Məhkəmə qərarları › İş №2(010)-4721/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4721/2024

02.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4721/2024 02.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi.

1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 manat pul məbləğinin və ödənilmiş 35 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. 2022-ci ilin iyul ayında Cavabdeh dələduzluq yolu ilə onun 3000 manat pulunu ələ keçirmişdir. Həmin şəxs verdiyi vədə əməl etmədiyi və pulunu geri qaytarmadığı üçün o, Nizami RPİ-ə ərizə ilə müraciət etmiş və araşdırma aparılmışdır. Araşdırma zamanı Cavabdeh əməlində cinayət tərkibinin olması kifayət qədər sübuta yetmədiyi üçün toplanmış material üzrə 09 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Araşdırma zamanı Cavabdeh izahatında ondan 3000 manat pulu aldığını etiraf etsə də, həmin pulu guya ondan borc olaraq aldığını bildirmişdir. Bundan başqa araşdırma zamanı Cavabdeh həmin pulun 1500 manatını ona geri qaytarmış və qalan 1500 manatını isə hər ay 300 manat olmaqla hissə-hissə 2023-cü ilin noyabr ayının sonundan etibarən ödəməyi öhdəsinə götürmüş, yazılı ərizəsində bunu qeyd etmiş və bununla bağlı aralarında razılıq əldə olunmuşdur. Lakin həmin şəxs təkrarən vədinə əməl etməyərək qalan 1500 manat pulu ona geri qaytarmamışdır.

Tərəflərin izahatları.

3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında İddiaçı iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materialları.

5. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibinin olmaması əsasına görə sonuncunun barəsində cinayət işinin başlanılması rədd edilmiş və İddiaçı mülki mübahisənin həlli üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi izah edilmişdir. Qərarda həmçinin göstərilmişdir ki, araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sabunçu rayonu Ramana qəsəbəsi Bünyadzadə 15 ünvanında yaşayır. İddiaçı 2022-ci ilin aprel-may aylarında tanışı Anar adlı şəxsin vasitəsi ilə tanımışdır. Həmin vaxt o, işi ilə əlaqədar olaraq Gəncə şəhərinə gedirmiş. Tanışı Anar adlı şəxs Xalidə adlı tanışının Bakı şəhərindən Gəncə şəhərinə aparılmalı yük çantasının olduğunu ona bildirib xahiş etmişdir ki, gələndə həmin yük çantasını da Xalidədən götürüb Gəncə şəhərinə aparsın. Anar onun nömrəsini Xalidəyə vermiş və Xalidə ona zəng etmişdir. Metronun Xalqlar dostluğu stansiyasının yaxınlığında İddiaçı ilə görüşüb həmin çantanı ondan götürüb Gəncə şəhərinə apararaq orada Anara vermişdir. Bundan sonra İddiaçı ilə aralarında dostluq münasibətləri yaranmışdır. Ara-sıra Xalidə ilə telefonda danışmış və bir neçə dəfə Xalqlar dostluğu metrostansiyasının yaxınlığında yerləşən parkda Xalidə ilə çay içmişlər. Xalidə ilə dərdini bölüşüb problemlərini danışmışdırlar. 2022-ci ilin iyul ayında anası X1 müalicəsi üçün ona pul lazım olmuşdur. Bu barədə Xalidəyə bildirib faizlə 3000 manat borca pul axtardığını demişdir. Xalidə qonşuluğunda kiminsə faizlə borca pul verdiyini bildirib maraqlanıb həmin şəxsdən öz adına faizə pul götürüb ona verəcəyini demişdir. Həmin gün Xalidə ona zəng edib qonşudan 10 faizlə 3000 manat borca pul götürdüyünü demişdir. Həmin gün saat 19 radələrində Xalqlar dostluğu metrostansiyasının yaxınlığında yerləşən Neptun marketin yaxınlığında Xalidə ilə görüşüb ondan 3000 manat pulu götürmüşdür. Xalidə ilə razılaşmışdır ki, 2 ay 300 manat olmaqla pulun faizini, 2-ci ayın sonunda isə 3000 manat məbləği ona tam şəkildə versin. 2 ay ardıcıl olaraq hər ay 300 manat olmaqla cəmi 600 manat Xalidəyə pul vermişdir. Həmin pulu Xalidənin kart hesabına göndərmişdir. Həmin kartın nömrəsini və hansı banka aid olduğunu hal-hazırda xatırlamır. İkinci ayın sonunda Xalidə 3000 manatı ondan tam olaraq istəmişdir. 3000 manatı bir dəfəyə verməyə imkanı çatmadığı üçün pulu hissə-hissə verə biləcəyini Xalidəyə bildirmişdir. Lakin Xalidə razılaşmayaraq ona qarğış edib münasibətləri korlamışdır. Ona görə də 3000 manat pulu indiyədək Xalidəyə verməmişdir. İddiaçı yalan danışır. İddiaçı ona 3000 manat pulu oğlunu “Socar’’ şirkətinə işə düzəltmək üçün deyil, borc kimi vermişdir. O, İddiaçı oğlunu işə düzəltdirmək üçün heç bir vəd verməmişdir. İddiaçı oğlunu ümumiyyətlə görməmişdir. İzahatında qeyd etdiyi Anar adlı şəxsi 10 ildən artıqdır ki, tanıyır. Anar əvvəllər “izmirli” gömrük karqosunda birlikdə işlədiyi Orxan adlı şəxsin xalası oğludur. Orxan və Anar hər ikisi Gəncə şəhərində yaşayır. Onların ünvanını və anket məlumatlarını dəqiq bilmir. İddiaçı izahatında falçı Anar kimi qeyd etdiyi şəxs həmin Anardır. İddiaçı 08 oktyabr 2023-cü il tarixdə Nizami RPl-in İŞ-ə ərizə ilə müraciət edərək Cavabdeh ona vurduğu 3000 manat maddi ziyanın 1500 manatını 08 oktyabr 2023-cü il tarixdə ödədiyini, qalan 1500 manatını isə 2023-cü ilin noyabr ayının sonundan etibarən hər ay 300 manat olmaqla ödəyəcəyinə dair söz verdiyini və razılaşdıqlarını bildirmişdir.

6. Cavabdeh məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, iddia tələbinə etiraz etmədiyini bildirmişdir.

İşin faktiki halları.

7. İşin faktiki halları ondan ibarətdir ki, hazırki iddia tələbində iddiaçı cavabdehə verdiyi 3000 manat pul vəsaitindən cavabdehin ona 1500 manat qaytardığını, lakin qalan 1500 manat pul vəsaitini geri qaytarmadığını bildirir və iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh əvvəlki məhkəmə iclasında ərizə təqdim edərək iddia tələbinə etiraz etmədiyini bildirmişdir. Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

Məhkəmənin mövqeyi

10. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir.

11. Məhkəmə qeyd edir ki, iş materiallarının araşdırılması və iddiaçı tərəfin izahatı nəticəsində müəyyən edildi ki, tərəflər arasında şifahi formada razılaşmaqla borc münasibəti yaranmışdır. İddiaçı hazırda cavabdehdən tələb etdiyi 1500 manata münasibətdə bildirir ki, cavabdehə verdiyi 3000 manat pul vəsaitindən cavabdehin ona 1500 manat qaytarmış, lakin qalan 1500 manat pul vəsaitini geri qaytarmamışdır. Məhkəmə qeyd edir ki, hazırkı iş materiallarında olan xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan da aydın olur ki, polis orqanında izahat verən Cavabdeh tanışı Xalidədən borc olaraq 3000 manat pul vəsaiti aldığını bildirir və eyni zamanda İddiaçı da izahatından aydın olur ki, həmin 3000 manat pul vəsaitindən cəmi 1500 manat ödəniş edilmiş və qalan 1500 manat pul vəsaiti ona qaytarılmamışdır. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaçıya qeyd olunan miqdarda borcu olduğunu bildirmiş və iddia tələbinə etiraz etməmişdir. Belə olan halda, məhkəmə yuxarıda qeyd olunan hallara istinadən qeyd edir ki, hazırki iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

Məhkəmə xərcləri

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

13. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

14. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

15. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1500 manat pul vəsaiti və iş üzrə ödənilmiş 35 manat dövlət rüsumu pul tutularaq iddiaçı Süleymanova Xalı̇ də İbrahı̇ m qızına ödənilməlidir.

16. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi : İddia təmin edilsin. Cavabdeh 1500 manat pul vəsaiti və iş üzrə ödənilmiş 35 manat dövlət rüsumu pul tutularaq iddiaçı Süleymanova Xalı̇ də İbrahı̇ m qızına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar