Məhkəmə qərarları › İş №2(010)-4692/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4692/2021

11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4692/2021 11.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X3, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12270 (on iki min iki yüz yetmiş) manat miqdarında pulun və tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, cavabdehlə dostluq münasibətində olduğu müddətdə, yəni 2018-ci ilin may ayında sonuncu ondan telefonla danışan zaman qaytarmaq şərti ilə 4600 ABŞ dolları məbləğində pul istəmiş və o, yaxın münasibətləri və aralarında olan etibara əsasən “ Western Union” sistemi vasitəsilə ona 3600 ABŞ dolları pul göndərmişdir. Təxminən iki ay sonra cavabdehlə İstanbul şəhərində görüşən zaman əlavə olafaq 800 ABŞ dolları da vermişdir. Bundan başqa cavabdeh Aytən adlı rəfiqəsinin işə düzəlməsi üçün 7500 manat pul almış və həmin pulu qaytarmamışdır. Nəticədə Rəfiqəsinin işi alınmamış və uzun müddət keçməsinə baxmayaraq cavabdeh onun da pulunu qaytarmadığına görə rəfiqəsini sakitləşdirmək üçün həmin məbləğdə pulu özü qaytarmaq məcburiyyətində olmuşdur. Cavabdeh həmin pulları ona qaytarmağa söz vermis, hətta özünün maaş kartını onun sahibliyinə və istifadəsinə vermis və o, hər ay onun maaşından borcunu çıxmışdır. 2020-ci ilin avqust, dekabr aylarında həmin kartdan pulları çıxartmış, lakin müəyyən müddətdən sonra cavabdeh ona məxsus kartını qaytarmasını tələb etmiş, o pulların tam qaytarılmadığını görüb imtina etmiş, lakin cavabdeh belə düzüb qoşmuşdur ki, sonrakı aylarda karta pul oturan kimi hesabdan elektron qaydada başqa karta yönlənirdi. Buna görə məcbur olub cavabdehin kartını poçt vasitəsilə geri göndərmişdir. Hazırda cavabdeh hələ də 12270 manat təşkil edən pulu qaytarmamış və bundan imtina edir. Məhkəməyə verəndən sonra ona dəfələrlə öz nömrəsindən zəng edərək onu yola gətirməyə çalışdı və kartını yenilədiyini və poçt vasitəsilə yenə göndərə biləcəyini demişdir. O isə artıq məhkəmə yolu ilə pulunu tələb edir və iddianın təmin olunmasını xahiş edir. İddiaçı nümayəndəsi qismində izahat vermis onun vəkili X4 iddiaçı qeyd etdiyi xüsusatları təsdiq edərək əlavə olraq bildirdi ki, cavabdeh özü “teleqram” sosial şəbəkəsi vasitəsilə aparılan danışıqlar zamanı borcun məbləğini etiraf etmiş, bu isə iddianın əsaslı olduğuna dəlalət edir. Bunlara əsasən iddia təmin edilməlidir. Cavabdeh nümayəndəsi qismində izahat verən onun vəkili X2 məhkəmə iclasında iddia tələbi ilə razılaşmayaraq izahatında göstərdi ki, iddiaçı ilə cavabdeh arasında yaxın münasibətlər olmuşdur. Sonradan münasibətlər pisləşmiş və cavabdeh iddiaçı ilə əlaqəni kəsmək niyyətində olduğuna görə iddiaçı təsir göstərmək məqsədilə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Əslində cavabdeh 2700 manat iddaçıya özünün maaş katrını vermək yolu ilə, 5000 manat nağd qaydada özünə verməklə, Aynur adlı şəxsə isə borcunu özü qaytarmışdır. Belə olduğu halda iddia tələbini əsassız hesab edir və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə araşdırılması ilə müəyyən olunmuş hallarla əlaqədar ilk növbədə qeyd edilməlidir ki, cavabdehin nümayəndəsi iddiaçı tərəfindən məhkəmə tədqiqatına təqdim edilmiş “Teleqram” sosial şəbəkəsi vasitəsilə aparılan “SMS” çıxarışlarında əks olunan yazışmaların iddiaçı ilə cavabdeh arasında aparıldığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Belə olduğu halda məhkəmə istinad olunan prosessual qanunvericiliyinin normasına əsaslanaraq bu nəticəyə gəlir ki, iddiaçı həmin yazışmanın cavabdehlə aparılmasını sübut etmə vəzifəsindən azad olunmalıdır. İş materiallarında olan və məhkəmə təhqiqatı zamanı araşdırılmış “SMS” çıxarışlarında aşağıdakı məzmunda və orfoqram saxlanılmaqla mətnlər yerləşdirilmişdir Cavabdeh : “kartın nömresini at”; İddiaçı: “pulumu qaytarırsansa az az yox bütöv göndər”; İddiaçı: “Kartin nömrəsi səndə var”; Cavabdeh: “prenium kartin nomresi”; İddiaçı: “nə qədər qaytarirsan?”; İddiaçı: “Mənə olan borcunu tez bir zamanda nə vaxt qaytarirsan? On beş min manatdan gedir söhbət”; Cavabdeh: “savah gelecem. Sumqayita karti verecəm.sene”; İddiaçı: “405 manat idi”; İddiaçı: “senin maasin o qederdir?”; Cavabdeh: “yox ishlemirik deyenaz verilir”; Cavabdeh: “gelen aydan 200-150 artiq olacaq”; İddiaçı: “15000-405-625=13970 man”; Cavabdeh: “13375-595=12480”; İddiaçı: “13375-575=12800 man”; Cavabdeh: “ok” Cavabdeh: “12800-530=12270”; İddiaçı: “aha 12270 man”; Beləliklə də, məhkəmə araşdırılması zamanı Cavabdeh İddiaçı ilə yazışma zamanı sonuncuya qaytarılmalı olan pulun ümumi məbləğinin 12270 manat təşkil etməsini etiraf edir. Məhkəmə iddia tələbinin qanuni əsası kimi aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1 və 1092.2-ci maddələrinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının tələblərini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Bu baxımdan cavabdehin iddiaçıya 12270 manat borcu qalması faktını yazışma ilə etiraf etməsi ona dəlalət edir ki, iddiaçı həqiqətən qaytarılmalı olan pulun bu məbləğdə olduğunu sübut etmək vəzifəsindən azaddır. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh həmin pulu tam olaraq qaytardığını bildirsə də, artıq qaytarmağı sübut etmək vəzifəsi onun üzərinə düşür, çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdeh qaytarmalı olan 12270 manat pulun qaytarılmasını təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Odur ki, məhkəmə bu nəticəyə gəliur ki, cavabdeh heç bir hüquqi əsas olmadan, yəni həyata keçirilməmiş əsasa görə iddiaçının hesabına əsassız varlandığı üçün iddiaçının ondan verdiklərini geri tələb etmək hüquq vardır və belə olduğu halda 12270 manat məbləğində pul vəsaiti ondan tutularaq İddiaçı oğluna verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 12270 (on iki min iki yüz yetmiş) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar