Məhkəmə qərarları › İş №2(010)-468/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-468/2022

21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-468/2022 21.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh İddiaçı ASC-nin xeyrinə 12 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə 4794,27 manat əsas borc, 234,16 manat faiz borcu və 20,39 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5048,82 manat borcun və 70,49 manat ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 12 mart 2021- ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi. İddia tələbinin dəlilləri Cavabdeh 12 mart 2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 19,9 faizlə 36 ay müddətinə 5250 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il noyabrın 12-dək Cavabdeh banka 12 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə 4794,27 manat əsas borc, 234,16 manat faiz borcu və 40,77 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5069,20 manat borcu vardır. Cavabdeh 12 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 40,77 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 20,39 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Tərəflərin izahatları İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İddiaçı ASC ilə Cavabdeh arasında 12 mart 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" ASC-dən illik 19,9 faizlə 36 ay müddətinə 5250 manat məbləğində kredit borcunun qaytarılmasını öz üzərinə götürmüşdür. 12.03.2021-ci il tarixli məxaric qəbzlərindən görünür ki, Cavabdeh "xxxx" ASC-dən 2650 manat və 2600 manat məbləğində kredit vəsaitini qəbul etmişdir. "xxxx" ASC-nin S Cavabdeh ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC tərəfindən cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 4794,27 manat əsas borc, 234,16 manat faiz borcu və 40,77 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5069,2 manat məbləğində borc təşkil edir. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş 07.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 3994,27 manat əsas borc, 439,3 manat faiz borcu və 137,44 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4571,01 manat məbləğində borc təşkil edir. Tətbiq edilən hüquq 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 421.2 Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 465.2 Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında 12 mart 2021ci il tarixli, 11-Y-1-0-504-21 saylı kredit müqaviləsi bağlanılmış və həmin müqavilə ilə cavabeh illik 19,9 faizlə 36 ay müddətinə 5250 manat məbləğində kredit borcunun qaytarılmasını öz üzərinə götürmüşdür. Tərəflər arasında kreditin ödənilməsi şərtləri razılaşdırılmasına baxmayaraq iddiaçı öz üzərinə düşən öhdəliyi vaxtında və qaydasında həyata keçirmiş, yəni kredit məbləğini cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada həyata keçirməmişdir. Belə ki, cavabdeh tərəfindən kredit üzrə əsas və faiz borclarıın ödənilməsində ardıcıl olaraq gecikmələr və ümumiyyətlə ödəməmələr baş verir. Məhkəm müəyyən edir ki, iddiaçı iddia tələbi ilə tərəflər arasında bağlanmış 12 mart 2021-ci il tarixli, 11-Y-1-0-504-21 saylı kredit müqaviləsi əsas borca görə 4794,27 manat, faiz borcuna görə 234,16 manat və cərimə borcuna görə 20,39 manat olmaqla, ümumilikdə cəmi 5048,82 manat borcun, 70,49 manat ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 12 mart 2021- ci il tarixli kredit müqaviləsinin ləğv edilməsini istəyir. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, Cavabdeh 07.02.2022-ci il tarixə 12 mart 2021-ci il tarixli, 11-Y-1-0-504-21 saylı kredit müqaviləsi üzrə əsas borcu 3994,27 manat, faiz borcu 439,3 manat, cərimə borcu isə 137,44 manatdır. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı 137,44 manat məbləğində cərimə ödənilməsi tələbi irəli sürsə də məhkəmə sözü gedən normanı rəhbər tutaraq cərimə borcunun 5 (beş) manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Tərəflər arasında bağlanmış 12 mart 2021-ci il tarixli, 11-Y-1-0-504-21 saylı kredit müqaviləsi 36 ay müddətinə bağlanmış və hazırda da həmin müqavilə qüvvədə olduğundan ləğv edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutları araşdırıb belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 12 mart 2021-ci il tarixli, 11-Y-1-0-504-21 saylı kredit müqaviləsi üzrə əsas borca görə 3994,27 manat, faiz borcuna görə 234,16 manat (iddia tələbinə uyğun olaraq), cərimə borcuna görə isə 5 manat olmaqla, ümumilikdə 4233,43 manat məbləğində borc tutulmalı, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 12 mart 2021-ci il tarixli, 11-Y-1-0-504-21 saylı kredit müqaviləsi ləğv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 70,49 (yetmiş manat qırx doqquz qəpik) manat məbləğdə pul cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 12 mart 2021-ci il tarixli, 11-Y-1-0-504-21 saylı kredit müqaviləsi üzrə əsas borca görə 3994,27 (üç min doqquz yüz doxsan dörd manat iyirmi yeddi qəpik) manat, faiz borcuna görə 234,16 (iki yüz otuz dörd manat on altı qəpik) manat, cərimə borcuna görə isə 5 (beş) manat olmaqla, ümumilikdə 4233,43 (dörd min iki yüz otuz üç manat qırx üç) manat və ödənilmiş dövlət rüsumuna görə 70,49 (yetmiş manat qırx doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 12 mart 2021-ci il tarixli, 11-Y-1-0- 504-21 saylı kredit müqaviləsi ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar