Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4601/2023 06.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il və xx.xx.2017-ci il təvəllüdlü qız övladlarının saxlanması üçün, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan aliment məbləği artırılaraq hər ay hər bir uşaq üçün 220 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinə dəqiqləşmə verərək, iddia tələbində yol verdiyi yanlışlıqların xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)-1628/2021 saylı qətnaməsi ilə təyin edilmiş 175 manat aliment məbləğində aliment artırılması kimi qeyd olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Surxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, qətnaməsi ilə ididaçı İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuşdur. Həmin vaxtdan başlayaraq cavabdeh tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2015-ci il və xx.xx.2017-ci il təvəllüdlü iki qız övladları saxlanılması üçün heç bir maddi kömək göstərməmişdir. Buna görə də aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, iş № 2(010)-1628/2021 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş iki qız övladların yetkinlik yaşına çatanadək saxlanılması üçün aya hər bir uşağa 175 manat aliment məbləğininin tutularaq ona verilməsi qət edilmişdir. Hal-hazırda X4 8 yaşı (olacaq) və X5 6 yaşı (olacaq) var. Suraxanı rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların hər bir təlabatının ödənilməsinə yetmir. Uşaqlar (böyük qızı 2-ci sinfə keçib, balaca qızı uşaq bağçasında məktəbəqədər təhsil mərkəzində) təhsil aldıqları üçün məsrəfləri yetərincə artmışdır. Bundan başqa ölkədə yetkinlik yaşın çatmamışlar üçün yaşayış minimumunda dəyişdirilmiş və 2022-ci ildən 220 manat müəyyən edilmişdir. Buna görə də, iddiaçı aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkıməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları. Məhkəmənin iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X9 iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. 5 saylı Bakı ASAN Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 630320 nömrəli, xx.xx.2015-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2015-ci il tarixdə Qusar rayonunda anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 18 noyabr 2015-ci il tarixdə 699 sayla qeyd edilmişdir. 5 saylı Bakı ASAN Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 051461 nömrəli xx.xx.2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2017-ci il tarixdə Qusar rayonunda anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 05 dekabr 2017-ci il tarixdə 5711 sayla qeyd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10365/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünün ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin iş üzrə 12 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş “X6 iştirak edilməməsi barədə” arayışın surətindən görünür ki, tərəflər arasında mediasiya MŞB/13- 01302/2023 nömrəli işi açılmış, xx.xx.2023-cü il tarixə təyin edilmiş X6 İddiaçı iştirak etmiş, Cavabdeh isə ilkin mediasiya sessiyası barədə sifarişli bildirişin göndərilməsinə baxmayaraq, o sessiyada iştirak etməmiş və onunla əlaqə saxlamaq mümkün olmamışdır. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Suraxanı rayon Məhkəməsinin 2(010)-1628/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 3 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat Şöbəsində 08 sentyabr 2014-cü il tarixdə bağlanmış “Nikahın bağlanması haqqında akt qeydləri kitabında “1596 №-si ilə qeyd edilmiş nikah pozulmuş, 30 oktyabr 2015-ci il tarixində anadan olan X8 və 23 noyabr 2017-ci il tarixində anadan olan X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutulmuş, Aliment tutulmasının əvvəli 11 fevral 2021-ci il tarixdən hesablanması qət edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: 17-ci maddəsinin İİ-ci hissəsi: Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələri: ....analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir..... Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.... Azərbaycan Respublikasının Ailə Məcəlləsinin müvafiq maddələri: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 112. İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: (...)112.1.3. aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə;(...) Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ...119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsi: 9.1.2 Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür (m .9.4). “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsi: Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələri: 13-cü maddəsi: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsi: ...valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. İşin hallarından göründüyü kimi, tərəflərin nikahından iki uşaq doğulmuş və bu uşaqlar hazırda iddiaçının yanında qalır. Bu baxımdan uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı, cari ildə uşaqlar üçün yaşayış minimumu artdığından, bu uşağların saxlanılması üçün cavabdehdən alimentin artırılmasını tələb etməkdə haqlı olmuşdur. Nəzərə alınmalıdır ki, cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ (220 manat) tərəflərin birgə nikahından doğulmuş uşaqlara da şamil edilməlidir. Üstəlik, uşaq daimi olaraq iddiaçının yanında qaldığından ona qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyü diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. AZEMİS elektron məhkəmə sistemindən əldə olunan məlumata əsasən, cavabdehin hal-hazırda mövcud olan əmək müqaviləsi yoxdur, yəni o, əmək haqqı almır. Lakin, bu hal onu öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. İddiaçı tərəf alimentin artırılmasını iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən hesablanmasını xahiş etsə də, alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanır. Bu baxımdan məhkəmə hesab edir ki, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Məhkəmə xərcləri. Aliment alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (440x12=5280 manat) mütənasib olan 72,8 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, ödənilməmiş 72.8 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1628/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılsın. xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində pul Cavabdeh tutularaq İddiaçı Akıf qızına ödənilsin. Ödənilməmiş 72.8 manat məbləğində dövlət rüsumu cavabdeh, Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva