Məhkəmə qərarları › İş №2(010)-4799/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4799/2024

20.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4799/2024 20.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı Cavabdeh qarşı “ aliment borcunun tutulması və alimentin artırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı aliment borcunun tutulması və alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 minimal aylıq xərclərinin ödənilməsi üçün alimentin ümumi məbləğinin artırılaraq hər bir uşaq üçün 235 manat müəyyən edilməsi və ümumilikdə 470 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi və ödənilməmiş 11 000 manat aliment borcunun məcburi alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin e-2(010)-5375/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı olaraq mənim Cavabdeh qarşı “aliment tələbinə dair” iddiam təmin olunmuş, faktiki nikah münasibətlərimizdən doğulmuş uşaqlarımızın saxlanılması üçün müəyyən olunmuş aliment məbləği Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 175 AZN olmaqla sabit pul məbləğində hər ay 350 AZN aliment tutularaq iddiaçı olaraq mənə ödənilməsi qət edilmişdir. Hal-hazırda Bakı şəhər Suraxanı Rayon Məhkəməsi tərəfindən qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Qətnamə üzrə qət edilən məbləğ bir məktəbli uşağın tədris ləvazimatlarının alınmasına, geyim, çanta, iş dəftəri, həmçinin uşağın saxlanılması xərclərinə yetmir. Uşağın bütün qayğı və ehtiyaclarını tamamilə özüm çəkirəm. Uşağın təlim- tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın kimi mənə çox ağır gəlir. Aliment borcu ilə bağlı cavabdehə bildirsəm də məni ölümlə hədələyir və təhdid edir. Həmçinin ötən zaman müddətində yığılıb qalmış aliment ödənişini tələb etdiyim zaman yenidən şərəf və ləyaqətimi alçaltmış və nalayiq ifadələr ilə mənə təhqir etmişdir. Halbuki mən cavabdehə nikahdan olan uşaqlarımızın saxlanılması üçün onun da köməklik göstərməsinin zəruri olduğunu bildirmişdim. Çünki cavabdehin ödənilməmiş və yığılıb qalmış aliment borcu 11.000 AZN-dir. Bütün bunlar bir ana olaraq məni dərindən sarsıdır və stress halında yaşamağa sövq edir. Buna görə də “11.000 AZN ödənilməmiş aliment borcu və tələbi aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 ödənilməmiş aliment borcu və aliment məbləğinin artırılması ilə bağlı qanuna müvafiq olaraq X3 keçirilməsi üçün Mediasiyaya müraciət etdim. xx.xx.2024-cü il MŞB/8/2024/- 01999 saylı ilkin Mediasiya Sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim olundu. Cavabdeh İlkin Mediasiya Sessiyasında iştirak etsə də ödənilməmiş aliment borcu və aliment məbləğinin artırılması ilə bağlı iddia tələbi ilə qəti şəkildə razı olmadı və imtina etdi. Mən də qanunun tələblərinə uyğun olaraq hazırkı iddia ərizəm ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldım. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 minimal aylıq xərclərinin ödənilməsi üçün alimentin ümumi məbləğinin artırılaraq 235 manat müəyyən edilməsi və hər ay 470 AZN məbləğində alimentin cavabdehdən tutularaq mənə ödənilməsini xahiş edirəm. Həmçinin mənə ödənilməmiş və yığılıb qalmış 11.000 AZN aliment borcu da cavabdehin öhdəliyinin icra edilməmiş hissəsi olaraq qalmaqdadır.” Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsi icraata qəbul edilə bilməz. Belə ki, iddia ərizəsindən görübür ki, iddiaçı cavabdehə qarşı iki tələb irəli sürmüşdür; aliment miqdarının artırılması və ödənilməmiş aliment borcunun cavabdehdən tutulması. İddia tələbinin birinci hissəsi - aliment miqdarının artırlması tələbinə məhkəmə qaydasında baxılması mümkün olsa da, tələbin ikinci hissəsi olan ödənilməmiş aliment borcunun cavabdehdən tutulması hissəsinə məhkəmədə baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsi; Maddə 105. Tələbin aliment ödəməli olan şəxslərin əmlakına yönəldilməsi. Aliment ödənilməsi barədə saziş və ya məhkəmənin qətnaməsi əsasında müəyyən olunmuş miqdarda aliment, habelə aliment üzrə borclar aliment ödəməli olan şəxsin qazancından və (və ya) digər gəlirlərindən tutulur. Qazanc və (və ya) digər gəlirlər çatışmadıqda aliment onu ödəməli olan şəxsin bankdakı və s. kredit təşkilatlarındakı hesabında olan pul vəsaitindən, eləcə də mülkiyyət hüququnun başqasına verilməsinə səbəb olan müqavilələr istisna olmaqla, müqavilə əsasında kommersiya və qeyri-kommersiya təşkilatlarına verilən pul vəsaitindən mülki prosessual qanunvericilikdə müəyyən olunmuş qaydada tutulur. Bu vəsaitlər çatışmadıqda tələb aliment ödəməli olan şəxsin qanunla tələb yönəldilə bilən başqa əmlakına yönəldilə bilər. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunu; Maddə 3. İcra məmurunun tələblərinin məcburiliyi. 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 43-cü maddəsinə əsasən aşağıdakı məcburi icra tədbirləri tətbiq olunur;

1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunuun 44-cü maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır; 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 44.3. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Göründüyü kimi könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi qeyd olunan məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Hazırki iddia tələbinin qeyd olunan ödənilməmiş aliment borcunun cavabdehdən tutulması hissəsi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icraya yönəlmiş, tərəflər artıq icra sənədi üzrə tələbkar və borclu statusunda çıxış edirlər. Belələiklə, məhkəmə qeyd edir ki, məhkəmənin qətnaməsi əsasında müəyyən olunmuş miqdarda aliment, habelə aliment üzrə borcların aliment ödəməli olan şəxsdən alınması məsələsi məhkəmə qaydasında deyil, icra icraatı qaydasında həll olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbinin birinci hissəsinin məhkəmə qaydasında baxılması mümkün olsa da, mülki qanunvericilikdə iddia ərizəsinin icraata qismən qəbulu və ya iddia ərizəsinin icraata qəbulundan qismən imtina nəzərdə tutulmadığından və iddiaçının iddia tələbinin ikinci hissəsi məhkəmə qaydasında baxılmalı olmadığından, icraata qəbulundan imtina olunmalı olması səbəbindən məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina etmək qərarına gəlir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 153. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina. 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iddia ərizəsinin icraata qəbulundan imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 153-cü və 263-269-cu maddələrini rəhbər tutaraq,

Q Ə R A R A A L D İ:

İddiaçı Cavabdeh qarşı “aliment borcunun tutulması və alimentin artırılması” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina olunsun və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, bu hal iddia tələbinin “ödənilməmiş aliment borcunun cavabdehdən tutulması” hissəsində həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar