Məhkəmə qərarları › İş №2(010)-47/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-47/2023

25.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-47/2023 25.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X2 qarşı “borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı (üçüncü şəxs X3) “borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən iddiaçı Bank "xxxx" ASC-nin Həzi Aslanov filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RH-00055-16/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixinə olan 51630.9 manat əsas borc, 11905.85 manat faiz borcu, 31513.17 manat dəbbə borcu, ümumilikdə 95049.22 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.4 manat bank xidmət haqqının Cavabdeh1 Bank "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh1 ilə bağlanan xx.xx.2018-ci il tarixli, DENG-00069-16/18A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 5 35 saylı mənzilə tutmanın yönəldilməsi, əmlakın açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmla satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması, ünvan 5 35 saylı mənzilin boşaldılmasına, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin mənzili tərk etmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin Həzi Aslanov filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli DEN-00069-16/18A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 60 ay müddətinə, xx.xx.2013-cü il tarixədək əlavə müqavilələr bağlanmaqla 60000 manatadək məbləğində kredit verilə biləcəyi razılaşdırılmışdır. İddiaçı Bank "xxxx" ASC-nin Həzi Aslanov filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RH-00055-16/19A saylı əlavə kredit müqaviləsinə əsasən 54829.21 manat məbləğində kredit illik 20 faizlə 36 ay müddətinə borcalanın mülkiyyətinə verilir, borcalan isə həmin kreditdən şəxsi istifadə məqsədi ilə istifadə etməyi və onu 2 ay güzəşt müddəti daxil olmaqla xx.xx.2022-ci il tarixədək faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürür. Kreditin təminatı qismində Cavabdeh1 xx.xx.2018-ci il tarixdə iddiaçı ilə DENG-00069-16/18A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 5 35 saylı mənzili Bank "xxxx" ASC Həzi Aslanov filialı və Cavabdeh1 arasında Bakı şəhərində bağlanmış xx.xx.2018-ci il tarixli, DEN-00069-16/18A saylı kredit müqaviləsi üzrə ipoteka qoyanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC Həzi Aslanov filialı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, DENG-00069-16/18A saylı sonrakı ipoteka müqaviləsinə əsasən Bank "xxxx" ASC Həzi Aslanov filialına ipoteka qoymuşdur. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 2.10-cu və ipoteka müqaviləsinin 8.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin xx.xx.2021-ci il tarixə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 51630.9 manat, faizlərin məbləği 11905.85 manat, dəbbə borcu 31513.17 manat təşkil edir. Beləliklə, cavabdehin xx.xx.2021-ci il tarixə ümumi borcu 95049.92 manat təşkil edir.

İddianın dəyişdirilməsi.

3. İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X2 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bank "xxxx" ASC-nin Həzi Aslanov filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RH-00055-16/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixə olan 52117.56 manat əsas borc, 11905.85 manat faiz borcu, 31513.17 manat dəbbə borcunun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.4 manat bank xidməti haqqının Cavabdeh1 iddiaçının xeyrinə tutulması, Cavabdeh1 ilə bağlanan xx.xx.2018-ci il tarixli, DENG-00069- 16/18A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 2, 35 saylı mənzilə tutmanın yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, ipoteka ilə təmin edilmiş kredit borcunun həmin ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması, ünvan 5 35 saylı mənzildə qeydiyyatda olan Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 mənzildən istifadə hüquqlarına xitam verilməsinə və mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxışının iştirakları olmadan keçirilməsini və qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh3 iddianı qəbul etməyərək bildirmişdir ki, kredit müqaviləsi Cavabdeh1 ilə Bank arasında bağlansa da, krediti biznes fəaliyyəti üçün özü götürmüşdür. Belə ki, Cavabdeh1 yoldaşının əmisidir. O (Cavabdeh1), ildə 2-3 dəfə xəstə oğlunu Rusiyaya müalicəyə apardığından ona pul lazım olmuşdur. Onun özü isə mebel işi ilə məşğul olduğundan ona işlə əlaqədar pul lazım olmuşdur. Bundan sonra onlar bankdan Cavabdeh1 adına 60000 manat pul götürmüş, bunun 20000 manatını Cavabdeh1, 40000 manatını isə özü götürmüşdür. Həm o, həm də Cavabdeh1 maddi çətinliklərlə əlaqədar ödənişləri gecikdirmişdir. Sonra mebel sexində sifariş olmadığından aparatları xarab olmuş, daha sonra atasının əməliyyatı üçün xarab olmuş avadanlığı satmış, banka ödəniş edə bilməmişdir. Sonradan bank Rizvanı çağırıb yeni müqavilə bağlamışdır. Yeni müqaviləyə əsasən məbləğ artmış, sonradan pandemiya ilə bağlı işləyə bilmədiyindən ödənişləri gecikdirmişdir. O, bankdan iki ay vaxt istəmişdir ki, 5000 manat ödəsin. Lakin pulu tapa bilməmiş, qohum-əqrəba qızıllarını lombarda qoyub 5000 manat düzəltdikdə isə bank ondan 15000 manat pul istəmişdir. Həmin pulu isə ödəyə bilməmişdir.

6. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı Bank və Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə kredit müqaviləsi bağlanılmış, bu müqavilə üzrə öhdəliklərinin icrasının təmini üçün həmin tarixdə ipoteka müqaviləsi bağlanılaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 5 35 saylı mənzil Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, bu zaman həmin mənzildə qeydiyyatda olan və hazırkı iş üzrə cavabdeh kimi göstərilmiş şəxslərin notariat qaydasında təsdiq edilmiş razılığı alınmışdır. Lakin xx.xx.2019-cu il tarixdə əlavə kredit müqaviləsi bağlanan zaman həmin cavabdehlərin heç bir razılığı alınmamış, onların razılığı olmadan bu mənzil yeni bağlanan kredit müqaviləsi üzrə də ipoteka ilə yüklü edilmişdir. Halbuki yeni müqavilə bağlanan zaman da onların notariat qaydasında təsdiq edilmiş razılığı alınmalı idi. Lakin iş materiallarında bununla bağlı heç bir sübut yoxdur. Bu səbəbdən hesab edir ki, iddiaçı Bankın nümayəndəsinin məhkəmə iclasında iştirak etməsi zəruridir. Eyni zamanda, tələb edilən borcun məbləği də şişirdilmişdir. Belə ki, cavabdeh tərəfindən ödənişlər edilmiş, lakin bu ödənişlər nəzərə alımamış, əsassız olaraq yüksək məbləğdə borc tələb edilmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

8. Bank "xxxx" ASC (Borcverən) və Cavabdeh1 (Borcalan) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, DEN-00069-16/18A nömrəli əsas kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən Borcverən Borcalana bu Müqavilə çərçivəsində 60 ay müddətinə, xx.xx.2023-cü il tarixədək əlavə müqavilələr bağlamaqla 60000 manat məbləğədək kreditlər verə bilər.

9. Bank "xxxx" ASC (İpoteka saxlayan) və Cavabdeh1 (İpoteka qoyan) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, DENG-00069-16/18A nömrəli ipoteka müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən İpoteka qoyan xx.xx.2018-ci il tarixli, DEN-00069- 16/18A nömrəli kredit müqaviləsi və Əlavə müqavilələr üzrə İpoteka qoyanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı İpoteka saxlayana ipoteka qoyur. Tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmeti 88000 manat məbləğində qiymətləndirilmişdir.

10. Bank "xxxx" ASC (Borcverən) və Cavabdeh1 (Borcalan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RH-00055-16/19A nömrəli əlavə kredit müqaviləsindən görünür ki, Borcverən 54829.21 manat məbləğində krediti illik 20 faizlə 36 ay müddətinə Borcalanın mülkiyyətinə verir, Borcalan isə həmin kreditdən şəxsi istifadə məqsədi ilə istifadə etməyi və onu 2 ay güzəşt müddəti daxil olmaqla xx.xx.2022-ci il tarixədək faizi ilə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürür.

11. xx.xx.2019-cu il tarixli, RH-00055-16/19A nömrəli əlavə kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, ödəniləcək məbləğin xx.xx.2019 xx.xx.2022-ci il tarixləri arasında hər ay 2126 manat (ilk iki ay 913.82 manat, 883.36 manat, sonuncu at 2134.41 manat) olmaqla ödənilməsi müəyyən edilmişdir.

12. Cavabdeh3, X3, Cavabdeh6, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, X6 və Abbasov Vaqif Təmirlan oğlu tərəfindən verilmiş 15-xx.xx.2018-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizələrdən görünür ki, onlar Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 35 nömrəli mənzilin kreditin təminatı üçün istənilən banka ipoteka qoyulmasına etiraz etmirlər, banka olan borclar ödənilmədiyi təqdirdə tutmanın həmin əmlaka yönəldilməsinə razıdırlar və bankın tələbinə əsasən əmlakı könüllü boşaltmağı öhdələrinə götürmüşlər.

13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ümumi sahəsi 82.7 m2 olan ünvan 2, mənzil 35 ünvanında yerləşən mənzil xx.xx.2018-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır.

14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 2, mənzil 35 ünvanında yerləşən, ümumi sahəsi 82.7 m2-dən ibarət olan mənzil Bank "xxxx" ASC-nin Həzi Aslanov filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir.

15. xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə yaranmış 60123.49 manat ümumi borcu barədə məlumat verilmiş və ödənilmədiyi təqdirdə müqavilənin ləğv ediləcəyi və tələbin ipoteka predmetinə yönəldiləcəyi bildirilmişdir.

16. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 348 E nömrəli ekspertiza rəyindən görünür ki, ünvan 2, mənzil 35 ünvanında yerləşən 87 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinin bazar dəyərinə uyğun 75000 manat, likvid qiymətinin dəyəri 60000 manat müəyyən edilir.

17. "xxxx" MMC tərəfindən verilmiş daşınmaz əmlakın qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli, 30 saylı hesabatdan görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən 50 saylı evin 35 saylı mənzilinin müqayisəli satışlar metodundan istifadə etməklə xx.xx.2022-ci il tarixə bazar dəyəri 116200 manat, likvid dəyəri 110000 manat təşkil edir.

18. "xxxx" MMC tərəfindən verilmiş rəydən görünür ki, ünvan 2, mənzil 35 ünvanında yerləşən mənzilin real bazar dəyəri 88000 manat, likvid dəyəri 75000 manat məbləğində qiymətləndirilmişdir.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/8518 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh1 ilə Bank "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RH-00055-16/19A saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2021-ci il tarixə əsas borc üzrə 52117.56 manat, faiz borcu üzrə 11598.3 manat müəyyən edilmişdir.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/8667-9/9501 nömrəli ekspert rəyindən görünür ki, ünvan 5 ünvanında yerləşən Cavabdeh1 mülkiyyətində olan 35 saylı mənzilin hazırkı vəziyyətdə orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 127000 manat və azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən 114000 manat məbləğində müəyyən edilir.

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/4887 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh1 ilə Bank "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RH-00055-16/19A saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2021-ci il tarixə əsas borc üzrə 52117.56 manat, faiz borcu üzrə 8152.75 manat; xx.xx.2022-ci il tarixə əsas borc üzrə 52117.56 manat, faiz borcu üzrə 16491.56 manat müəyyən edilmişdir.

İşin faktiki halları.

22. Bank "xxxx" ASC (Borcverən) və Cavabdeh1 (Borcalan) arasında xx.xx.2018-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Bu müqavilədə Bankın Cavabdeh1 60 ay müddətinə, xx.xx.2023-cü il tarixinədək əlavə müqavilələr bağlamaqla 60000 manat məbləğinədək kredit verə biləcəyi göstərilmişdir.

23. Bank "xxxx" ASC (İpoteka saxlayan) və Cavabdeh1 (İpoteka qoyan) arasında xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən İpoteka qoyan xx.xx.2018-ci il tarixli, DEN-00069-16/18A nömrəli kredit müqaviləsi və əlavə müqavilələr üzrə öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə özünə məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzili ipoteka saxlayanın xeyrinə ipoteka qoymuşdur. İpoteka predmeti 88000 manat məbləğində qiymətləndirilmişdir.

24. Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 notariat qaydasında ərizə verərək, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 50 v ünvanında yerləşən 35 nömrəli mənzilin kreditin təminatı üçün istənilən banka ipoteka qoyulmasına etiraz etmədiklərini, banka olan borc ödənilmədiyi təqdirdə tutmanın həmin əmlaka yönəldilməsinə razı olduqlarını və bankın tələbinə əsasən əmlakı könüllü boşaltmağı öhdələrinə götürdüklərini bildirmişlər.

25. Bank "xxxx" ASC (Borcverən) və Cavabdeh1 (Borcalan) arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən Borcverən 54829.21 manat məbləğində krediti 36 ay müddətinə illik 20 %-lə Borcalana verməyi, Borcalan isə həmin krediti xx.xx.2022-ci il tarixədək faizi ilə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin kredit Borcalana verilmişdir.

Tətbiq edilən hüquq.

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları. 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

27. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması. 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Maddə 39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması. 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı.

Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi.

30. Kredit müqavilə üzrə ödənilməmiş borcun tutulması tələbinə münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd edilmiş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı Bank "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə ödənilməmiş borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə bu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə ödənilməmiş borcu tələb etməkdə haqlı olmuşdur.

31. İddia tələbindən görünür ki, iddiaçı Bank cavabdehdən 52117.56 manat məbləğində əsas borc və 11905.85 manat məbləğində faiz borcunun tutulmasını xahiş etmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixə (iddianın dəyişdirilməsinə dair ərizənin məhkəməyə daxil olduğu tarix) cavabdehin iddiaçı Banka əsas boru 52117.56 manat, faiz borcu isə 16491.56 manat məbləğində olmuşdur.

32. Göründüyü kimi, mühasib ekspert tərəfindən verilmiş rəydə müəyyən edilmiş əsas borcla iddiaçı Bankın tələb etdiyi əsas borc məbləği üst-üstə düşür. Məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyi iddiaçı Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla bu sahədə xüsusi biliyə malik ekspert tərəfindən tərtib edilmiş, rəyin tədqiqat prosesinin təsviri hissəsində müvafiq kredit müqaviləsi üzrə borclu tərəfindən edilmiş bütün kredit ödənişləri, bu ödənişlərin hansı hissəsinin əsas, hansı hissəsinin faiz borcuna çıxıldığı və yekunda nə qədər qalıq əsas və faiz borcu qaldığı cədvəl şəklində təsvir edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, ekspert rəyi ilə razılaşmamaq üçün heç bir əsas yoxdur.

33. Bununla belə məhkəmə hesab edir ki, iddiaçı Bank cavabdehdən 11905.85 manat məbləğində faiz borcu tələb etdiyindən məhkəmə iddia tələbindən kənara çıxaraq cavabdehdən ekspert rəyində qeyd edilmiş məbləğdə (16491.56 manat) faiz borcu tuta bilməz.

34. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 52117.56 manat əsas borc və 11905.85 manat faiz borcu tutulmalıdır.

35. Tələb edilən 31513.17 manat məbləğində cəriməyə münasibətdə məhkəmə qeyd edir ki, həmin məbləğ hazırkı vəziyyətdə işin hаllаrınа uyğun deyil və tənаsübsüz surətdə yüksək məbləğdir.

36. Məhkəmə qeyd edir ki, cərimənin miqdаrının bu qədər çоx оlmаsı bоrclunun mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyil. Bu səbəbdən məhkəmə hesаb edir ki, cаvаbdehin öz öhdəliyini lаzımıncа yerinə yetirməməsində ifаdə оlunаn ümumi mаrаqlа onun mülkiyyət hüquqlаrının müdаfiəsi аrаsındа ədаlətli tаrаzlığа nаil оlunmаsı bаxımındаn cərimənin miqdаrının аzаldılаrаq 2000 manat məbləğində müəyyən edilməsi işin hallarına uyğun hesab oluna bilər.

37. Bundan başqa iddia tələbindən görünür ki, iddiaçı Bank cavabdehlə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsini də tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilə bilməz.

38. Belə ki, iddiaçı Bank müqavilənin ləğvini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda) tələb etmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda (§ 28) istinad edilmiş qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Bu əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

39. İş materiallarından görünür ki, iddiaçı Bank bu iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2021-ci il tarixli bildirişlə cavabdehə müraciət etmiş, gecikdirilmiş borcun ödənilməyəcəyi təqdirdə müqavilənin ləğv ediləcəyi ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Müqavilə, bu bildirişin göndərilməsindən sonra da lazımınca icra edilmədiyindən iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, bununla da tərəflər arasında bağlanmış kredit müqaviləsi artıq birtərəfli qaydada ləğv edilmiş hesab edilir. Odur ki, iddia bu hissədə təmin edilə bilməz.

40. Tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi pozduğundan və onun mülkiyyətində olan ünvan 2, mənzil 35 ünvanında yerləşən mənzil bu müqavilə üzrə öhdəliklərin təminatı kimi iddiaçı Bankın xeyrinə ipoteka ilə yüklü edildiyindən iddiaçı Bankın kredit müqaviləsi üzrə tələbi ipoteka predmetinə yönəltmək hüququ yaranmışdır.

41. İpoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsində ipoteka predmetinin qiyməti 88000 manat məbləğində qiymətləndirilsə də, ipoteka predmetinin qiyməti ilə bağlı məsələ tərəflər arasında mübahisəli olduğundan, həmçinin ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi zəruri olduğundan məhkəmə tərəfindən iki müxtəlif qiymətləndirici mütəxəssisin rəyi alınmış, bir məhkəməəmtəəşünaslıq ekspertizası keçirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəydə ipoteka predmeti olan ünvan 2, mənzil 35 ünvanında yerləşən mənzilin bazar qiyməti 75000 manat, likvid qiyməti isə 60000 manat məbləğində qiymətləndirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəydə həmin mənzilin bazar qiyməti 116200 manat, likvid qiyməti 110000 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı Bank tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş rəydə bu mənzilin bazar qiyməti 88000 manat, likvid qiyməti 75000 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyində həmin mənzilin bazar qiyməti 127000 manat, likvid qiyməti 114000 manat məbləğində müəyyən edilmişdir.

42. Məhkəmə, iddiaçı Bank tərəfindən təqdim edilmiş "xxxx" MMC, eləcə də "xxxx" MMC tərəfindən verilmiş rəylərlə razılaşmır. Ona görə ki, hələ 2018-ci ildə tərəflərin qarşılıqlı razılığı ilə 88000 manata qiymətləndirilmiş mənzilin qiymətinin bir neçə ilə sonra artmaq yerinə azalması, yaxud sabit qalması ağlabatan deyil. "xxxx" MMC tərəfindən verilmiş rəylə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş rəydəki məbləğlər bir-birlərinə yaxın məbləğlər olsa da, məhkəmə, ekspert rəyinin mütəxəssis rəyindən bir ilə yaxın müddət sonrakı qiymətləri əks etdirdiyini nəzərə alaraq, əmlakın ilkin satış qiymətinin məhz ekspert rəyində müəyyən edilmiş likvid qiymətə uyğun olaraq 114000 manat məbləğində müəyyən edilməsi nəticəsinə gəlir.

43. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 114000 manat məbləğində müəyyən edilməklə mənzil açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına Bank "xxxx" ASC-yə olan borc həcmində ödəniş edilməlidir.

44. Bu hissədə məhkəmə qeyd edir ki, iddiaçı Bank iddia tələbində “ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması”nı ayrıca tələb kimi göstərsə də, məhkəmə bu tələbi iddia tələbi kimi qiymətləndirmir. Ona görə ki, artıq yuxarıda cavabdehin iddiaçı Banka olan borcunun ümumi qaydada ondan tutulması nəticəsinə gəlinmişdir. İpoteka predmeti olan əmlakın hərracdan hansı qiymətə satılacağı, bu satışdan əldə olunan vəsaitin borcun məbləğindən az, yaxud çox olacağı qətnamənin icrası ilə bağlı məsələlərdir. İstənilən halda məhkəmə, müvafiq borcun cavabdehdən tutulması nəticəsinə gəldiyindən bu qətnamə qanuni qüvvəsini alacağı təqdirdə qətnamə tam icra olunmalıdır. Bu səbəbdən ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehdən tutulmasının qətnamədə xüsusi qeyd edilməsinə ehtiyac yoxdur.

45. Tələbin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 mənzildən istifadə hüquqlarına xitam verilməsi və cavabdehlər tərəfindən mənzilin boşaldılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir.

46. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

47. Hazırkı işdən görünür ki, həm mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş, həm də mənzildə qeydiyyatda olan cavabdehlər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlər. Belə olan halda iddiaçı Bank həmin cavabdehlərin mənzili boşaltmasını tələb etməkdə haqlı olmuşdur.

48. Nəzərə alınmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Hazırkı iş üzrə iddiaçı Bankın cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsini tələb etməkdə məqsədi cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaq olduğundan və cavabdehlərin mənzildən çıxarılması onların mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olduğundan məhkəmə, cavabdehlərin istifadə hüquqlarına xitam verilməsinə dair iddianın təmin edilməsinə zərurət görmür.

49. Son olaraq, məhkəmə onu da qeyd edir ki, iddia ərizəsində üçüncü şəxs, iddianın dəyişdirilməsinə dair ərizədə cavabdeh kimi göstərilmiş X2 qarşı heç bir tələb yönəldilmədiyindən məhkəmə həmin cavabdehlə bağlı məsələyə heç bir münasibət bildirmir.

Məhkəmə xərcləri.

50. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyi üçün 250 manat məbləğində xidmət haqqı iddiaçı Bank tərəfindən ödənilmişdir. "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyi üçün 300 manat məbləğində xidmət haqqı ödənilməmişdir. İddiaçı Bank tərəfindən təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinə görə xidmət haqqının məbləği ilə bağlı rəyə heç bir məlumat əlavə edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ekspert rəyinə görə aparılmış tədqiqatın dəyəri 50 manat, xx.xx.2023-cü il tarixli ekspert rəyinə görə 100 manat, xx.xx.2023-cü il tarixli ekspert rəyinə görə 50 manat məbləğində qiymətləndirilmişdir.

51. Məhkəmə, borcun məbləği və ipoteka predmetinin qiyməti ilə bağlı məsələlərin cavabdeh tərəfindən mübahisələndirildiyini və iddianın təmin edilmiş hissəsini nəzərə alaraq hesab edir ki, müvafiq mütəxəssis xidməti haqqı və ekspertiza xərcləri Cavabdeh1 tutularaq rəyi verən hüquqi şəxslərin hesablarına ödənilməli, "xxxx" MMC tərəfindən verilmiş rəyə görə iddiaçı Bank tərəfindən ödənilmiş dövlət rüsumu isə cavabdehdən tutularaq iddiaçı Banka ödənilməlidir.

52. İddiaçı Bank bu iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəsə də, Cavabdeh1 Laçın rayonundan məcburi köçkün olduğundan və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olduğundan ödənilmiş dövlət rüsumu iddiaçı Banka aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

53. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 52117.56 manat əsas borc, 11905.85 manat faiz borcu və 2000 manat cərimə olmaqla, cəmi 66023.41 manat məbləğində pul, 250 manat ödənilmiş mütəxəssis xidməti haqqı tutularaq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, tutma Cavabdeh1 mülkiyyətində olan, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməli, mənzilin ilkin satış qiyməti 114000 manat məbləğində müəyyən edilməklə həmin qiymətlə açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borc həcmində ödəniş edilməli, tutma mənzilə yönəldildikdən və mənzil satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tərəfindən mənzil boşaldılmalı, iddia qalan hissədə təmin edilməməli, cəmi 200 manat məbləğində ekspertiza xərci Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, 300 manat mütəxəssis rəyinin verilməsi üçün xidmət haqqı Cavabdeh1 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir.

54. Yuxarıdakı qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 52117.56 manat əsas borc, 11905.85 manat faiz borcu və 2000 manat cərimə olmaqla, cəmi 66023.41 manat (altmış altı min iyirmi üç manat qırx bir qəpik) məbləğində borc və 250 (iki yüz əlli) manat məbləğində mütəxəssis xidməti haqqı tutularaq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh1 mülkiyyətində olan, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilsin. Mənzilin ilkin satış qiyməti 114000 (yüz on dörd min) manat məbləğində müəyyən edilməklə həmin qiymətlə açıq hərracdan satılsın və satışdan əldə olunan vəsait hesabına Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu həcmində ödəniş edilsin. Tutma mənzilə yönəldildikdən və mənzil satıldıqdan bir ay sonra mənzil cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tərəfindən boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. 200 (iki yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. 300 (üç yüz) manat məbləğində xidmət haqqı Cavabdeh1 tutulаrаq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, İcraçının hesablaşma hesabı: AZ45AİİB********************, "xxxx" ASC, 200093, VÖEN: **********, SWİFT: AİİBAZ2X, AZ37NABZ013501**********1944 nömrəli hesab) ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar