Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-467/2025 27.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X2 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 5459,11 manat əsas borc, 925,54 manat faiz, 37,5 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 6422,15 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 84,23 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli ərizə-anketi imzalamaqla “Ümumi oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi ofertanın 16.1-ci bəndinə uyğun olaraq SMS vasitəsilə cavabdehə 60 ay müddətinə, illik 28,75 % olmaqla 6.100 manat məbləğində kredit xətti açılmışdır. Ümumi Ofertanın 16.1 və 19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 09 oktyabr 2024-cü il tarixə "xxxx" KB ASC-yə 5.459,11 manat əsas borc, 925,54 manat faiz, 37,5 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 6.422,15 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Tərəflərin izahatları. İş üzrə iddiaçının nümayəndəsi X1 məhkəməyə xx.xx.2026-cı il tarixdə elektron ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək, izahatında bildirdi ki, həqiqətən iddiaçı ilə kredit müqaviləsi bağlamış və bankdan kredit götürmüşdür. İddianın faiz hissəsi ilə razı deyil. İş materialları. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 22717nkADJb/22 saylı kredit müqaviləsindən görünür ki, bu Müqavilə "xxxx" ASC-nin rəsmi İnternet səhifəsində (www.unibank.az) yerləşdirilmiş və Borcalanın yazılı razılığı ilə bütün şərtləri onun tərəfindən qəbul edilmiş xx.xx.2021 tarixli, 01U/21 saylı ümumi oferta (bundan sonra "oferta") çərçivəsində bağlanılır. Bu Müqavilədə nəzərdə tutulmayan və tərəflər arasında münasibetleri tənzimləyən bütün digər şərtlər oferta ilə tənzimlənir. Müqavilənin 1.1-ci bəndi: "xxxx" Kommersiya Bankı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə, xx.xx.2025 il tarixinədək illik 25 faiz (faktiki illik faiz dərəcəsi 25.84) ödəmək şərtilə 4400 manat məbləğində kredit mülkiyyətinə verilmiş və borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürür. Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay 175 manat, sonuncu ödəniş tarixində isə 178,97 manat ödəniş etməklə, verilmiş kredit məbləğini şərtləşdirilmiş qaydada ödəməli idi. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 01U/21 saylı Ümumi Ofertanın 16.1-ci maddəsinə əsasən, Bank Müştəriyə SMS bildirişdə qeyd olunan məbləğdə, müddətdə, illik faiz dərəcəsində kredit limiti ayırır, ona bank hesabı açır və ödəniş kartı təqdim edir, Müştəri isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürür. Ümumi Ofertanın 19.1-ci maddəsinə əsasən, bu Müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minimum 16 % – maksimum 40 % faiz təşkil edir. Kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli SMS bildirişdən görünür ki, Cavabdeh ona illik 28.75 %-lə 6100 manat nağd kredit (komissiya 249 manat, aylıq ödəniş 193 manat olmaqla) təklifini təsdiqləmiş, vəsait onun kartına köçürülmüşdür. İş materiallarında olan "xxxx" Kommersiya Bankı ASC-nin 09 oktyabr 2024-cü il tarixli BANK/PİKMD/1229837 saylı maliyyə arayışından görünür ki, müştəri Cavabdeh 22717nkADJb/22 saylı kredit müqaviləsi üzrə "xxxx" Kommersiya Bankı ASC-yə 5459,11 manat əsas borc, 925,54 manat faiz, 37,5 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 6422,15 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 22717nkADJb/22 saylı kredit müqaviləsi üzrə yaranmış borc barədə məlumat verilmiş, borcu 3 iş günü müddətində ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/10497 saylı rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, məhkəmə-mühasibat ekspertizası ilkin sənədlərin məlumatları əsasında aparılan tədqiqat olduğundan, lakin xx.xx.2021-ci il tarixli 01U/21 saylı ümumi oferta müqaviləsi üzrə yuxarıda göstərilənlərə əsasən kreditdən təyinatı üzrə istifadə edilməsi və qaytarılması qaydaları bankla borcalan arasında borcalanın bankda qeydiyyatda olan mobil telefon nömrəsi üzrə SMS bildirişlərinə, borcalanın şəxsi kabineti, mobil tətbiqi və ya bank tərəfindən təklif edilən digər vasitələrlə müəytyən edildiyinə görə hazırki tədqiqata təqdim edilmiş sənədlərdə həmin qaydaların tərəflər arasında razılaşdırılmış qaydada öz əksini tapmadığından borc qalığının hesablanması mümkün olmur. Aparılmış tədqiqatın dəyərinin 100 manat təşkil etdiyi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh bank hesabı çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixində hesaba bank tərəfindən 6100 manat mədaxil edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 84,23 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 742. Borc müqaviləsinə xitam verilməsi və borcun qaytarılması 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Belə ki, məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Tərəflər arasında olan münasibətlər “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən əvvəl yarandıqdan, həmin münasibətlərə müqavilə bağlandığı dövrdə qüvvədə olan müddəalar tətbiq edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında ilkin olaraq müqavilə xx.xx.2022-ci il tarixində bağlansa da, hazırki qətnaməsi ilə iddia tələbinə uyğun olaraq xx.xx.2023-cü il tarixində köçürülmuş borc məbləğinə dair münasibət bildirilir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş və xx.xx.2023-cü il tarixində razılaşdırılmış pul məbləğini borclunun bank hesabına köçürtmüşdür. Lakin, borclu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Borcalan Cavabdeh 22717nkADJb/22 saylı kredit müqaviləsi üzrə ona xx.xx.2023-cü il tarixində köçürülmuş məbləği tam şəkildə razılaşdırılmış qaydada qaytarmamış, kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş, yəni iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməli olan əsas borcu, əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh ilkin olaraq borc məbləğini mübahisələndirilmiş və bununla bağlı məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Ekspertizanın aparılmasından bir neçə dəfə imtina edilmiş, lakin buna baxmayaraq, ekspertiza xərcləri barədə qəbz məhkəməyə təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, ekspertizanın keçirilməsindən əsassız imtina edilmiş, təqdim edilmiş məlumatlara əsasən borcun hesablanması mümkün görünürdü. Eyni zamanda, aparılmamış tədqiqata görə ödənişin tələb edilməsi də əsassız görünür. Nəticədə, cavabdeh- borclu iddia tələbi ilə qismən razılaşmış, faizləri azaldılmasını xahiş etmişdir. Müqavilə üzrə tərəflər arasında borcalan öz öhdəliklərini icra etmədiyi halda cərimə razılaşdırılmışdır. Məhkəmə cəriməni tənəssübsüz surətdə yüksək hesab etməmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə qənaətinə gəlir ki, iddia təmin edilməli, 5459,11 manat əsas borc, 925,54 manat faiz, 37,5 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 6422,15 manat pul vəsaiti Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri. İddiaçı-bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş 84,23 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə ekspert rəyinə tənqidi yanaşır və həmin sənədi ekspert rəyi kimi qiymətləndirmir. Belə ki, rəyin məzmunu mahiyyət etibarı ilə ekspertizanın aparılmasından imtina xarakterli olmaqla, ekspert qarşısında qoyulmuş cavablandırılması zəruri olan suallara cavab verilməmişdir. Bu səbəbdən, aparılmış tədqiqatın dəyəri kimi tələb edilən 100 manat hazırki iş üzrə tərflərə aid edilə, onlardan tutula bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 5459,11 manat əsas borc, 925,54 manat faiz, 37,5 manat cərimə borcu olmaqla, cəmi 6422,15 manat pul vəsaiti və ödənilmiş 84,23 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-467/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-467/2025
27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver