Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-480/2025 30.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı4, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onlara vurduğu maddi ziyana görə İddiaçı1 24 000 azn, İddiaçı2 9000 azn, İddiaçı3 28862 azn və İddiaçı4 17000 azn pul vəsaitinin, eyni zamanda ödənilmiş 327 azn dövlət rüsumunun cavabdehdən alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (bundan sonra cavabdeh) onlar – İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 (bundan sonra iddiaçılar) xeyli miqdarda əmlakını aldatma və onların etibarlarından sui istifadə etməklə onlara qarşı dələduzluq etmişdir. Cavabdehin onlara qarşı etdiyi qanuna zidd hərəkətlərinə Bakı şəhəri Pirallahı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(094)-8/2024 saylı hökmü ilə cavabdehə AR-sı Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il, 11 ay, 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hal hazırda cavabdeh Qobustan Cəzaçəkmə müəssisəsində ümumi rejimli cəzaçəkmə müəssəsində cəzasını çəkir. İddiaçı1 cavabdehi 7 ildir ki, tanıyır. Cavabdeh məxsus Pirallahı qəsəbəsində yerləşən “bərbər” salonunda onunla görüşərək ona “yağ” satışı ilə məşğul olmağı təklif etmişdir. Yağ satışı ilə məşğul olmaq məqsədi ilə cavabdeh ondan ilk öncə 5000 azn almış və bir müddətdən sonra cavabdeh ona 1200 azn pul vəsaitini qazanc kimi əldə edilməsini bildirərək ona təqdim etmişdir. Qazancın əldə edilməsini gördükdən sonra cavabdehə inamı artmış və bundan sonra cavabdeh ondan yenidən pul vəsaiti istəmiş, o isə cavabdehə inanaraq 3800 azn pulu bank kartına, sonradan görüşdükdən sonra 1200 azn pulu isə cavabdehə şəxsən vermişdir. Bir müddətdən sonra cavabdeh sonradan ondan “su satışı” ilə bağlı 10000 azn pulun tələb olunduğunu bildirmiş, o isə öz növbəsində ona inanaraq cavabdehə 10000 azn pulu vermişdir. Bir müddət sonra cavabdeh ona qazanc olduğunu bildirmiş və ona 550 azn pulu qazanc kimi ödəmişdir. Bir müddət sonra isə cavabdeh ondan yenə pul istəmiş, bu dəfə isə o ona 5 000 azn, qısa bir müddətdən sonra isə əlavə 4000 azn pul qazancın əldə olunması ilə bağlı ödəmişdir. Nəticədə cavabdehə dəfələrlə onu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ondan aldığı ümumi 24000 azn pulıtn qaytarılması ilə bağlı müraciətləri nəticəsiz qalmışdır. İddiaçı2 cavabdehi 2023-cü ildə İddiaçı1 vasitəsilə tanımışdır. Cavabdeh ona ərzaq mallarının topdan satışı ilə məşğul olmağı təklif edərək, 9000 azn pul almışdır.Nəticədə cavabdehə dəfələrlə onu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ondan aldığı ümumi 9000 azn pulun qaytarılması ilə bağlı müraciətləri nəticəsiz qalmışdır. İddiaçı3 cavabdehi 2023-cü ildə İddiaçı1 vasitəsilə tanımışdır. Cavabdeh ona ərzaq mallarının topdan satışı ilə məşğul olmağı təklif edərək, ondan 23 000 azn pul almışdır. Həmin pulun 3500 manatını Rabitə bankdan, 9520 manatını isə Kapital bankdan götürmüşdür. Həmin puladək də faiz ödəməli idi. Kapitalbanka faizi ilə birlikdə 14256 manat ödəməli idi. Rabitəbankdan aldığı pul üçün isə faizi ilə birlikdə 4626 manat ödəməli idi. Onu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ümumi 23000 azn pul almış olsa da, ümumilikdə ona 28862 azn ziyan vurmuşdur. Nəticədə cavabdehə dəfələrlə pulun qaytarılması ilə bağlı müraciətləri nəticəsiz qalmışdır. İddiaçı4 cavabdehi 2023-cü ildə İddiaçı1 vasitəsilə tanımışdır. Cavabdeh ona ərzaq mallarının topdan satışı ilə məşğul olmağı təklif edərək, 17 000 azn pul almışdır. Nəticədə cavabdehə dəfələrlə onu aldatma və etibardan sui-istifadə etmə yolu aldığı ümumi 17 000 azn pulun qaytarılması ilə bağlı müraciətləri nəticəsiz qalmışdır. İddiaçılar pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onlara vurduğu maddi ziyana görə İddiaçı1 24000 manat, İddiaçı2 9000 manat, İddiaçı3 28862 manat və İddiaçı4 17000 manat ziyan dəymişdir, ona görə hesab edilir ki, həmin vəsait ondan tutularaq bizə qaytarılmalıdır. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı4 iddianı müdafiə edərək bildirmişdir ki, 23000 manat hökmdə yazılmışdır. Bank faziləri toplanaraq 28000 manat olmuşdur. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək bildirmişdir ki, Samir 10000 manatı öz cibindən vermişdir. Qalan 13000 manatı isə bankdan götürmüşdü. Səs yazılanda da qeyd olunur ki, bankdan 13000 manat götürülüb. Cavabdeh bank borcunu bağlayacağını demişdi. Hətta onlar da öz pulunu gözləyə biləcəklərini deyib, əsas bank borcunun bağlanmasına razı olmuşdular . Sonra məlum oldu ki, cavabdeh heç bir ödəniş etməyib. Samir məcbur qalıb başqa bankdan daha aşağı faizlə əlavə 20000 manat götürdü ki, həm şəxsi ehtiyaclarını qarşılasın, həm də digər bankın borcunu bağlasın. Cavabdeh Prokurorluqda ona faizlə pul verildiyini demişdi. O da sübuta yetirilmədi. Səs yazılarını verdikdən sonra boynuna aldı. Evi satıb, pulu qaytaracağını dedi. Amma evi də satmadılar. İddiaçılar İddiaçı3, İddiaçı2 və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəblərini məhkəməyə bildirməmişdirlər. Əvvəlki məhkəmə iclasında İddiaçı3 iddianı müdafiə edərək bildirmişdir ki, bankın faizləri var. Ona görə 28000 manat hesablamışdır. 23000 manat vermişdi. Onun yarısı bankdan götürdüyü pul idi. Hazırda banka ödəniş edir. Bankdan pul götürmüşdür. Əlavə etdiyi sənədlərdə faizlər göstərilib.Yazışmalar onda var. İş materialları. İş materiallarında olan “Kapital Bank” GTZK1649393B201 saylı kredit müqaviləsinə əlavə ödəniş qrafikin surətindən görünür ki, İddiaçı3 illik 21.5% dərəcəsi ilə, 48 ay müddətinə, 9520 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “Rabitəbank Bank” ilə bağlanmış əlavə ödəniş qrafikin surətindən görünür ki, İddiaçı3 illik 14.5% dərəcəsi ilə, 18 ay müddətinə, 3500 manat məbləğində kredit verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1511/2014 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə məhkum edilmiş şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(094)-8/2024 nömrəli hökmü məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(094)-8/2024 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Hökmdən görünür ki, Cavabdeh İddiaçı1 ümumilikdə 24000 manat, İddiaçı3 ümumilikdə 23000 manat, İddiaçı2 ümumilikdə 9000 manat, İddiaçı4 ümumilikdə 17000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İş materiallarına əlavə edilmiş video-diskdən görünür ki, Cavabdeh zərərçəkmiş şəxslərdən pul alması öz əksini tapmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi: Maddə 180. Mülki iddia üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün və ya qərarının əhəmiyyəti 180.2. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. 180.3. Cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi: Maddə 178. Dələduzluq 178.1. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə... 178.2. Eyni əməllər: 178.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 178.2.2. təkrar törədildikdə;... 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, Pirallahı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(094)-8/2024 saylı hökmündən göründüyü kimi, Cavabdeh özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui istifadə etməklə ələ keçirərək onlara qarşı dələduzluq etmişdir. Həmin hökmdən görünür ki, cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə iddiaçıya qarşı dələduzluğa görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Cavabdeh bu əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə dələduzluq (təkrar törədildikdə; xeyli miqdarda ziyan vurmaqla törədildikdə) kimi tövsif edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1511/2014 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə həmin hökm qüvvədə saxlanılmışdır. Məhkəmə ilk öncə onu qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Hazırki iş üzrə iddiaçılar və cavabdehin həmin hadisəyə aidiyyatı tam sübut olunur. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə hüququndadır. İş materialarına əlavə edilmiş Pirallahı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(094)-8/2024 saylı hökmündə mülki iddianın olmadığı görünür. Pirallahı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(094)- 8/2024 saylı hökmü qanuni qüvvəyə mindikdən sonra iddiaçılar cinayət əməli nəticəsində onlara dəymiş zərərin ödənilməsi ilə bağlı məhkəməyə mülki qaydada müraciət etmişdirlər. Belə olan halda, iddiaçılar cinayət əməli nəticəsində ona dəymiş zərərin əvəzini cavabdehdən tələb etməkdə haqlı olmuşdurlar. Məhkəmə qeyd edir ki, iddiaçılar onlar tərəfindən Cavabdeh verilmiş pul vəsaitini tələb etmişdirlər. Bu məbləğin bir hissəsi – İddiaçı1 ümumilikdə 24000 manat, İddiaçı3 ümumilikdə 23000 manat, İddiaçı2 ümumilikdə 9000 manat, İddiaçı4 ümumilikdə 17000 manat məbləğində pulun cavabdeh tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübut edilmiş, lakin digər hissəsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, İddiaçı3 məhkəmə iclasında izahat verərək cavabdehə 23000 manat vermiş olduğunu, həmin pulun bir hissəsini Rabitə bankdan, bir hissəsini isə Kapital bankdan kredit götürdüyünü, faizlərlə birlikdə 28000 manat hesablandığını qeyd etmiş, bunu təsdiqləyən bank sənədlərin surətlərini məhkəməyə təqdim etmişdir. Lakin, məhkəmə hesab edir ki, kreditlərin götürülməsi və faizlərin yaranması məhz cavabdehin qanunazidd hərəkətlərinin nəticəsi olması iş materialları ilə sübut edilməmişdir. Bunları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurduğu maddi ziyana görə İddiaçı1 xeyrinə 24000 azn, İddiaçı2 xeyrinə 9000 azn, İddiaçı3 xeyrinə 23000 azn və İddiaçı4 xeyrinə 17000 azn pul vəsaiti tutulmalıdır. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 309 manat məbləğində pul cavabdehdən tutularaq bu ödənişi tam olaraq həyata keçirmiş İddiaçı4 ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurduğu maddi ziyana görə İddiaçı1 xeyrinə 24000 azn, İddiaçı2 xeyrinə 9000 azn, İddiaçı3 xeyrinə 23000 azn və İddiaçı4 xeyrinə 17000 azn pul vəsaiti tutulsun. Dövlət rüsumu olaraq ödənilmiş 309 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı4 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-480/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-480/2025
30.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver