Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4703/2022 02.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011ci il təvəllüdlü X1 görə onların yetkinlik yaşına çatana kimi cavabdehdən tutulan aliment məbləğinin artırılaraq hər ay hər uşağa görə 194 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona (iddiaçıya) verilməsi, əlavə olaraq kirayədə yaşadığı və digər xərcləri nəzərə alaraq hər ay alimentdən əlavə 150 manat sabit pul məbləğində olmaqla, ümumilkdə 538 (beş yüz otuz səkkiz) manat tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, xx.xx.2007-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Müəyyən səbəblərə görə Suraxanı rayon məhkəməsinin 2(010)-2217/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə rəsmi nikahları pozulmuş, Cavabdeh azyaşlı övladlarının 18 yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 150 manat alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Belə ki, cavabdeh tərəfindən ödənilən aliment azyaşlıların saxlanılmasına, müalicə xərclərinə, təhsilinə, dünya görüşünün inkişaf etməsinə bəs etmir. Hal-hazırda azyaşlı övladları ilə birlikdə kirayədə yaşayır, 300 manat və əlavə kommunal xərcləri ödəmək tək ana kimi ona cox çətindir, maddi cəhətdən çətinlik çəkir və məhkəmə qaydasında alimentin artırılmasını zəruri hesab etmişdir. Bu şəbəbdən də o, alimentin müəyyən edilməsi və alimentin artırılmasına dair mediasiya təşkilatına müraciət etmiş, lakin müraciəti heç bir nəticə verməmişdir. Halhazırda ölkədə yetkinlik yaşına çatmayan uşaqlar üçün yaşayış minimumu da dəyişdirilmişdir. Azyaşlı övladları hal-hazırda ancaq məktəbə gedib-gəlmələri üçün hər ay 50-70 manat məbləğində yol pulu ödəyir. Onun özü hal-hazırda heç yerdə işləmir, uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də aliment məhkəmə qaydasında artırılmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Suraxanı rayon məhkəməsinin 2(010)-2217/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş və iki azyaşlı uşaqlar isə İddiaçı yanında qalmışdır. O, uşaqların maddi cəhətdən saxlanmasında iştirak etməkdən imtina etməmiş, hər ay məhkəmənin qət etdiyi aliment məbləğini vaxtlı-vaxtında ödəmişdir. Bundan başqa o uşaqların əlavə xərclərini ödəmiş, onlara əlavə pul vermiş və ya əlavə geyim əşyaları almışdır. O, hətta övladları istədikdə onlara qida məhsulları da almışdır. O, özü fərdi qaydada işləyir və rəsmi iş yeri yoxdur. Onun orta aylıq əmək haqqı təxminən 400 manat təşkil edir. Buna görə də alimentin artırılacağı təqdirdə onu ödəməyə maddi imkanı olmayacaqdır. Buna görə də iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2217/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması və uşağın ananın yanında qalması tələbinə dair iddiası qismən təmin olunmuş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında akt qeydləri kitabında 2017 nömrə ilə qeydə alınmış nikah pozulması, birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 anası-İddiaçı yanında saxlanılması və xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment xx.xx.2021-ci il tarixdən hesablanmaqla iddiaçı Cavabdeh tutularaq cavabdeh İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1761/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-2217/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ilkin Mediasiya Sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, mediasiya şurasında xx.xx.2022-ci il tarixdə 15:00-15:30 saatlarına təyin olunmuş iclasda İddiaçı və Cavabdeh iştirak etmişlər. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İlkin mediasiya sessiyasının keçirilməsi üçün İddiaçı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2008-ci il tarixdə doğulmuş, valideynləri Cavabdeh və İddiaçıdır. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2011-ci il tarixdə doğulmuş, valideynləri Cavabdeh və İddiaçıdır. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı xx.xx.2022-ci il tarixdə nikahları pozulmuş və nikah pozulduqdan sonra ərə Muradov, arvada Muradova soyadı verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Həmin Məcəlləsinin 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görəqazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi, üç və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, uşaqların maddi cəhətdən təmin olunmalarına yönəlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 anadan olmuşdur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2217/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşağa görə 150 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı müraciət edərək bildirmişdir ki, məhkəmə qətnaməsi ilə tutulmuş aliment məbləği uşaqların ehtiyacını təmin edə bilmir və maddi cəhətdən uşağın saxlanmasına kifayət etmir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında Qanuna əsasən 01 yanvar 2022-ci il tarixdən uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 193 manat olmasını, iş üzrə əvvəlki məhkəmə qərarı ilə təyin edilmiş alimentin məbləğinin uşağın saxlanması üçün yetərli olmamasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 2217/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilməli, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.-ci maddəsinə əsasən aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.3. nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); Məhkəmə qeyd edir ki, əlavə olaraq kirayədə yaşadığını və digər xərcləri nəzərə alaraq hər ay alimentdən əlavə 150 manat sabit pul məbləğində pulun tutulması hissəsində iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçının nikah pozulana qədər və nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətinin itirilməsi, maddi yardıma ehtiyacı olması,o cümlədən cavabdehin zəruri vəsaitə malik olması barədə sübut təqdim olunmadığından iddia tələbi həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Bundan başqa xx.xx.2021-ci il tarixdə qüvvəyə minmiş “X6” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat və 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu kimi ödənilməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddianın qiymətinin, yəni bir il ərzində ödəmənin məcmusunun 1000 manatdan artıq olmasını nəzərə alaraq, ödənilməli 16.32 manat dövlət rüsumu Cavabdeh dövlət gəlirinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2217/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılsın. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 193 manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Məhkəmə xərcləri – 16,32 (on altı manat, otuz iki qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-4703/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4703/2022
02.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver