Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4659/2025 17.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1733 manat əsas borcun və ödənilmiş 39 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun - İddiaçı qaynanasıdır. Cavabdeh 2025-ci ilin may ayında ona müraciət edərək xahiş etmişdir ki, 1 ay müddətinə ona 2000 manat borca pul versin. Həmin vaxt onda 2000 manat pul olmadığına görə cəmi 1733 manat pulu 29 may 2025-ci il tarixdə Xaçmaz Şəhəri H.Z Tağıyev küçəsində yerləşən Eko marketdəki terminal vasitəsilə cavabdehə göndərmişdir. 1 ay müddətinə borc aldığı pulu vaxtında ödəmədiyinə görə cavabdehdən dəfələrlə xahiş etmişdir ki, özünün də pula ehtiyacı olduğuna görə təcili pulunu qaytarsın. Cavabdeh isə müxtəlif bəhanələrlə borca aldığı 1733 manat pulu qaytarmaqdan yayınmışdır. Tərəflərin izahatları. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək, evini əlindən almaq istədiklərini, iddiaçının ondan evin cavabdehin qızının adına keçirilməsini tələb etdiyini, yoldaşının sağlığında iddiaçinın onlardan pul götürdüyünü və borclu olmasını, indi isə cavabdehdən pul istədiyini bildirmişdir. Qeyd edir ki, evin sənədi Atabankda olmuşdur. Bundan başqa qeyd edir ki, cavabdehə borcu qaytarması şərti ilə evi girovdan çıxaracağını bildirmişdir. Əlavə olaraq bildirir ki, o, qarşı tərəfin kartına Milliön vasitəsilə pul köçürmüşdür. İddianın təmin olunmamasını xahiş edir. İş materialları. xx.xx.2025-ci il tarixli milliön ödəniş qəbzinin surətindən görünür ki, 1733 manat Cavabdeh 001-119087-0018 nömrəli hesabına köçürülmüşdür. xx.xx.2025-ci il tarixli, 1-414453925 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, 30 manat İddiaçı ****1902 nömrəli kart hesabına köçürülmüşdür. xx.xx.2025-ci il tarixli, **********1 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, 150 manat İddiaçı ****1902 nömrəli kart hesabına köçürülmüşdür. xx.xx.2025-ci il tarixli, 1-263754387 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, 200 manat İddiaçı ****1902 nömrəli kart hesabına köçürülmüşdür. xx.xx.2024-cü il tarixli, **********5 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, 500 manat İddiaçı 416973******1902 nömrəli kart hesabına köçürülmüşdür. xx.xx.2024-cü il tarixli, 1-77158231 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, 75 manat İddiaçı 416973******1902 nömrəli kart hesabına köçürülmüşdür. Ödəniş kartın şəkilindən görünür ki, ****1902 nömrəli kart İddiaçı adına verilmişdir Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləki, işin faktiki hallarından görünür ki, iddiaçı ilə cavabdeh kürəkən və qaynana olmaqla, münaqişəli münasibətlərdədirlər. İddiaçı Cavabdeh 1733 manat məbləğində pulun tutularaq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin borcun verilməsini iddiaçı xx.xx.2025-ci il tarixli ödəniş qəbzi ilə təsdiq edir. Cavabdeh isə, iddia tələbini qəbul etməyərək, iddiaçinın onlardan pul götürdüyünü və borclu olmasını, 1733 manat pulun isə borcun qaytarılması ilə bağlı olduğunu bildirmişdir. Cavabdeh borcun verilməsini xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci tarixli ödəniş qəbzləri ilə sübut etməyə çalışmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmüşdur ki, İddiaçı ilə Cavabdeh arasında mülki hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olmuş şifahi formada bağlanmış borc müqaviləsidir. Hər iki tərəfin təqdim edildiyi ödəniş qəbzləri mötəbər sübut kimi qiymətləndirilmiş və müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehin kart hesabına milliön vasitəsilə 1733 manat pul köçürmüş, cavabdeh isə bu tarixdən qabaq xx.xx.2025-ci il tarixdə 150 manat, xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 75 manat və ondan sonra xx.xx.2025-ci tarixdə 30 manat məbləğlərdə pulu iddiaçının kart hesabına ödəmişdir. Qarşılıqlı hesablaşmaları aparmaq yolu ilə, məhkəmə tələbin 1733 manat borcun qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı borc məbləğini tam hissədə qaytarılmasını tələb etsə də, iş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, cavabdeh 955 manat pulu iddiaçıya ödəmişdir. Cavabdeh iddiaçının ona borclu olduğunu təsdiq edən digər sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, cavabdeh qalan 778 manat pul məbləğinin iddiaçıya ödənilməsini sübut edə bilməmişdir. Bunun nəticəsində, məhkəmə hesab edir ki, iddiaçı 1733 manat pul məbləğindən yalnız 778 manat tələb etməkdə haqlı olmuşdur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 788 manat məbləğində pul məbləği Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri. İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 788 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-4659/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4659/2025
17.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver