Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4639/2022 20.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Miriyeva Səlimə Miri qızı İddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki iş materiallarını araşdıraraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlərdən "xxxx" KB ASC-nin xeyrinə 2306.07 manat əsas borcun və dövlət rüsumu olaraq ödənilmiş 43.07 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 60 ay müddətinə illik 29% ödəmək şərti ilə 3500 manat məbləğində kredit verilmişdir. Bakı şəhəri 24 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən X2 vəfat etməsi ilə əlaqədar Cavabdeh1 və Cavabdeh2 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu isə cavabdehlərin borcalanın hüquqi varisi kimi müəyyən olunması anlamına gəlir. Bakı şəhəri 24 saylı notariat ofisinin borcalanın hüquqi varisinin müəyyən edilməsinə dair banka göndərdiyi cavab məktubundan göründüyü kimi iddia qaldırılmış işlə bağlı cavabdehlər miras qalmış əmlaka vərəsəlik hüququ əsasında sahib olmuşdur. Cavabdehlər borcalanın vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi, eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludur. Bu, bankın cavabdehlərdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququnu yaradır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə qanunvericiliyinin tələbini əsas götürərək işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" KB ASC və X4 arasında bağlanmış xx.xx.2019-ci il tarixli, 13321sNAR/19 nömrəli kredit müqaviləsindən görünür ki, müqaviləyə əsasən Borcverən ən çoxu 120 ay müddətinə, illik faiz dərəcəsi 35% faizədək olmaq şərt ilə 20000 AZN məbləğədək krediti, kredit prosedurlarına görə 5% məbləğədək, kredit müraciəti üçün 4AZN komisyon haqqı tutmaqla Borcalana verə bilər. Bu Müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minimum 18% maksimum 40% təşkil edir. Bank bu müqavilə müddətinin sonunadək həmin müqavilədə nəzərdə tutulmiş şərt və qaydalarla müştəriyə kredit rəsmiləşdirə bilər. Bu halda müştəri hər ay kredit üzrə ödənilməli olan məbləği Banka qaytarmağı öz öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" KB ASC-nin müştərisi olan X2 13321sNAR/19 saylı kredit müqaviləsi üzrə 2306.07 manat əsas borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 borcun məbləği barədə xəbərdar edilmiş, borc qaytarılmayacağı təqdirdə məhkəmə müraciət ediləcəyi bildirilmişdir. Bildirişə əlavə edilmiş poçt qəbzindən surətindən görünür ki, həmin bildiriş borcluların ünvanına çatmışdır. Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ 108717 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 669 nömrə ilə qeyd edilmişdir. ünvan ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə ölmüş X2 adına 24 saylı notariat ofisində oğulları - Cavabdeh1 və Cavabdeh2 adına vərəsəlik işi açılmış, onlara xx.xx.2021-ci il tarixində 2V/17 reyestrdə qeydiyyatdan keçmiş "xxxx" KB ASC-də AZ37UBAZ**********1010AZN002 cari hesabında olan 1252.82 manat, AZ37UBAZ**********1010AZN003 cari hesabında olan 0.13 manat, AZ37UBAZ**********1010AZN001 hesabında olan 0.63 manat əmanətə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" KB ASC ilə X4 arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən Borcverən (Bank) ən çoxu 120 ay müddətinə, illik faiz dərəcəsi 35% faizədək olmaq şərt ilə 20000 AZN məbləğədək krediti Borcalana (X3) verə bilər. Bu müqaviləyə əsasən Borcalana 3500 manat məbləğində kredit verilmişdir. Lakin borcalan X4 xx.xx.2020-ci il tarixdə ölmüş, bu səbəbdən müqavilə üzrə öhdəliklərin onun tərəfindən icrası mümkün olmamışdır. Bundan sonra müqavilə üzrə borcverən Bankın müraciəti əsasında müvafiq notariat ofisi tərəfindən mərhum borcalanın vərəsələri və miras əmlakın həcmi barədə məlumat əldə edilmiş, xx.xx.2020-ci il tarixdə ölmüş X1 qalmış miras üçün Bakı şəhəri 24 saylı notariat ofisində mərhumun oğulları Cavabdeh1 və Cavabdeh2 adına vərəsəlik işi açıldığı, onlara mərhumun "xxxx" KB ASC-də cari hesabında olan 1252.82 manat, başqa bir cari hesabda olan 0.13 manat, digər bir hesabda olan 0.63 manat əmanətə vərəsəlik hüququ haqqında şəhadətnamə (hər biri miras əmlakdan 1/2 irs almaqla) verilmişdir. Bundan sonra, Bank mərhum X2 vərəsələri olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhumla Bank arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2306.07 manat məbləğində əsas borcu tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı Bank mərhum X2 bank qarşısında kredit öhdəliklərinin icrasını onun vərəsələri olan Cavabdeh1 və Cavabdeh2 tələb etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarında qeyd edilir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. ... Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Beləliklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhum borcalan X2 vərəsələri kimi iddiaçı Bank qarşısında miras aktivindəki paylarına (1/2) mütənasib məsuliyyət daşımışlar. Lakin iş materiallarında olan hesabdan çıxarış məlumatlarından görünür ki, müvafiq kredit müqaviləsi üzrə bir ildən çoxdur ki, heç bir ödəniş edilməmiş, bununla da cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etməmişlər. Bu baxımdan iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyəti mərhumun vərəsələri olan cavabdehlərdən kredit müqaviləsi üzrə borcun tutulmasını tələb etməldə haqlı olmuşdur. Lakin məhkəmə iddiaçı Bank tərəfindən cavabdehlərdən tələb edilən borcun məbləği isə qismən razılaşmır. Ona görə ki, yuxarıda da qeyd edildiyi kimi cavabdehlər mərhum borcalanın vərəsələri kimi iddiaçı Bank qarşısında öhdəlik daşıyırlar. Yuxarıda istinad edilmiş Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarında da göstərildiyi kimi vərəsənin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsənin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Hazırkı işdən görünür ki, vərəsələrin hər birinə 1/2 pay olmaqla qəbul etdikləri miras aktivinin həcmi 1253.58 manat (üç hesabdakı əmanətlərin cəmi) məbləğindədir. Belə olan halda miras qoyanın bank qarşısındakı borcuna görə vərəsələrdən müştərək qaydada yalnız miras aktivi həcmində - 1253.58 manat məbləğində pul tutula bilər. Odur ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən, məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı nəzərdə tutulmuş dövlət rüsumunu (43.07 manat) düzgün ödəmişdir. Odur ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə (1253.58 manat) mütənasib olan 32.53 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 1253.58 manat məbləğində əsas borc və 32.53 manat ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1253.58 manat (min iki yüz əlli üç manat əlli səkkiz qəpik) məbləğində əsas borc və 32.53 manat (otuz iki manat əlli üç qəpik) məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-4639/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4639/2022
20.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver