Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4646/2021 09.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21.02.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********48374 olan “İphone 11” markalı telefon üçün 946,4 manat ödənilməmiş hissə, 282,6 manat dəbbə pulu, 11.09.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********33155 olan “Samsung Galaxy Z Flip” markalı telefon üçün 3960 manat ödənilməmiş hissə, 891 manat dəbbə pulu, ümumilikdə 6080 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul vəsaitinin alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 21.02.2020-ci il tarixli və 11.09.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********48374 olan “İphone 11” markalı və İMEİ kodu **********33155 olan “Samsung Galaxy Z Flip” markalı telefonlar almış və nəticədə 6080 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 21.02.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2048,4 manat (12 ay x 157,7 manat + 156 manat ilkin ödəniş) olan İMEİ kodu **********48374 olan “İphone 11” markalı telefon üçün 1229 manat olmaqla, ondan 946,4 manat ödənilməmiş hissə, 282,6 manat dəbbə pulu, 11.09.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3960 manat (12 ay x 330 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********33155 olan “Samsung Galaxy Z Flip” markalı telefon üçün 4851 manat olmaqla ondan 3960 manat ödənilməmiş hissə, 891 manat dəbbə pulu borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1102 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarının dinləyib, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21.02.2020-ci il tarixli, 20118186 nömrəli müqavilədən və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 2048,4 manat məbləğində İMEİ kodu **********48374 olan “İpone 11” markalı telefon əldə etmiş və həmin məbləği aylıq 157,7 manat olmaqla, 12 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12.06.2020-ci il tarixli, 21157582 nömrəli müqavilədən və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 3960 manat məbləğində İMEİ kodu **********33155 olan “Samsung Galaxy Z Flip” markalı telefon əldə etmiş və həmin məbləği aylıq 330 manat olmaqla, 12 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 21.02.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 946,4 manat ödənilməmiş hissə, 282,6 manat dəbbə pulu olmaqla, cəmi 1229 manat, 11.09.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 3960 manat ödənilməmiş hissə, 891 manat dəbbə pulu olmaqla, cəmi 4851 manat məbləğində borcu vardır. İş materiallarında olan 16.07.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilələr ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.1-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh öhdəliklərini lazımi qaydada icra etmədiyindən hazırki iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilələr üzrə tələb olunan dəbbə pulu əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və müvafiq olaraq 21.02.2020-ci il tarixli müqavilə üzrə 20 manat, 11.09.2020-ci il tarixli müqavilə üzrə 30 manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə anuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 21.02.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********48374 İPhone 11 markalı telefon üçün 946 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, cəmi 966,4 manat, 11.09.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********33155 Samsung Galaxy Z Flip markalı telefon üçün 3966 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, cəmi 3990 manat, ümumilikdə 4956,4 (dörd min doqquz yüz əlli altı manat qırx qəpik) manat məbləğində pul və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 21.02.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********48374 iPhone 11 markalı telefon üçün 946 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, cəmi 966,4 manat, 11.09.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********33155 Samsung Galaxy Z Flip markalı telefon üçün 3966 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu olmaqla, cəmi 3990 manat, ümumilikdə 4956,4 (dörd min doqquz əlli altı manat qırx qəpik) manat pul və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Baık Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-4646/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4646/2021
09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver