Məhkəmə qərarları › İş №2(010)-4737/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4737/2021

06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4737/2021 06.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Miriyeva Səlimə Miri qızı İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını araşdıraraq, MÜƏYYƏN E T D İ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra BOKT "xxxx" QSC) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh əsas borc 461.48 manat, faiz borcu 56.16 manat, 69.22 manat cərimə, həmçinin ərizəyə görə ödənilmiş 30.40 manat dövlət rüsumunun, ümumilikdə 617.26 manat borcun iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb hesab edir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən çıxarılmış cavabdehin şəxsi məlumatlarından görünür ki, Cavabdeh 11.03.2021-ci il tarixdə ölmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı BOKT ölmüş şəxsə qarşı iddia qaldırmaqla iddia ərizəsinin forması və məzmunu ilə bağlı 149-cu maddəsinin tələblərini pozmuşdur. Belə ki, Məcəllənin 149-cu maddəsində göstərilir ki, iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları (149.2.2); iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb (149.2.3); müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat (149.2.3) iddia ərizəsində göstərilməlidir. Bənzər tələblər kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizələr üçün də müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-3.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 284-3.2.1. ərizənin verildiyi məhkəmənin adı; 284-3.2.2. iddiaçı və cavabdehin adları, onların poçt ünvanları; 284-3.2.3. iddiaçının tələbi və onun əsaslandığı hallar; 284-3.2.4. tələbin əsaslığını təsdiq edən sənədlər; 284-3.2.5. əlavə edilən sənədlərin siyahısı. Aydındır ki, iddia tələbi ölmüş şəxsə qarşı yönəlibsə, yuxarıda göstərilən tələblərin gözlənilmiş olmasından söhbət gedə bilməz. Həmçinin, ölmüş şəxsə qarşı qaldırılmış iddiaya məhkəmədə baxılması ölmüş şəxsin prosessual statusunun məhkəmə tərəfindən tanınması deməkdir ki, bu yolverilməzdir. Nəzərə alınmalıdır ki, məhkəməyə daxil olan ərizə MPM-in 153.1-ci maddəsinə əsasən hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. Ərizə hakimin icraatına verildikdən sonra iş üzrə materiallar Azərbaycan Respublikası MPM-nin 149-153-cü maddələrinin tələblərinə müvafiq olaraq məhkəmə baxışının hazırlıq mərhələsinə qədər öyrənilməlidir. Qeyd edilən qaydalara əməl edilməməsi gələcəkdə ərizənin baxılmamış saxlanılması və ya icraata xitam verilməsinə əsas yaradır. (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31.03.2011-ci il tarixli, 3 nömrəli Qərarı) İşdən görünür ki, iddia ərizəsi artıq məhkəmənin icraatına qəbul edilmişdir. Bu səbəbdən MPM-in 259.0.12-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, MPM-in 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1— 150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdehin ölməsi aradan qaldırıla bilən nöqsan olmadığından məhkəmə iddia ərizəsinin yuxarıda qeyd edilən əsasla baxılmamış saxlanılması qənaətinə gəlir. Həmçinin, iddiaçıya izah edir ki, ərizənin bu əsasla baxılmamış saxlanılması nöqsanlar aradan qaldırıldıqdan sonra (cavabdeh vərəsəsi(ləri) ilə əvəz olunduqdan sonra) ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. MPM-in 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar