Məhkəmə qərarları › İş №2(010)-4764/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4764/2020

19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4764/2020 19.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıbaraq, məhkəmə Müəyyən etdi: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhsulun qaytarılmasından sonra qalan borc üçün 576 manat ödənilməmiş hissə, 0 manat cərimə, cəmi 576 manat pulun cavabdehdən alınaraq MMC-yə ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən məhsulun qaytarılmasından sonra 576 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 577 manat, məhsulun qaytarılmasından sonra qalan borc üçün 576 manat olmaqla ondan 576 manat ödənilməmiş hissə, 0 manat cərimə, miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edərək, tələb edilən borcun məhsul qaytarılandan sonra qalan cərimə borcu olduğunu bildirdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələbləri baxımından işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib və hazırkı iş üzrə toplanmış digər sübutlara qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin olunmamalıdır. Belə ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli razılaşmaya əsasən xx.xx.2018-ci il tarixli, 00128772 nömrəli müqavilə üzrə əldə edilmiş Alyans yataq dəsti müştərinin istəyi ilə “xxxx” MMC tərəfindən 577 manat məbləğində qiymətləndirilmişdir. Bu məbləğ tərəflərin qarşılıqlı razılığı əsasında qeyd edilmiş müqavilə üzrə müştərinin “xxxx” MMC-yə olan ümumi borcundan çıxılmış və açıq qalan borc məbləğinin bu Razılaşmanın 2-ci bəndində verilmiş qrafik üzrə ödənməsi müəyyənləşdirilmişdir. Ödəniş qrafikinə əsasən borc məbləği 01 manat ödəniş edildikdən sonra hər ay 48 manat olmaqla, 12 ay ərzində ödənilməlidir. İşdə olan Maliyyə arayışından görünür ki, borclu Cavabdeh 576 manat ödənilməmiş hissə, 0 manat cərimə pulu olmaqla, ümumilikdə 576 manat ödənilməmiş borcu vardır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi cavabdehdən tələb edilən pulun cərimə məbləği olduğunu bildirdi və cavabdeh tərəfindən cərimə borcunun ödənilmədiyini qeyd etdi. Məhkəmə tələb olunan cərimə borcuna və bununla bağlı olaraq iddiaçının nümayəndəsinin dəlillərinə qiymət verərək bildirir ki, Azərbaycan Respublikası MM-nin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Göründüyü kimi, aparılmış ödənişlər müqavilə üzrə əvvəlcə cərimə pulunun silinməsinə, sonra faiz borcunun silinməsinə və nəhayət əsas borcun silinməsinə yönəldilməlidir. Yani, əsas borcun olmadığı halda cərimə borcunun olması qeyd edilən maddənin imperativ tələbinə görə əsaslı deyildir. Bundan əlavə, iş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçı MMCdən kreditə götürülən məhsul qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış bağlanmış müqaviləyə əsasən məhsul nisyə satılmış, cavabdeh tərəfindən ödəniş edilmədiyinə görə cavabdeh aldığı məhsulu qaytarmışdır. Hazırda məhsul iddiaçıdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.3-ci maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.2-ci maddəsinə görə müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. İş materiallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsi bağlandıqdan sonra alınmış mal iddiaçıya geri qaytarılmış, yəni müqavilənin icrasından imtina edilmişdir. Yuxarıda istinad edilən Mülki Məcəllənin 600.4-cü maddələrinə görə, iddiaçı alqı-satqı müqaviləsinin predmetini cavabdehdən geri qəbul etməklə qanunvericiliklə ona verilmiş hüquqdan istifadə etmiş, beləliklə cavabdehin müqavilənin icrasından imtinasını qəbul etmişdir. Beləliklə, tərəflər arasında ləğv edilən müqaviləyə görə yaranmış cərimə borcunun cavabdehdən tələb edilməsini məhkəmə qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar