Məhkəmə qərarları › İş №2(010)-4845/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4845/2021

24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4845/2021 24.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı 01/432/19-T saylı 18 noyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı «Pareks Lizinq and Faktorinq MMC-nin xeyrinə 01/432/19-T saylı 18 noyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əşyanın ödənilməmiş dəyəri 745.24 manat əsas borc, dəbbə pulu 920.79 manat, cəmi 1666.03 manat və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında 18 noyabr 2019-cu il tarixdə 01/432/19-T saylı Nisyə alqı-satqı müqaviləsi (bundan sonra «Müqavilə») bağlanıb. Müqaviləyə əsasən iddiaçı qiyməti 1.292.16 manat olan 1 (bir) ədəd 2018-ci il buraxılışlı Teplo markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə cavabdehə təhvil verib, cavabdeh isə bunun müqabilində müqaviləyə əlavə olan Ödəniş qrafıkinə müvafiq olaraq ayba-ay ödəniş etməyi öhdəsinə götürüb. Hazırda cavabdehin həmin müqaviləyə əsasən qalan borcu 745.24 manat, dəbbə pulu 920.79 manat olmaqla, cəmi 1666.03 manat təşkil edir. Müqavilədən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilib. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər edilməsi 439 gün müddətində gecikdirilib və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməyib. Cavabdeh2 18 noyabr 2019-cu il tarixli 01/432/19-T-Z3 saylı Zaminlik müqaviləsinə əsasən Nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Bu isə o deməkdir ki, o, həmin müqavilə üzrə mövcud öhdəliklərin icrasının təmin olunmamasına və ya lazımınca icra olunmamasına görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə olunmuş 18.11.2019-cu il tarixli NAS-01/432/19-T saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC Cavabdeh1 müqaviləyə əsasən 12 ay müddətinə qiyməti 1292.16 manata 1(bir) ədəd 2018-ci il buraxılışlı Teplo markalı divardan asılan məişət qaz qazanını sənəd və lavazimatları ilə satmış, Cavabdeh1 isə onu qəbul edib, avadanlığın qiymətini İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 21.11.2019-cu il tarixli NAS-01/432/19-T saylı əmlakın təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-nin adından X1 İddiaçı MMC-nin mülkiyyətində olan qiyməti 1292.16 manat olan 1 (bir) ədəd 2018-ci il buraxılışlı Teplo markalı divardan asılan məişət qaz qazanını sənəd və lavazimatları ilə Cavabdeh1 təhvil vermiş, Cavabdeh1 avadanlığı qəbul edərək təhvil almışdır. İş materiallarına əlavə olunmuş nisyə alqı-satqı müqaviləsi üzrə müqaviləsi üzrə öhdəliklərin icra edilməsi barədə xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC tərəfindən yaranmış borcun və cərimənin ödənilməsi Cavabdeh1 tələb edilmişdir. İş materiallarına əlavə edilmiş 18.11.2019-cu il tarixli 01/432/19-T-Z3 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən öhdəliklərin tamamilə icra edilməsinə dair məsuliyyəti öz üzərlərinə götürmüşdür. İş materiallarında olan 09.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı MMC-yə olan müqavilə üzrə ödənişlər üzrə borc qalığı 745.24 manat əsas borc, dəbbə pulu 920.79 manat, cəmi 1666.03 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1.-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı MMC ilə bağladığı 18.11.2019-cu il tarixli NAS-01/432/19-T saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 12 ay müddətinə qiyməti 1292.16 manat olan 1(bir) ədəd 2018-ci il buraxılışlı Teplo markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə almışdır. Həmçinin, Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş üzrə İddiaçı MMC müqavilədə göstərilmiş əşyanı cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncular bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşlar. Bunun nəticəsində Cavabdeh1 İddiaçı MMC-yə 18.11.2019-cu il tarixli NAS-01/432/19-T saylı nisyə alqı-satqı müqaviləsi üzrə 745.24 manat əsas borc, dəbbə pulu 920.79 manat, cəmi 1666.03 manat borcu yaranmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bu Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bankın iddiasının 920.79 manat gecikdirməyə görə cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehlərdən dəbbə pulu olaraq 50 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə iş materiallarında olan sübutları araşdırıb belə bir nəticəyə gəlir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən və cavabdeh tərəfindən əsas borc üzrə qismən ödənişlər edildiyindən iddia qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada «01/432/19-T saylı 18 noyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 745.24 manat əsas borc, dəbbə pulu 50 manat, cəmi 795.24 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 01/432/19-T saylı 18 noyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 745.24 manat əsas borc, dəbbə pulu 50 manat, cəmi 795.24 (yeddi yüz doxsan beş manat, iyirmi dörd qəpik) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar