Məhkəmə qərarları › İş №2(010)-4780/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4780/2021

06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4780/2021 06.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Miriyeva Səlimə Miri qızı İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını araşdıraraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən 27.12.2019-cu il tarixli, MOB03-1797 saylı alqı-satqı müqaviləsi üzrə 629 manat, 24.03.2020-ci il tarixli, MOB03-2071 saylı alqı-satqı müqaviləsi üzrə 449 manat, 28.04.2020-ci il tarixli, STN03-4878 saylı alqı-satqı müqaviləsi üzrə 160 manat və iddia üçün ödənilən 30 manat dövlət rüsumu ilə birlikdə 902 manat əsas borc, 336 manat dəbbə pulu və 30 manat dövlət rüsumu olmaqla, ümumi olaraq 1268 manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC (“Texnoplus” mağazası) ilə üç alqı-satqı müqaviləsi imzalamışdır: 1) 27.12.2019-cu il tarixində MOB03- 1797 saylı alqı-satqı müqaviləsi; 2) 24.03.2020-ci il tarixində MOB03-2071 saylı alqı-satqı müqaviləsi; 3) 28.04.2020-ci il tarixində STN03-4878 saylı alqı-satqı müqaviləsi. 27.12.2019-cu il tarixli, MOB03-1797 nömrəli alqı-satqı müqaviləsi ilə Cavabdeh Texnoplus mağazasından 500 manat dəyərində “X3 Redmi Note 8 64GB black” almışdır. MOB03-1797 nömrəli alqı-satqı müqaviləsi ilkin ödənişsiz bağlanılmışdır. Müqaviləyə əsasən qalıq məbləğ 560 manatdır. Bu isə 20 aylıq ödəmə şərti ilə aylıq 28 manat ödəniş edir. 27.12.2019-cu il tarixli, MOB03-1797 nömrəli alqı-satqı müqaviləsi üzrə ödəniş tarixçəsi belədir: 1) 01.02.2020 – 28 manat; 2) 28.02.2020 – 28 manat; 3) 28.03.2020 – 28 manat. Cavabdeh cəmi 84 manat ödəniş etmişdir. Qalıq borc 476 manatdır. Gecikdirmə ilə əlaqədar 22.07.2021-ci il tarixinə yaranan dəbbə pulu isə 153 manatdır. 27.12.2019-cu il tarixli, MOB03-1797 nömrəli alqı-satqı müqaviləsi üzrə 629 manat ödəniş edilməlidir. 24.03.2020-ci il tarixli, MOB03-2071 nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh Texnoplus mağazasından 329 manat dəyərində “X2 SM-A105 blue” almışdır. MOB03- 2071 nömrəli alqı-satqı müqaviləsi ilkin ödənişsiz bağlanılmışdır. Müqaviləyə əsasən qalıq məbləğ 329 manatdır. Bu isə 12 aylıq ödəmə şərti ilə aylıq 28 manat ödəniş edir. Cavabdeh isə yalnız 25.04.2020-ci il tarixində 28 manat ödəniş etmişdir. Cavabdeh cəmi 28 manat ödəniş etmişdir. Qalıq borc 301 manatdır. Gecikdirmə ilə əlaqədar 24.03.2020-ci il tarixinə yaranan dəbbə pulu isə 148 manatdır. 24.03.2020-ci il tarixli, MOB03-2071 nömrəli alqı-satqı müqaviləsi üzrə 449 manat ödəniş edilməlidir. 28.04.2020-ci il tarixli, STN03-4878 nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh Texnoplus mağazasından 147 manat dəyərində “X4 Dots”, “Ütü feni Braun 1018”, “Ütü feni Braun 1018” almışdır. STN03-4878 nömrəli alqı-satqı müqaviləsi bağlanarkən 22 manat həcmində ilkin ödəniş edilmişdir. Müqaviləyə əsasən 147 manat ümumi məbləğdən 22 manat ödəniş çıxıldıqdan sonra qalıq məbləğ 125 manatdır. Bu isə 6 aylıq ödəmə şərti ilə aylıq 21 manat ödəniş edir. Cavabdeh isə heç bir ödəniş etməmişdir. Qalıq borc 125 manatdır. Gecikdirmə ilə əlaqədar 28.10.2020-ci il tarixinə yaranan dəbbə pulu isə 35 manatdır. 28.04.2020-ci il tarixli, STN03-487 nömrəli alqı-satqı müqaviləsi üzrə 160 manat ödəniş edilməlidir. Hər üç müqavilə üzrə ümumi olaraq 1238 manat ödəniş edilməlidir. Sonuncu dəfə Cavabdeh ödənişlə əlaqədar 26.07.2021-ci il tarixində pretenziya məktubu göndərilmiş və ödəmə üçün üç günlük müddət təyin edilmişdir. Lakin borclu yenə də ödəniş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasında baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə qanunvericiliyinin tələbini əsas götürərək işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Satıcı – İddiaçı MMC və Alıcı - Cavabdeh arasında 27.12.2019-cu il tarixdə bağlanmış MOB03-1797 nömrəli alqı-satqı müqaviləsinə əsasən Satıcı Alıcının sifarişi əsasında “X3 Redmi Note 8 64GB black” markalı mobil telefonun nisyə satışını həyata keçirir, Alıcı isə həmin malı qəbul edir. Alıcı tərəfindən alınmış malın ümumi dəyərinin 0 manat həcmində ilkin ödəniş edilməlidir. Bu müqavilənin müddəti 20 ay təşkil edir. 27.12.2019-cu il tarixli, MOB03-1797 nömrəli alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödənişlərin 27.01.2020 – 27.08.2021-ci il tarixləri arasında aylıq 28 manat olmaqla ödənilməsi təsdiq edilmişdir. 27.12.2019-cu il tarixli, MOB03-1797 nömrəli müqavilə üzrə təhvil-təslim aktından görünür ki, “X3 Redmi Note 8 64GB black” markalı mobil telefon Cavabdeh təhvil verilmişdir. 22.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 27.12.2019-cu il tarixli, MOB03-1797 nömrəli müqavilə üzrə Cavabdeh 84 manat ödəniş etmiş, 476 manat ödənilməmiş əsas borc, 153 manat cərimə borcu qalmışdır. Satıcı – İddiaçı MMC və Alıcı - Cavabdeh arasında 24.03.2020-ci il tarixdə bağlanmış MOB03-2071 nömrəli alqı-satqı müqaviləsinə əsasən Satıcı Alıcının sifarişi əsasında “X2 SM-A105 blue” markalı mobil telefonun nisyə satışını həyata keçirir, Alıcı isə həmin malı qəbul edir. Alıcı tərəfindən alınmış malın ümumi dəyərinin 0 manat həcmində ilkin ödəniş edilməlidir. Bu müqavilənin müddəti 12 ay təşkil edir. 24.03.2020-ci il tarixli, MOB03-2071 nömrəli alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödənişlərin 24.04.2020 – 24.03.2021-ci il tarixləri arasında aylıq 28 manat (sonuncu ay 21 manat) olmaqla ödənilməsi təsdiq edilmişdir. 24.03.2020-ci il tarixli, MOB03-2071 nömrəli müqavilə üzrə təhvil-təslim aktından görünür ki, “X2 SM-A105 blue” markalı mobil telefon Cavabdeh təhvil verilmişdir. 22.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 24.03.2020-ci il tarixli, MOB03- 2071 nömrəli müqavilə üzrə Cavabdeh 28 manat ödəniş etmiş, 301 manat ödənilməmiş əsas borc, 148 manat cərimə borcu qalmışdır. Satıcı – İddiaçı MMC və Alıcı - Cavabdeh arasında 28.04.2020-ci il tarixdə bağlanmış STN03-4878 nömrəli alqı-satqı müqaviləsinə əsasən Satıcı Alıcının sifarişi əsasında “X4 Dots”, “Ütü feni Braun 1018”, “Ütü feni Braun 1018” mallarının nisyə satışını həyata keçirir, Alıcı isə həmin malı qəbul edir. Alıcı tərəfindən alınmış malın ümumi dəyərinin 22 manat həcmində ilkin ödəniş edilməlidir. Bu müqavilənin müddəti 6 ay təşkil edir. 28.04.2020-ci il tarixli, STN03-4878 nömrəli alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödənişlərin 28.05.2020 – 28.10.2020-ci il tarixləri arasında aylıq 21 manat (sonuncu ay 20 manat) olmaqla ödənilməsi təsdiq edilmişdir. 28.04.2020-ci il tarixli, STN03-4878 nömrəli müqavilə üzrə təhvil-təslim aktından görünür ki, “X4 Dots”, “Ütü feni Braun 1018”, “Ütü feni Braun 1018” Cavabdeh təhvil verilmişdir. 22.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 28.04.2020-ci il tarixli, STN03- 4878 nömrəli müqavilə üzrə Cavabdeh 0 manat ödəniş etmiş, 125 manat ödənilməmiş əsas borc, 35 manat cərimə borcu qalmışdır. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, hər üç müqavilə üzrə ödənilməmiş qalıq borcun və hesablanmış cərimənin məbləği barədə Cavabdeh məlumat verilmiş, ödəniş edilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə aralarında bağlanmış alğı-satqı müqavilələrinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı həmin müqavilələr üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış alğısatqı müqavilələrinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilələrdə göstərilən malları borcluya vermişdir. Borclu isə alğı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Odur ki, cavabdehdən hər üç alğı-satqı müqaviləsi üzrə ödənilməmiş cəmi 902 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Eyni zamanda işdən görünür ki, iddiaçı cavabdehdən öhdəliyin vaxtında və lazımınca icra edilməməsinə görə cərimə (dəbbə) tutulmasını xahiş etmişdir. Dəbbə puluna görə cavabdehin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun təqsiri olduğu təqdirdə tələb edə bilər. Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Beləliklə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində borclunun təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər. İşdən göründüyü kimi, iddiаçı cаvаbdehdən üç alğı satqı müqaviləsi üzrə cəmi 336 manat cərimə ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırki vəziyyətdə işin hаllаrınа uyğundur və bu səbəbdən iddia cərimə ilə bağlı hissədə əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. 284-6.3-cü maddəsinin tələbinə görə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı qanunla nəzərdə tutulmuş dövlət rüsumunu düzgün ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçının xeyrinə verilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 27.12.2019, 24.03.2020 və 28.04.2020-ci il tarixli müqavilələr üzrə cəmi 902 manat məbləğində əsas borc və 336 manat cərimə olmaqla, cəmi 1238 manat məbləğində pul Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 27.12.2019, 24.03.2020 və 28.04.2020-ci il tarixli müqavilələr üzrə cəmi 902 manat məbləğində əsas borc və 336 manat cərimə olmaqla, cəmi 1238 (min iki yüz otuz səkkiz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar