Məhkəmə qərarları › İş №2(010)-4843/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(010)-4843/2021

29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4843/2021 29.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borcun məbləği olan 2650 (iki min altı yüz əlli) manat miqdarında pulun və 31 (otuz bir) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Cavabdeh oğlunu işə düzəltmək adı ilə ondan 2018-ci ilin noyabrın 11-də 6000 manat pul almışdır. Daha sonra vədinə əməl etməyərək oğlunu işə düzəltməmiş, habelə ondan aldığı pulu geri qaytarmamışdır. Uzun müddətdən sonra aladatıldığını başa düşərək Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək Cavabdeh ona olan borcunun qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Uzun çəkişmədən sonra o xırda-xırda pulun bir hissəsini yəni 3350 manatı ona qaytarmış yerdə qalan 2650 manat borcu hələdə qaytarmamışdır. Araşdırma zamanı ərizəsi əsasında toplanmış material üzrə Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Surac Əhmədov tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bu səbəbdən də o, məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Cavabdeh iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyinə və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə, iddiaçı tərəfin ərizəsi nəzərə alınmaqla - işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən araşdırılmış işin hallarından, eləcə də İddiaçı oğlunun ərizəsi əsasında Nizami Rayon Polis İdarəsində toplanmış rədd materialından aydın olur ki, Cavabdeh 2019-cu ildə İddiaçı 6000 manat pul almışdır. Cavabdeh 6000 manat puldan 3350 manat İddiaçı qaytarmış, nəticədə onun İddiaçı 2650 manat borcu qalmışdır. Beləliklə də Cavabdeh İddiaçı 2650 manat miqdarında borcu olması təsdiq olunur. Məhkəmə iddia tələbinin qanuni əsası kimi aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1 və 1092.2-ci maddələrinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh heç bir hüquqi əsas olmadan, yəni həyata keçirilməmiş əsasa görə iddiaçının hesabına əsassız varlandığı üçün iddiaçının ondan verdiklərini geri tələb etmək hüquq vardır. Belə olduğu halda məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh 2650 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı oğluna verilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edildiyinə görə iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 31 manat pul vəsaitinin əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 2650 (iki min altı yüz əlli) manat məbləğində pul və 31 (otuz bir) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhər Suraxanı rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilərlər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar