Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-466/2025 06.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 8205.68 manat əsas, 422.14 manat faiz, 14.07 manat cərimə və 0 manat komisyon haqqı olmaqla cəmi 8641.89 manat pul vəsaitinin və 106.42 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Cavabdeh xx.xx.2022-ci il tarixli ərizəni imzalamaqla “Ümumi Oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi Ofertanın 16.1-ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə 60 ay müddətinə, illik 28.75% olmaqla 8900 manat məbləğində kredit xətti açılmışdır. Ümumi Ofertanın 16.1 və 19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh Müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.
Tərəflərin izahatları
3. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları
5. Cavabdeh xx.xx.2022-ci tarixli ərizəsindən və sms bildirişdən görünür ki, "xxxx" KB ASCnin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və bütün şərtlərlə razı olduğunu bildirmişdir və ona 60 ay müddətinə, illik 28.75% olmaqla 8900 manat məbləğində kredit xətti açılmışdır.
6. Hesabdan Çıxarışdan görünür ki, Cavabdeh ona təqdim edilmiş kredit vəsaitindən istifadə etmişdir.
7. İş matariallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh banka 8205.68 manat əsas, 763.72 manat faiz, 7.92 manat cərimə olmaqla cəmi 8977.32 manat kredit borcu vardır. Cavabdeh 3 iş günü müddəti ərzində yaranmış borcu ödəməklə kredit müqaviləsinin ləğv edilməsi təklif edilmiş, əks təqdirdə isə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
8. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 8205.68 manat əsas, 422.14 manat faiz, 14.07 manat cərimə və 0 manat komisyon haqqı olmaqla, cəmi 8641.89 manat kredit borcu vardır.
9. Mədaxil qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilən zaman 106.42 manat dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları
10. Tərəflər arasında kredit müqaviləsinin bağlanması və həmin müqavilədə qeyd olunan kredit vəsaitinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi işin hallarını təşkil edir. Hazırda iddiaçı cavabdehin öz öhdəliyini lazımi qaydada yerinə yetirmədiyini bildirərək yaranmış borc məbləğinin qaytarılmasını tələb edir. Cavabdeh tərəfindən iddia tələbinə etiraz yaxud mülahizə daxil olmamışdır.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
13. AR Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli Qərarı.
Həmin Qərarın 1-ci bəndində qeyd edilmişdir ki, AR Mülki Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Eyni zamanda Qərarın 3-cü bəndinə əsasən, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.
Məhkəmənin mövqeyi
14. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
15. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli ərizəsi əsasında illik 28.75 faiz dərəcəsi olmaqla, 60 ay müddətində 8900 manat kredit xətti açılmışdır. Müəyyən edilir ki, tərəflər arasında etibarlı kredit münasibətləri mövcud olmuşdur. İddiaçı öz üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməsinə baxmayaraq, cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. İddia tələbində qeyd edilən məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsi halı işə əlavə edilən sənədlərlə təsdiq olunur. İddiaçı tələbdə qeyd olunan məbləğin cavabdehdən tutulmasını tələb edir.
16. Məhkəmə qeyd edir ki, iddiaçı öz tələbində cavabdehdən 8205.68 manat əsas, 422.14 manat faiz, 14.07 manat cərimə və 0 manat komisyon haqqı olmaqla cəmi 8641.89 manat pul vəsaitinin tutulmasını tələb etsə də, lakin müqavilənin ləğvi barədə iddiaçı tərəfindən cavabdehə ünvanlanan bildirişdən görünür ki, Cavabdeh banka 8205.68 manat əsas, 763.72 manat faiz, 7.92 manat cərimə olmaqla cəmi 8977.32 manat kredit borcu vardır. Cavabdeh 3 iş günü müddəti ərzində yaranmış borcu ödəməklə kredit müqaviləsinin ləğv edilməsi təklif edilmiş, əks təqdirdə isə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
17. Məhkəmə qeyd edir ki, AR Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarından göründüyü kimi, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Tələb edilən borc münasibətdə isə məhkəmə qeyd edir ki, iddia tələbi əsas və faiz borcuna münasibətdə tam əsaslıdır. Lakin tələb edilən cəriməyə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2024-cü il tarixli bildirişlə kredit müqaviləsinin ləğv edilməsi barədə iradə ifadəsini cavabdehə bildirmişdir. Konstitusiya Məhkəməsinin yuxarıda sərgilədiyi hüquqi mövqeyə əsaslanaraq, məhkəmə hesab edir ki, müqavilə üzrə cərimə məbləği iddiaçının müqavilədən imtina etməsi barədə iradə ifadəsinin qarşı tərəfə bildirdiyi vaxta qədər hesablanmalıdır. Belə olan halda, məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən göründüyü kimi, kreditor (iddiaçı) Cavabdeh banka olan (əsas və faiz borcu ilə yanaşı) 7.92 manat cərimə borcunu 3 iş günü müddəti ərzində qaytarması və kredit müqaviləsinin ləğv edilməsini təklif etməklə artıq hazırki müqaviləyə münasibətdə öz iradəsini ifadə etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən cərimə borcu ona ünvanlanan xx.xx.2024-cü il tarixli bildirişdə qeyd olunan formada – 7.92 manat olmaqla tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
19. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 106.42 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə
20. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 8205.68 manat əsas borc, 422.14 manat faiz borcu və 7.92 manat cərimə borcu olmaqla cəmi 8635.74 manat və iş üzrə ödənilmiş 106.42 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.
21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh 8205.68 manat əsas borc, 422.14 manat faiz borcu və 7.92 manat cərimə borcu olmaqla cəmi 8635.74 manat və iş üzrə ödənilmiş 106.42 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.