Məhkəmə qərarları › İş №2(010)-4694/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4694/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4694/2020 17.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh və Zamin qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ **********95536 Samsung Galaxy A7 markalı telefon üçün 894 (səkkiz yüz doxsan dörd) manat ödənilməmiş hissə, 101 (bir yüz bir) manat dəbbə, ümumilikdə 995 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1025 manat cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, cavabdeh “xxxx” MMC ilə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********95536 Samsung Galaxy A7 markalı telefon almış və nəticədə 995 (doqquz yüz doxsan beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1057 (min əlli yeddi) manat (18 ay x 56 manat + 49 manat ilkin ödəniş) olan İMEİ kodu **********95536 Samsung Galaxy A7 markalı telefon üçün ümumilikdə 995 (doqquz yüz doxsan beş) manat olmaqla, ondan 894 (səkkiz yüz doxsan dörd) manat ödənilməmiş hissə, 101 (bir yüz bir) manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 163 manat təşkil edir. Həmçinin müqavilənin təminatı olaraq xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış, Zamin “xxxx” MMC qarşısında alıcı Cavabdeh ilə birgə məsuliyyət daşıyır və borcludur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Bununla əlaqədar iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ **********95536 Samsung Galaxy A7 markalı telefon üçün 894 (səkkiz yüz doxsan dörd) manat ödənilməmiş hissə, 101 (bir yüz bir) manat dəbbə, ümumilikdə 995 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada, alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Cavabdeh və Zamin məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Mülki iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən İMEİ kodu **********95536 Samsung Galaxy A7 2018 DS markalı telefonu almış və həmin əşyanın alınmasına görə 1057 manat pulu 18 ay müddətinə, aylıq ödəniş 56 manat, ilkin ödəniş 49 manat olmaqla, həmin borcu ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsinə əsasən, bir tərəfdən "xxxx" MMC, digər tərəfdən Cavabdeh bu andan etibarən “Alıcı” adlandırılacaq, müqavilənin predmeti olan arasında bağlanmış 00479040 №-li müqavilənin "Zamin" - Zamin tərəfindən “Alıcı” ilə birgə icrasının təminatı ilə bağlı zaminlik müqaviləsini bağlamışlar. “xxxx” MMC “Zamin”-nin tələbi ilə “Alıcı” tərəfindən öhdəliyinin icrasının tam və qismən yerinə yetirilməməsi ilə əlaqədar “Zamin”-nə məlumat verir. “xxxx” MMC-nin “Zamin”-dən “Alıcı”-nın öhdəliyinin icrasının yerinə yetirilməsini və “Alıcı”-nın ona olan borcunu tələb etmək hüququ vardır. “Zamin” “Əsas Müqavilə” üzrə “Alıcı”-nın zaminiklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə “xxxx” MMC qarşısında “Alıcı” ilə birgə məsuliyyət daşıyır. Mülki iş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixi üçün Cavabdeh “xxxx” ASC-yə 894 (səkkiz yüz doxsan beş) manat məbləğində əsas borc və 101 (yüz bir) manat məbləğində cərimə pulu olmaqla ümumilikdə 995 (doqquz yüz doxsan beş) manat məbləğində borcu vardır. Mülki iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, “xxxx” ASC tərəfindən Cavabdeh və Zamin borcunun yaranması və ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli alqı – satqı müqaviləsində və həmin müqaviləyə əlavədə digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli alqı – satqı müqaviləsinə əsasən “xxxx” MMC-dən aldığı əşyaların dəyərini ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmişdir. Eyni zamanda xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən, zamin – Zamin xx xxxxxx 2019-cu il tarixli alqı – satqı müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirlməsinə görə məsuliyyəti öz üzərinə götürmüş, lakin öz öhdəliklərini yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, 894 (səkkiz yüz doxsan dörd) manat məbləğində əsas borc Cavabdeh və Zamin müştərək qaydada tutularaq “xxxx” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli müqavilənin 4-cü bəndində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 894 manat məbləğində əsas borca tənasübsüz olaraq 101 manat məbləğində cərimə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 101 manat məbləğində cərimə pulu azaldılaraq 10 manat müəyyən edilməlidir. Beləliklə, yuxarıda göstərilən qanun müddəalarını, işin faktiki hallarını nəzərdə keçirərək, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ **********95536 Samsung Galaxy A7 markalı telefon üçün 894 (səkkiz yüz doxsan dörd) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə, ümumilikdə 904 (doqquz yüz dörd) manat borc alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən “xxxx” ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 29 manat məbləğində pul vəsaitiin cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 894 (səkkiz yüz doxsan dörd) manat əsas borcu, 10 (on) manat cərimə pulu olmaqla, ümumilikdə 904 (doqquz yüz dörd) manat məbləğində pul vəsaiti tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 29 (iyirmi doqquz) manat məbləğində pul Cavabdeh və Zamin müştərək qaydada tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar