Məhkəmə qərarları › İş №2(010)-460/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-460/2022

29.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-460/2022 29.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ona dəymiş maddi ziyana görə 28.000 manat, hüquqi xidmətə çəkdiyi xərcin əvəzi olaraq 220 manat, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu üçün ödənilmiş 21 manatın, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş 17,40 manat dövlət rüsumunun və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 174,40 manat, cəmi 28.432,80 manat məbləğində pulun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Əli oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, onun bağındakı hovuzu Sərxan və Elmir adlı ustalar tikiblər. Beton isə İftixar vasitəsi ilə gətirilib. O, İftixarla dəfələrlə danışmış, İftixar isə həm öz adından, həmdə digər cavabdehlərin adından bu işi düzəldəcəyini bildirib və ondan vaxt istəyib. Cavabdehlərdən biri maşını satacağını, digəri müdriyyətlə danışıb həll edəcəyini bildirirdi, lakin bugünə kimi ona heçnə ödənilməyib. İftixar məhkəmə proseslərində bildirmişdir ki, polisdə Elmir ondan xahiş etdiyi üçün 350 marka betondan istifadə edildiyini bildirib. Lakin, onun qeyd etdiyi səhvdir. Belə ki, hovuzda betonun markası 190-200-220 marka olaraq müxtəlif cürdür. Maksimum 220-230 marka betondan istifadə edilib. Əgər İftixarın qeyd etdiyi kimi 250 marka betondan istifadə edilsəydi, onun markası 260-a qalxa bilərdi. Belə ki, beton quruduqca bərkiyir. Acaq onlar heç 250 marka betondan da istifadə etmədikləri üçün hovuzda çat yaranıb. Cavabdehlər özləri bu səhvi etdiklərini bildirib dəfələrlə üzr istəyiblər, onları polisə, prokurorluğa verməməyini xahiş eləyiblər. Onlar beton verməyi təklif etdilər, lakin onunla iş bitmir. Hovuzun mozaikası, tutacaqlar, izolyasiyası hər şey məhv olub. Bugünkü gündə hovuzda yalnız motor və pilləkən qalıb. Cavabdehlər məhkəmədəki izahatlarında 200-250 arası markadan istifadə etdiklərini bildiriblər, lakin polisdəki izahatlarında 350 marka istifadə olunduğunu deyirdilər. Ustaları onlardan 350 marka beton istədiklərini bildiriblər. Elmirlə Sərxan müstəntiqin yanında izahat verdikdə də 350 marka istədiklərini qeyd ediblər. Hovuzun həcmi 97 tondur və 99% hovuzun belə olmasına səbəb betonun keyfiyyətsiz olmasıdır. O, ümumi olaraq maraqlanmış və hovuz üçün ən azı 350-400 marka betondan istifadə edilməli olduğunu bilmişdir. Bu səbəbdən də o, 350 marka betonun məbləği qədər ödəniş etmişdir. Beləliklə, nəticə etibarilə onun tərəfindən bütün sübutlar həm yazılı şəkildə təqdim edilmiş, həm də şifahi olaraq bildirilmişdir. Həmçinin, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyində də onun bildirdikləri bir daha öz təsdiqini tapmışdır. Bu səbəbdən ona dəyən ziyanın ödənilməsini istəyir. Halbuki, həmin ziyanın məbləği əslində çoxdur, cavabdehlər ona təkcə hovuzla baglı deyil, digər ziyanlar da vurmuşdur. Adicə hovuz məsələsində iki dəfə xərc çəkmişdir. Həyətindəki 3 metr hündürlüyündə, 20 metr uzunluğunda olan hasar hər an təhlükə mənbəyidir və xəta baş verə bilər. Hasarın fundamenti yuyulduğundan 3-4 yerdən aralanıbdır. İki ildir ki, mübahisə öz həllini tapmır. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən bağ sahəsində hovuz tikib və hovuza beton tökülməsi lazım olub. Həmin ustaların tanışı olan Cavabdeh2 beton gətirməsini bildirib və onun vasitəsi ilə Cavabdeh1 digər Cavabdeh3 işlədiyi beton zavodundan hovuz üçün beton gətirib töküb. İş materiallarına əlavə etdikləri Fövqəladə Hallar Nazirliyinin rəyindən də görünür ki, həmin hovuz üçün 350 marka beton istifadə edilməli imiş, lakin 220 marka betondan istifadə olunub. Betonun tökülməsindən 1 ay keçdikdən sonra çatlama başlayıb və iddiaçı bununla bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət edib. Müəyyən olunub ki, həmin çatlamaya səbəb hovuzun inşasında istifadə olunan aşağı keyfiyyətli beton olmuşdur. Belə ki, hovuz üçün yüksək marka beton istifadə olunmaq əvəzinə 220 marka betondan istifadə olunub. İş materiallarına əlavə etdiyi fotoşəkillərdən görünür ki, hovuzda baş verən çatlama nəticəsində hasara və hovuzun kənarında olan piltələrə zərər dəyib, hovuz tamamilə məhv olaraq yararsız hala düşüb. Hasarın və hovuzun bugünkü vəziyyətinin təmiri üçün 27000 manat xərc tələb olunur. İddiaçı hovuzu istifadəyə yararlı hala salması üçün hovuzun yenidən sökülüb tikilməsi lazımdır. Xəzər Rayon Polis İdarəsi İstintaq Şöbəsi tərəfindən verilmiş iş materiallarında Cavabdeh1 polis bölməsində verdiyi izahatda qeyd olunub ki, o, iddiaçıya dəymiş zərərin öhdəliyini öz üzərinə götürür və dəymiş zərəri ödəyəcək. Həmin polis bölməsindəki izahatında 350 marka beton verildiyini deyib və onun dediyi rəqəmdə sonradan qara qələm ilə düzəliş edilib. İş materiallarına qaimə də əlavə olunub, hansı ki, həmin qaimədə heç bir möhür, imza yoxdur, məlumdur ki, sonradan iş materiallarına həmin qaimə əlavə edilib. O da öz növbəsində araşdırma aparmışdır, belə ki, hovuzun tikintisinə 200-250 marka beton kifayət etməz, o daha çox qatqı kimi istifadə olunur, hovuz üçün ümumi olaraq həmin markadan istifadə edilə bilməz. Onlar şahid kimi ustaları çağırmağı düşündülər, ancaq onlar Dağıstanda işləməyə gediblər. Bu səbəbdən şahid qismində gəlmələri mümkün deyil. Cavabdehləri isə dəyişməyə ehtiyac görmür, cavabdehlərin hər üçünün də cavabdeh qismində qalmasını istəyirlər. Ekspert rəyi ilə tanış olub və rəylə də razıdır. Belə ki, ekspert rəyi iş üzrə əhəmiyyət kəsb edən hallardan biri idi və rəydə bütün suallara ətraflı cavab verilmişdir. Rəydən göründüyü kimi həm hasarın, həm də hovuzun sökülmədən bərpası mümkün deyil. Onlar tərəfindən təqdim edilmiş qiymətləndirici rəyində hətta həmin hissələrə heç toxunulmamışdır və əgər həmin hissələri də qeyd etsəydilər, ziyan daha çox olacaqdı. İddiaçı tərəfindən heç olmasa dəymiş ziyanın yarısının ödənilməsi barədə danışıqlar aparılmış, lakin razılıq əldə olunmamışdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. xx.xx.2021, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İftixar ondan 11-12 kub 250 marka beton istəmiş, o da həmin betonu göndərmişdir. Bir müddət keçdikdən sonra betonda çat əmələ gəldiyini bilmişdir. İftixar ona zəng edərək hovuza gedib baxmağı təklif etmiş, lakin o, yas mərasimində olduğunu, gedə bilməyəcəyini bildirmişdir. Bundan sonra iddiaçı özü ona zəng edərək gəlib hovuza baxmağını istəmişdir. Sabahı gün gedib görmüşdür ki, betonda çatlar əmələ gəlib. Ondan 250 marka beton istənilib, o da həmin marka betonu vermişdir və buna görə də betonda çatların nə səbəbdən yarandığını müəyyən edə bilməz. Onlar adətən betonu tanıdıqları şəxslərə verirlər deyə heç bir sənədləşmə olmur. Lakin betonu alan şəxs istəyəndə ona qaimə təqdim edirlər. Hovuza baxdıqdan sonra çatların betona görə yaranmadığını bildirmiş, lakin insanlıq olsun deyə kömək məqsədi ilə yenidən beton verə biləcəklərini demişdir. Yəni bunu öhdəlik kimi öz üzərinə götürməmişdir. Məsələ ilə bağlı polis bölməsinə çağırılmış və orada izahat yazmışdır. Ola bilər ki, betona çox su vurulduğu üçün markası aşağı düşmüşdür. Ümumiyyətlə, betonu verəndə nəyə istifadə olunacağı barədə maraqlanmır, çünki onun üçün öz ustası olur. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, vəkilin qeyd etdiyi kimi betonu o gətirmişdir, lakin marka hissəsində vəkilinin qeyd etdikləri ilə razılaşmır. Onun vasitəsilə indiyə kimi bir çox yerə beton verilib, lakin heç birində nəsə problem yaşanmayıb. Bu məsələlərdə çox vaxt ustaların öz maraqları olur. Belə ki, ustalar ev sahibindən əlavə pul alırlar, onlardan isə fərqli marka beton sifariş edirlər. Əslində sənədləşmə olur, lakin Elmir usta gəlib alanda ondan sənəd istəmədi. Elmir usta ondan 250 marka beton istəmiş və verilən betonun pulunu ona Elmir ödəmişdir. Elmir onlar polis bölməsinə getmədən əvvəl ona yaxınlaşıb pis vəziyyətdə olduğunu bildirmişdir. O bildirdi ki, hovuz partlayıb və su axıdır. Belə ki, onlar hovuzda çatlama olmadan 1 ay əvvəl hər gün hovuza 5 ton su vururdular. Hovuz isə 50-100 ton su tutur. Həyət də torpaq olduğu üçün su hovuzdan axıb gedirmiş və ustalar da hər gün hovuza dayanmadan su vururmuşlar və nəticədə hovuzda çatlama yaranıb. Əslində beton üçün izolyasiya düzgün çəkilməyib, yoxsa hovuz üçün 250 marka beton normal keyfiyyətli betondur. Elmir pis vəziyyətdə olduğu üçün polis bölməsində 350 marka beton sifariş edildiyini qeyd etməsini ondan xahiş etmişdir. O da Elmir xahiş etdiyi üçün izahatında 350 marka beton sifariş olunduğunu qeyd eləmişdir. Daha sonra onlar kitabla baxıb araşdırmışlar ki, onlardan 250 marka beton istənilib və onlar 250 marka beton vemişlər. O, iddiaçının onları polisə verməməsi üçün 3-4 gün gözləməsini xahiş etmiş və demişdir ki, beton verib dəymiş zərəri bərpa edə bilərlər. İnsanlıq edərək əvəzində beton vermək istəmişlər, lakin sonra ortaya 25-30 min manat məsələsi çıxdığı üçün razılaşa bilməmişlər. Betona su qatılanda o da orada idi. Elmirə betona su vurmaq olmaz dedikdə, o, “betonu özünün sifariş verdiyini və özünün istədiyini edəcəyini” demişdir. Ümumiyyətlə, iki yerdən beton gəlib, biri Sənangilin, digəri isə Fazilgilin yanından. Bu gələn qaimə Sənanın verdiyi qaimədir. Fazil isə qaiməni götürməmişdir. Verilən qaimənin biri obyektə verilir, digəri isə zavodda qalır. Polisin iş materiallarında belə Fazilin qaiməsi yoxdur. Ekspert rəyi ilə də razı deyil, belə ki, ekspert rəyində həmin hissəyə 20 kv.m. mişar daşı, 20 kv.m. isə beton töküldüyünü qeyd edib. Halbuki, qeyd olunan absurddur, çünki həmin yerin özü 100 kv.m.-dir. Buna görə də qeyd olunanların nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh3 Əli oğlu iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, 21 ildir ki, bu işlə məşğul olur. O, iddiaçını tanımır, belə ki, İftixar ona zəng edərək, 11 kub 250 marka beton lazım olduğunu bildirmişdir. Onlar polisə də qaimə-fakturanı, beton maşınının giriş-çıxışını qeydə aldıqları kitabı göstərmiş və həmin sənədlərin surətini polisə təqdim etmişdir. Onlar ustaya həmin qaimə-fakturanı verdikdə istəmədiklərini bildirmişlər. Ümumilikdə, onlardan 250 marka beton sifariş edilib və həmin marka betonun da məbləği ödənilib. O, öz işinin məsuliyyəti baxımından öyrənmişdir ki, həmin yerin konstruksiyasında çox kobud səhvlər olub. Ora üçün maksimum 240 marka beton istifadə edilə bilərmiş. Lakin İftixar ona dedi ki, betona çoxlu su vurulub. Betona isə qətiyyən su vurmaq olmaz. Əgər İftixarın istədiyi 250 marka beton, onların verdiyi isə 200 marka beton olsa idi, onlar cavabdehlik daşıyardılar. Lakin onlarla heç kəs zavoda gəlib müqavilə bağlamıyıb, ona sifarişi də İftixar verib. Onlar müqavilə əsasında işləyirlər, həm də fərdi satışları da var. Onlar İftixarı 6-7 ildir ki, tanıyırlar, beton alınanda əslində qaimə verirlər. Əgər alan tərəf qaimə götürmürsə problem həmin tərəfin olur. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında Cavabdeh3 Əli oğlunun və vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı daha əvvəl hüquq mühafizə orqanına şikayət edib və orada cinayət işinin başlanılmasından imtina edilməsi barədə qərar qəbul edib. Ümumiyyətlə, Cavabdeh3 hüquqi şəxs və ya beton zavodunun rəhbəri deyil, o, yalnız fiziki şəxs olaraq orada işçidir. Həmçinin onlarla iddiaçı arasında rəsmi bağlanmış hər hansı müqavilə yoxdur. İddiaçı beton sifarişini özü birbaşa etməyib, digər cavabdeh qismində qoyulmuş şəxslərə həvalə edib. Onlar da hansı marka beton sifariş veriblərsə, həmin markada beton onlara təhvil verilib. Bu səbəbdən iddia onlara qarşı verilməli deyildi. İş materiallarına əlavə edilmiş: Xəzər Rayon Polis İdarəsindən məhkəmə sorğusuna əsasən göndərilmiş HK-1/552 №-li rədd materiallardan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Xəzər RPİ-nə müraciət edərək, ona dəymiş 20000 manat maddi ziyanın ödənilməsinə kömək göstərilməsini və ictimai təhlükəli əməli törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Cəlal Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardadan görünür ki, araşdırma zamanı İddiaçı bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şuvəlan qəsəbəsi 4114-J ünvanında yerləşən fərdi yaşayış bağ evinin həyətyani sahədə təxminən 50 kv. metr hovuzun tikintisi üçün usta tapmışdır. Həmin ustalar beton almaq üçün İftixar adlı şəxslə danışıb sifariş vermişlər. xx.xx.2021-ci il tarixdə sözügedən evin hayətində 980 manat betona, 150 manat pompa maşınına pul verilməsi üçün ustalara vermişdir. Sonradan beton maşını gəlmiş və usta İftixar adlı şəxsə pulu vermişdir. xx.xx.2021-ci il tarixdə təkrar pompa avtomaşınla birlikdə betona 1.400 manat pul verilmiş, həmin pul da İftixar adlı şəxsə verilmişdir. Tikinti başa çatdıqdan sonra iyun ayının əvvələrində hovuzun suyunun azaldığını hiss etmişdir. Lakin iyul ayının əvvələrində hovuzun divarlarında artiq çatlamalar, dağılmalar baş vermişdir. O, usta ilə əlaqə saxlamış, usta ona bildirmişdir ki, hovuzun suyu təcili boşalmalıdır. O hovuzun suyun boşaltmışdır. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinə müraciət etmişdir. Agentlik tərəfindən hovuzda istifadə olunan betonun möhkəmlik həddi yoxlanılıb və müəyyən olunmuşdur ki, onun 350 marka aldığı beton əvəzinə ona İftixar adlı şəxs tərəfindən sifariş verilən beton 200 marka çıxmışdır. Ona görə də o bu barədə İftixar adlı şəxsə demiş və İftixar ona bildirmişdir ki, hovuza beton zavodundan 350 marka beton sifariş vermiş, 350 marka betonun pulunu ödəmiş və günahi yoxdur. Betonun möhkəmlik həddi yoxlanıldıqdan sonra İftixar adlı şəxs beton aldığı zavoddan Fazil adlı şəxsi nümayəndə çağırmışdır. Fazil adlı şəxs gəlmiş və istifadə olunan betona baxdıqdan sonra bildirmişdir ki, səhvləridir və ona dəymiş ziyanı qarşılayacaqlar. Daha sonra İftixar adlı şəxs 1-ci dəfə sifariş verdiyi beton zavodunun nümayəndəsi Sənan adlı şəxslə əlaqə quraraq danışmışlar. Sənan ümumiyyətlə etiraf etməmiş, müxtəlif bəhanələr gətirərək tutduğu əməldən yayınmağa çalışmışdır. Daha sonra ona dəymiş ziyanın qarşılanması üçün Fazil adlı şəxs pulun yarsını ödəyəcəyinə söz vermişdir. Sonradan sözünə əməl etməmişdir. Araşdırma zamanı Cavabdeh2 bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində bağ evində işləyən tanıdığı Elmir və Sərxan adlı ustalar ona zəng vuraraq beton sifariş vermək istədiklərini və yerə gəlib baxmalarını tapşırmışlar. O, həmin gün ustaların bildirdiyi ünvana getmiş və beton töküləsi yerə baxmışdır. Elə həmin vaxt Dərnəgül qəsəbəsi, Baksol deyilən yerdə yerləşən və Sənan adlı şəxsin işlədiyi zavoddan beton sifariş vermək üçün Sənan adlı şəxsə zəng vuraraq 11 kub 350 marka beton sifariş vermişdir. Həmin gün təxminən bir saat sonra beton gəlmiş və onun iştirakı ilə hovuzun döşəməsinə beton vurmuşlar. Betonu vurarkən orada işləyən ustalar bildirmişlər ki, betona su qatılmalıdır. O, bildirmişdir ki, su qatıldıqda betonun keyfiyyyəti düşəcəkdir. Lakin usta təkidlə su qatılmasını bildirmişdir. Ona görə də betona su qatılmış və hovuzun döşəməsinə vurulmuşdur. Bundan təxminən bir həftə sonra xx.xx.2021-ci il tarixdə həmin ustalar təkrarən ona zəng vuraraq 12 kub beton sifariş vermək istədiklərini bildirmişlər. O, həmin gün Sənan adlı şəxslə maraqlanmış, onlarda beton olmadığı üçün əvvəllər beton maşını sürən kimi tanıdığı Fazil adlı şəxslə danışarkən ona 350 marka 12 kub beton lazım olduğunu demiş və Fazil sifarişi qəbul edərək betonu göndərmişdir. Betonu hovuzun divarlarına vurmuşlar, lakin beton çatmamışdır. Çatmadığı üçün Fazil adlı şəxs ilə aralarında sözlə mübahisə etmişlər. Sonradan yer ölçülmüş və müəyyən olmuşdur ki, yer bir qədər böyük çıxdığı üçün yenə 13 kub beton lazım olmuşdur. Təxminən 1 ay sonra usta Elmir adlı şəxs ona zəng vuraraq betonun çatlamasmı bildirmişdir. O, laborantla birlikdə həmin ünvana getmiş və betonun keyfiyyətin yoxladıqda aydın olmuşdur ki, betonun bəzi yerlərində betonun keyfiyyəti 220 və 240 marka olmuşdur. Həmin vaxt ev sahibi Rauf da orada olmuşdur. O, bu barədə Fazil adlı şəxslə danışmışdır. Sonradan Fazil adlı şəxs də həmin ünvana gələrək baxış keçirdikdən sonra bildirmişdir ki, markası səhv olmuşdur. O sonradan Fazil adlı şəxslə danışmış və ev sahibi Raufa dəymiş ziyandan öz üzərinə düşəni ödəcəyinə söz versə də, üzərinə düşəni müxtəlif bahanələr gətirərək ödəməmişdir. Araşdırma zamanı X6 bildirmişdir ki, müxtəlif tikintilərdə beton tökmə işlərində 16-17 il işləmişdir. Tanışı Sərxan adlı şəxs ilə təxminən 10 ildir ki, birlikdə işləmişlər. Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən bağ evində hovuz tikintisi ilə əlaqədar beton işi sifarişi qəbul etmişlər. Belə ki, evin sahibi Rauf adlı şəxs sosial şəbəkə vasitəsi ilə ustaları tapmış və əlaqə saxlayaraq razılığa gəlmişlər. Daha sonra sözügedən yerə baxış keçirmişlər, təxminən xx.xx.2021-ci il tarixdə beton sifariş etmişlər. xx.xx.2021-ci il tarixdə İftixar adlı şəxsə zəng vuraraq hovuzun döşəməsinə 11 kub 350 marka beton sifariş vermişdir. Həmin gün beton maşını gəlmiş və betonu hovuzun döşəməsinə tökdükdə betonun qatı olduğunu görmüş, İftixar adlı şəxsə betona bir qədər su qatılmasını bildirmişdir. Bir qədər betona su qatıldıqdan sonra hovuzun döşəməsinə tökülərək yayılmışdır. Bundan təxminən 10-15 gün sonra hovuzun divarlarına beton lazım olduğu üçün təkrarən İftixar adlı şəxslə 12 kub 350 marka beton sifariş vermiş və həmin beton gəldikdən sonra hovuzun divarlarına vurulmuşdur. İyul ayında ev sahibi Rauf adlı şəxs ona zəng edərək bildirmişdir ki, hovuzun divarlarında çatlamalar, dağılmalar baş verir. O, başqa ustalarla maraqlandıqdan sonra ev sahibi Rauf adlı şəxsə zəng vuraraq hovuzun suyunu təcili boşaltmasını bildirmiş və Sərxan adlı şəxslə birlikdə həmin yerə gedərək hovuzdan suyu boşaltmışlar. Bundan sonra ev sahibi Rauf adlı şəxs özü araşdırma aparmağa başlamış, mütəxəssis çağırmış və məlum olmuşdur ki, hovuzun döşəmə və divarlarına vurulmuş beton 350 marka olmamış, təxminən 200-220 marka müəyyən olunmuşdur. Daha sonra ev sahibi Rauf adlı şəxs İftixara zəng etmiş və betonun mütəxəssis tərəfindən verilən rəy, betonun 200-220 marka olduğunu demişdir. Həmin vaxt İftixar adlı şəxs bildirmişdir ki, döşəməyə sifariş verdiyi betonu Sənan adlı şəxsin zavodundan, divarları sifariş verdiyi betonu isə Fazil adlı şəxsin zavodundan gətirdiyini bildirmişdir. Bir neçə gün sonra İftixar adlı şəxs beton sifariş verdiyi Fazil adlı şəxslə gəlmişlər və hovuza baxdıqdan sonra günahın özlərində olduğunu, beton markasını səhv verdiklərini, ev sahibi Rauf adlı şəxsə dəymiş maddi ziyanı öz üzərlərinə düşəni ödəyəcəyini demişlər və ev sahibi Raufla razılaşmışlar. Bİr müddət sonra isə məlum olmuşdur ki, heç bir maddi ziyan ödənişi olmamışdır. Araşdırma zamanı X4 eyni məzmunlu izahat verərək bir daha Elmir İmanovun göstərdiklərini təsdiq etmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh1 izahatında bildirmişdir ki, əvvəllər Keşlə qəsəbəsində yerləşən beton zavodda sürücü işləmişdir. İftixar adlı şəxsi həmin ərəfələr tanımışdır. Belə ki, maşında artıq qalmış betonu lazım olan şəxs və ya şəxslərə satmaq lazım olmuşdur. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə İftixar adlı şəxs ona zəng vurmuş və 12 kub beton sifariş verərək betonu Mərdəkan qəsəbəsinə gətirilməsini bildirmişdir. Lakin betonun hansı markada olduğunu bilməmiş, çünki apardığı betona qaimə yazılmamışdır. Lakm xatırladığına görə İftixar adlı şəxs ona 200-250 marka beton sifariş vermişdir. O, betonun keyfiyyətinin aşağa olmasından yalnız İftixar adlı şəxs və ev sahibi Rauf adlı şəxs onu çağırdıqdan sonra məlumatı olmuşdur. Belə ki, hovuzun divarlarına və döşəməsinə vurulmuş beton sökülmüş və buna baxmayaraq divarlarda yaranmış çatlar müşahidə edilmişdir. Sonradan ev sahibi Rauf adlı şəxs ona sənəd göstərərək betonun keyfiyyətinin 200-240 olduğunu qeyd etmişdir. O, evin sahibi Rauf adlı şəxsə bildirmişdir ki, sifariş verən İftixar adlı şəxs ona 12 kub betona görə ümumi 800 manat pul vermiş və həmin pulu o zavoda aparmış və ona cəmi 80 man pul qalmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi S.Ə.Dadaşov adına ETLKİM İnstitutu tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 4114 j saylı bağ sahəsindəki hovuzun döşəməsi və divarları yoxlanılmışdır. Hovuzun döşəməsi: Betonun tökülmə tarixi: xx.xx.2021, betonun yoxlanma tarixi: xx.xx.2021, betonun naturada möhkəmlik həddinin orta göstəricisi, MPa. 21,5-23,0 Ror. Hovuzun divarları: Betonun tökülmə tarixi: xx.xx.2021, betonun yoxlanma tarixi: xx.xx.2021, betonun naturada möhkəmlik həddinin orta göstəricisi, MPa. 22,0-24,5 Ror. xx.xx.2021 və xx.xx.2021-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən 171 və 4 manat olmaqla, cəmi 175 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün 17,40 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2021-ci il tarixli, 1307 №-li hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, iddiaçı tərəfindən hazırki iş üzrə hüquqi yardıma görə 218 manat məbləğində pul ödənilmişdir. xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu üçün 20 manat pul ödənilmişdir. “X5” MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli hesabatdan görünür ki, Bakı şəhəri, Şüvəlan qəsəbəsində 4114 j nömrəli bağ evinin həyətyanı sahəsində mövcud olan hovuzun yenidən inşa edilib istifadəyə verilməsi üçün və hovuzun tam yararsız hala düşməsi nəticəsində fərdi yaşayış evinin ziyan görmüş həyətyanı döşəməsinin və hasarının zərərçəkmiş hissəsinin yenidən bərpası üçün lazım olan vəsaitin ümumi miqdarı hazırki dövr üçün 27.000 AZN təşkil edir. İron-Beton Construction tərəfindən tərtib edilmiş cədvəldən görünür ki, Şüvəlan qəsəbəsinə 11 km3 250 marka beton sifariş verilmişdir. xx.xx.2021-ci il tarixli qaimə fakturadan görünür ki, Şüvəlan qəsəbəsinə 11 km3 250 marka beton təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 avqust 2022-ci il tarixli, 10/1919 №-li ekspert rəyində qeyd olunmuşdur ki, hər hansı tikintidə istifadə olunmuş sementin markasının müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətinə aid deyildir. Lakin mülki iş materiallarının 10-cu səhifəsində olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə- X1 İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş cədvələ əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 4114-J saylı bağ sahəsində yerləşən hovuzun tikintisində istifadə olunan betonun möhkəmliyi konstruksiyada “SMİDT” çəkici ilə yoxlanılmış və istifadə olunan betonun B15 sinifinə (200 markaya yaxın) aid olmaqla, möhkəmlik həddinin orta göstəricisinin hovuzun döşəməsində 21,5-23,0 MPa, divarlarında 22,0-24,5 MPa təşkil etdiyi müəyyən olunmuşdur. Qərardadın 2-ci sualı ilə əlaqədar qeyd olunur ki, tədqiq olunan hovuz tikilisinin monolit dəmir betondan inşa edilmiş divarlarında şaquli istiqamətdə döşəməyə qədər çatlar əmələ gəldiyi, bir çox yerlərdə betonun üst qatının dağıldığı, hovuzun kənarlarına vurulmuş tamet plitələrin bir-birindən aralandığı, döşəmənin bəzi yerlərdə aşağı doğru çökdüyü, həmçinin sərhəd hasarının üzərində bəzi yerlərdə iki tərəfli, keçici çatlar yarandığı müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənləri və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş cədvələ əsasən, tədqiq olunan hovuzun tikintisində istifadə olunan betonun B15 sinifinə (200 markaya yaxın) aid olduğunu nəzərə aldıqda, həmin hovuzda yaranmış qüsurların, istifadə olunan betonun markasının aşağı olması səbəbindən əmələ gəlməyə xarakterik olduğu müəyyən edilir. Tədqiq olunan tikililər üzrə yaranmış qüsurların xarakterini və mövcud vəziyyətini nəzərə alaraq, dağılmış hissələrin və döşəmə örtüyünün bərpa edilməsi həmin tikililər sökülmədən mümkün deyildir. Lakin hovuz tikintisi xüsusi növ tikinti işlərinə aid olduğundan, həmçinin tikintidə istifadə olunan materialların, hovuz aksesuarlarinın seçimindən, filtrasiya sistemlərindən asılı olaraq qiymətlərdə dəyişiklik olduğundan, yaranmış qüsurların bərpa olunması üçün yerinə yetirilməli işlərin dəyəri, müvafiq firma və ya şirkətlər tərəfindən görüləcək işlərə dair smeta tərtib edilməklə müəyyən oluna bilər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 385.1.-ci maddəsində deylir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1.-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1128.1-ci maddəsinə əsasən, malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. Həmin Məcəllənin 1131-ci maddəsinə əsasən, malın satıcısı və ya istehsalçısı, işin və ya xidmətin icraçısı zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya istehlakçının maldan, işin, xidmətin nəticələrindən istifadə və onları saxlama qaydalarını pozması nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 1132-ci maddəsinə əsasən, malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur. Həmin Məcəllənin 752.1-ci podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 588.1.-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Həmin Məcəllənin 587.2.-ci maddəsinə əsasən, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, hazırkı işdə iddianın əsasını təşkil edən əsas üç təsdiq edilməli hal vardır: 1. İddiaçıya aid sahədəki hovuzda və digər hissələrin beton (suvaq) qatında yaranan çatlamalar və aşınmalar onların tikilməsində istifadə olunan sementin markasının aşağı olması ilə bağlıdır; 2. Cavabdehlərin sementin markasının sifariş verildiyindən daha aşağı markada iddiaçıya təqdim edilməsində təqsirləri; 3. Vurulmuş real ziyanın iddia olunan ziyan həddində olması. Hazırkı işdə mübahisələndirilməyən hal qeyd edilən hovuz və digər sahələrdə qüsurların, o cümlədən çatların olması halıdır. Belə ki, ekspert araşdırmasınınn nəticəsi ilə yanaşı, tərəflər onun mövcudluğunu birmənalı şəkildə təsdiq edirlər. Lakin, iddiaçı hazırkı iş üzrə cavabdehlərin ziyan vurulmasına birbaşa aidiyyətlərini təsdiq edə bilməmişdir. Belə ki, həm iddia ərizəsində, həm də məhkəmədə verilən izahatlarda iddiaçı əvvəlcə tikinti işlərini aparmaq üçün ustalar tapdığını, sonralar həmin ustaların İfixar Bəbişov adlı cavabdehi tapdıqlarını və ona beton sifariş etdiklərini bildirib. Göründüyü kimi, iddiaçı qarşısında hovuzun tikintisi ilə bağlı podrat tapşırığını məhz ustalar qəbul edib. Ustalarla cavabdehlər arasında isə, beton alqı-satqı münasibətləri mövcud olub. İddiaçı ilə İftixar birbaşa nə podrat, nə də alqı-satqı münasibətinə girməyiblər. Onlar yalnız mübahisə yarandıqdan sonra bir-birilərini tanıyıblar. Belə olan halda, iddiaçı Cavabdeh2 və betonu bilavasitə təqdim edən şəxslərə beton sifarişinin 350 marka olaraq edildiyini sübut etməyə borcludur. Sonuncular onlara yalnız 250 marka beton sifariş olunduğunu bildirir. Belə olan halda, iddiaçı ustalar vasitəsilə bu halın əksini sübut etməli olduğu halda, bunu edə bilməyib. Məhkəmə Cavabdeh2 polis araşdırması zamanı verdiyi ifadəsinə münasibət bildirərək qeyd edir ki, mülki prosessual qanunvericilik də müəyyən edir ki, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericilik yalnız məhkəmə iclasında tədqiq olunan sübutlar əsasında qərar qəbul edir. Qanunvericiliyin bu göstərişi məhkəmə zalında şəxsin verdiyi izahatın digər orqanlarda verdiyi izahata münasibətdə daha mötəbər dəlil olduğunu deməyə əsas verir (Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, hökmü və digər qərarlarında müəyyən edilmiş hallar-şəxsin izahatı istisna olmaqla). Cavabdeh2 ona 250 markalı betonun sifariş olunduğunu bildirirsə, məhz onunla bilavasitə alqı-satqı münasibətində olmuş ustalar bunun əksini sübut etməli idilər. Daha doğrusu, məhkəmə hesab edir ki, hazırkı iddiaya cavab verməli olan şəxslər məhz ustalar olmalıdır. Məhkəmə tərəfindən cavabdehlərin əsl cavabdehlə əvəz olunması barədə təklifi iddiaçının vəkili və nümayəndəsi Vəkil1 tərəfindən qəbul edilməmişdir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyi üçün ödənilmiş bütün dövlət rüsumları İddiaçı özünə aid edilməlidir. Həmçinin, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2, Kod 210005 VÖEN ********** Müxbir Hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************) köçürülməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia rədd edilsin. İddia rədd edildiyi üçün ödənilmiş bütün dövlət rüsumları İddiaçı özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2, Kod 210005 VÖEN ********** Müxbir Hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************) köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar