Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4658/2025 20.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədlərə baxaraq, Müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1100 manat məbləğində pul vəsaitinin cavabeh Cavabdeh tutularaq ona ödənilməsini xahiş etmişdir. Hesab edirəm ki, ərizənin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Abşeron Rayon Məhkəməsinin 1(012)-797/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, qeyd olunan hökmdə cinayət əməli törədilməsi nəticəsində vurulmuş maddi ziyana görə təqsirləndirilən şəxs Cavabdeh zərərçəkmiş şəxs İddiaçı xeyrinə 1100 manat məbləğində pul vəsaitinin tutulması hökm edilmişdir. Həmin hökmdə vurulmuş ziyanla bağlı qeyd edilmişdir ki, cinayət prosesində zərərçəkmiş şəxs qismində tanınmış şəxslərin maddi ziyanın vurulması ilə müşayət olunan (məsələn, oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə, quldurluq, əmlakı qəsdən və yaxud ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə və s. bu kimi) pul vəsaitləri və digər əmlakı mülki iddianın verilməsi ilə şərtləndirilmədiyindən cinayət-prosessual restitusiya qaydasında onlara qaytarılmalı, hər hansı səbəbdən həmin əmlakı qaytarmaq mümkün olmadıqda və xüsusi müsadirə tətbiq olunduqda isə, təqsirkarın bu əmlaka bərabər digər əmlakının müsadirə olunması hesabına onlara vurulmuş maddi ziyan ödənilməlidir. Ona görə də, məhkəmə cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Cavabdeh zərərçəkmiş şəxsə vurulmuş maddi ziyana görə İddiaçı xeyrinə 1100 manat məbləğində pul vəsaiti tutularaq, ödənilməlidir. AR CPM-nin 89.1-ci maddəsinə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 180.1-ci maddəsinə görə eyni tərəflər arasında və eyni predmet üzrə mübahisəyə dair eyni əsaslarla qəbul edilmiş mülki iddia haqqında, mülki iddiaçının iddiadan imtina etməsinin qəbul olunması haqqında və ya barışıq sazişinin təsdiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması, habelə iddianın rədd edilməsini, yaxud tamamilə və ya qismən təmin edilməsini nəzərdə tutan qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması yenidən mülki iddia verilməsini istisna edir. AR MPM-nin 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, iddiaçının cavabdehdən hazırki iddia tələbi üzrə tələb etdiyi 1100 manat pul vəsaitinin Abşeron Rayon Məhkəməsinin yuxarıda qeyd olunan hökmündə təqsirləndirilən şəxs Cavabdeh zərərçəkmiş şəxs İddiaçı xeyrinə tutulması hökm edilmişdir. Belə olan halda, məhkəmə həm mülki prosessual, həm də cinayət prosessual qanunvericilk normalarının tələblərinə əsasən hesab edir ki, hazırki iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Ona görə ki, iddia tələbində qeyd edilən məsələ məhkəmə aktı ilə artıq həll olunub. Yenidən həmin məsləyə məhkəmədə baxılması prosessual qanunvericiliyin tələbinə ziddir. Ərizəçi yuxarıda qeyd edilən hökmün ziyanın tutulması hissəsində icrası ilə bağlı müvafiq icra şöbəsinə və ya icraya nəzarət edən məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in müvafiq maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-4658/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4658/2025
20.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver