddətinə, illik 20% olmaqla 16000 manat məbləğində kredit xətti açılmışdır. Ümumi Ofertanın 16.1 və 19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən, borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin, cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 9 oktyabr 2024-cü il tarixinə "xxxx" KB ASC-yə 10038.9 manat əsas, 1355.1 manat faiz, 408.87 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 11802.87 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdehin etiraz ərizəsi. xx.xx.2024-cü il tarixdə Cavabdeh iddia ərizəsinə etiraz vərərək, iddia ərizəsində nəzərdə tutulmuş tələbi qismən qəbul etdiyini bildirmişdir. Etirazı onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən ona 12 iyul 2024-cü il tarixdə bildiriş göndərilmiş, bildirişdə əsas borc 10038.9 manat, 869.08 manat faiz, 149.09 manat cərimə, cəmi 11057.07 manat borc tələb edilmişdir. İddia ərizəsində isə faiz 1355.1 manata, cərimə 408.87 manata qaldırılmışdır. Hesab edir ki, bildiriş təqdim edildikdən sonra bank tərəfindən faiz və cərimənin artırılması əsassızdır. Çünki, bildirişin verilməsi ilə kredit müqaviləsinə xitam verilmiş sayılır və bundan sonra faiz və cərimə hesablanmamalıdır. Bununla yanaşı bildirişdə əsas borc daxil olmaqla, faiz düzgün hesablanmamışdır. Belə ki, tərəfindən sonuncu ödəniş 2024-cü ilin fevral ayında edilmiş və əsas borcdan 10 min manatdan çox vəsait ödənmişdir. Lakin, iddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədlərdə əsas borcun və faizin necə hesablandığı ilə bağlı sənədlər təqdim edilməmişdir. Habelə, sonuncu ödəmədən sonra faizlərin 3 aydan artıq hesablanması əsassızdır. Belə olan halda əsas borcun 10038.9 manat olmasını və faiz məbləğini qəbul etmir. Tərəflərin izahatları. İş üzrə iddiaçının nümayəndəsi X2 “Elektron Məhkəmə” sistemi vasitəsilə xx.xx.2025ci il tarixli ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəblərini məhkəməyə bildirməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları. İş materiallarında olan "xxxx" Kommersiya Bankı ASC-nin BANK/PİKMD/1229809 saylı 9 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 21757nkNFTb/22 saylı kredit müqaviləsi üzrə "xxxx" Kommersiya Bankı ASC-yə 10038.9 manat əsas borc, 1355.1 manat faiz borcu, 408.87 manat cərimə borcu, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 11802.87 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizə-anketdən görünür ki, Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli, 01U/21 saylı Ümumi Ofertası və onun bütün şərtləri ilə razılaşmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli SMS bildirişdən görünür ki, Cavabdeh ona SMS ilə göndərilən xx.xx.2025-ci il tarixinədək, illik 20%-lə 16000 manat nağd kredit (komissiya 0 manat, aylıq ödəniş 595 manat) və Ucard kartına illik 25%-lə, 1900 manatlıq kredit xəttini açmaq təklifini təsdiqləmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh bildirilmişdir ki, "xxxx" KB ASC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, 21757nkNFTb/22 saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyiniz üçün onun Banka cümə, 12 iyul 2024-ci il tarixinə 10038,9 AZN əsas, 869,08 AZN faiz, 149,09 AZN cərimə, cəmi 11057,07 AZN borcu yaranmışdır. O, kredit müqaviləsi ilə üzərinizə götürdüyünüz öhdəlikləri lazımınca və vaxtında icra etmədiyinizdən gecikdirilmiş borc məbləğinə əlavə olaraq cərimə hesablanmışdır. Banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi təklif edilmişdir. Əks təqdirdə, məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 01U/21 saylı X1 2.2.8-ci bəndinin c yarımbəndinə əsasən, Borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün Müştəri ödənilməli olan məbləğin 0.5%-i miqdarında Banka dəbbə pulu ödəyir. Müqavilənin 16.1-ci maddəsinə əsasən, Bank Müştəriyə SMS bildirişdə qeyd olunan məbləğdə, müddətdə, illik faiz dərəcəsində kredit limiti ayırır, ona bank hesabı açır və ödəniş kartı təqdim edir, Müştəri isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürür. İş materiallarına əlavə edilən kredit hesabından çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində 16000 manat köçürülmüş, xx.xx.2024-cü il tarixinədək kredit hesabı üzrə müxtəlif əməliyyatlar həyata keçirmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-9/2854/2025 nömrəli rəyindən görünür ki, Cavabdeh ilə "xxxx" KB ASC arasında xx.xx.2022-ci il tarixli, Ərizə-Anket və İmza Nümunəsi ərizəsi və həmin ərizənin tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli, 01U/21 saylı ümumi oferta müqaviləsi üzrə göstərilənlərə əsasən kreditdən təyinatı üzrə istifadə edilməsi və qaytarılması qaydaları Bankla Borcalan arasında Borcalanın bankda qeydiyyatda olan mobil telefon nömrəsi üzrə SMS bildirişlərinə, Borcalanın şəxsi kabineti, mobil tətbiqi və ya Bank tərəfindən təklif edilən digər vasitələrlə müəyyən edildiyinə görə tədqiqatla təqdim edilmiş sənədlərdə həmin qaydalar tərəflər arasında razılaşdırılmış qaydada öz əksini tapmadığından borc qalığının hesablanmasının mümkün olmadığı müəyyən edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır... Maddə 399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi ...465.2. Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.... Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 742. Borc müqaviləsinə xitam verilməsi və borcun qaytarılması 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı ...3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.... Məhkəmənin mövqeyi və gəldiyi nəticə Belə ki, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Tərəflər arasında olan münasibətlər “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən əvvəl yarandıqdan, həmin münasibətlərə müqavilə bağlandığı dövrdə qüvvədə olan müddəalar tətbiq edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh ona SMS ilə göndərilən xx.xx.2025-ci il tarixinədək, illik 20%-lə 16000 manat nağd kredit təklifini qəbul etmiş, tərəflər arasında xx.xx.20222-ci il tarixli ərizə-anket imzalanmış və 21757nkNFTb/22 saylı kredit müqaviləsi bağlanmışdır. Bank xx.xx.2024-cü il tarixli bildirişlə cavabdehə Banka olan bütün borc məbləğini (həmin tarixə: 10038,9 AZN əsas, 869,08 AZN faiz, 149,09 AZN cərimə, cəmi 11057,07 AZN borcu) tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi təklif etmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh iddia ərizəsinə etiraz vərərək, bildirmişdir ki, bildiriş təqdim edildikdən sonra bank tərəfindən faiz və cərimənin artırılması əsassızdır. Çünki, bildirişin verilməsi ilə kredit müqaviləsinə xitam verilmiş sayılır və bundan sonra faiz və cərimə hesablanmamalıdır. Həmçinin, borc düzgün hesablanmadıqdan, ekapertizanın keçirilməsini xahiş etmişdir. Belə ki, məhkəmə nəzərə alır ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bu müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Borcalan Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməli olan əsas borcu, əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə ilə öhdəliklərini yerinə yetirməmişdir. Borc məbləğinin hesablanmasına gəldikdə isə məhkəmə qeyd edir ki, cavabdehin vəsatəti təmin edilmiş və iş üzrə ekspertiza təyin edilmişdir. Lakin, ekspertin fikrinə görə, borc qalığının hesablanmasının mümkün olmadığından, nəticə əldə olunmamışdır. Halbuki, məhkəmə hesab edir ki, rəyin verilməsi üçün bütün zəruri məlumatlar iş materiallarında öz əksini tapmışdır. Cavabdehin etirazı ilə bağlı məhkəmə qeyd edir ki, yuxarıda sadalanmış AR Konstitusiya Məhkəməsi Plenum Qərarında göstərilmiş mövqeyə görə, ... kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır... Belə ki, məhkəmə nəzərə alır ki, iddiaçı-bank cavabdehə 3 il müddətinə, aylıq ödəniş 595 manat olmaqla, illik 20%-lə 16000 manat nağd krediti vermişdir. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu (bildiriş) göndərildikdə, müqavilənin ləğvi birtərəfli şərt kimi deyil, təklif kimi göstərilmişdir. İş materiallarından da göründüyü kimi, cavabdeh bidirişdə göstərilən hərəkətləri icra etməmiş, müqavilənin ləğvi barədə banka müraciət etməmiş, bununla da, məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə münasibətləri davam olunmuşdur. Belə olan halda, iddiaçı-bank haqlı olaraq məhkəmə müraciət etdiyi tarixə 10038.9 manat əsas borc və 1355.1 manat faiz borcu tələb etmişdir. Məhkəmə iddianın müqavilə üzrə yaranmış, 408.87 manat cərimə borcunun qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, cavabdehə hesablanmış cərimə borcu azaldılmalıdır. Belə ki, məhkəmə cavabdehin üzərində əsas və faiz borc olaraq ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən cərimə borcunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, cərimə tənasübsüz surətdə yüksəkdir, odur ki, 408.87 manat cərimə borcu azaldılaraq 100 manat müəyyən edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə qənaətinə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçı “Unibank“ KB ASC-nin xeyrinə 10038.9 manat əsas, 1355.1 manat faiz, 100 manat cərimə borcu olmaqla, cəmi 11494 manat borc tutulmalıdır. Məhkəmə xərcləri. İddiaçı-bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 124.48 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 10038.9 manat əsas, 1355.1 manat faiz, 100 manat cərimə borcu olmaqla, cəmi 11494 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 124.48 manat məbləğində vəsait tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva