Məhkəmə qərarları › İş №2(010)-4850/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4850/2022

30.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4850/2022 30.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Suraxanı rayon məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, Cavabdeh xx.xx.2008-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 (yüz doxan üç) manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya ödənilməsi. İddia tələbinin dəlliləri İddiaçı X4 ilə Cavabdeh ilə xx.xx.2006-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Bu nikahdan onların xx.xx.2008-ci ildə Nərmin adlı qızı anadan olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyi üçün nikahın pozulması və cavabdehdən alimentin tutulması ilə bağlı Suraxanı rayon məhkəməsinə müraciət etmiş, Suraxanı rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən nikahı pozulmuş və qızının saxlanılması üçün 70 manat məbləğində alimentin cavabdehdən tutulub iddiçıya ödənilməsi ilə bağlı qətnamə qəbul edilmişdir. Sonradan məhkəmənin qətnaməsinə əsasən alimentin məbləği artırılaraq 137 manat olmuşdur. Hazırda 137 manat həcmində aliment uşağın təminatlarının normal ödənilməsi üçün yetərli deyildir. Cavabdeh müəyyən olunmuş aliment məbləğindən başqa uşağın saxlanılmasında heç bir maddi yardım göstərmir və onların problemləri ilə maraqlanmır. Qızının artıq böyümüş təlabatları artmışdır. Uşağın normal təhsil alması üçün hər il yeni dərs vəsaitləri, geyim əşyaları, normal qidalanma tələb olunur. Bütün bunları uşağı üçün təşkil etmək tək başına ona olduqca çətindir, hətta qeyri-mümkündür. Lakin, cavabdeh uşağın normal yaşayışını təmin etmək üçün bütün bunların təşkil olunmasında iddiaçıya hər hansı bir köməklik göstərmir. Buna görə də qızı X1 üçün Cavabdeh aliment tutulmalıdır. Lakin cavabdeh rəsmi iş yerinə malik olmadığından və onun gəliri dəyişkən olduğundan övladının saxlanılması üçün aliment ondan sabit məbləğində tutulmalıdır. Hesab edir ki, Suraxanı rayon məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq, uşağının saxlanılması üçün 193 (yüz doxsan üç) manat sabit pul məbləğində cavabdehdən aliment tutulmalıdır. İddiaçının izahatları İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə imkanı yoxdur. Belə ki, özü İsmayıllıda yaşayır və yenidən ailə qurub. Məhkəmənin qərarına əsasən ödənilən 137 manat məbləğində alimenti çətinliklə ödəyir. Taksi sürücüsü işləyir, gəliri sabit deyil, dəyişkən olur və maksimum aylıq gəliri 500- 600 manat olur. Ayda yalnız 160-170 manat məbləğində aliment ödəyə bilər. Artıq ödəməyə imkanı yoxdur. Əgər gələcəkdə aylıq gəliri çox olarsa, artıq da ödəməyə hazırdı. Lakin, hazırda maddi imkanı buna yol vermir. İş materiallarına əlavə edilmiş: Bakı 6 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator R.İbrahimovun “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından müəyyən olunur ki, Məmmədov X2 Natavan Əkbər qızı tərəfindən təsvir edildiyi kimi alimentin artırılması tələbi üzrə xx.xx.2022-ci il tarixində, 09:30 saatda keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşin faktiki halları İddiaçı X4 və Cavabdeh birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü Nərmin adlı övladları doğulmuşdur. Nərmin iddiaçının yanında qalır. Məhkəmə qətnaməsi ilə övladının saxlanılması üçün cavabdehdən hər ay 137 manat məbləğində aliment tutulması qət edilmişdir. Hazırda isə iddiaçı məhkəmədən cavabdehdən tutulan aliment miqdarının artırılmasını, uşağının saxlanılması üçün cavabdehdən hər ay 193 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etmiş, cavabdeh isə maddi imkanının aşağı olduğunu, cari nikahından iki azyaşlı övladının olmasını bildirib aylıq maksimum 160-170 manat məbləğində aliment ödəmək iqtidarında olduğunu qeyd etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası: Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı: 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112. İddianın qiyməti. 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

Məhkəmənin mövqeyi İşin faktiki hallarından göründüyü kimi tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan övladları Nərmin hazırda iddiaçının yanında qalır. Bu baxımdan məhkəmə hesab edir ki, uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşağın saxlanılması üçün cavabdehdən tutulan 137 manat məbləğində alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Digər tərəfdən, nəzərə alınmalıdır ki, cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğ (193 manat) tərəflərin birgə nikahından doğulmuş uşağa da şamil edilməlidir. Bununla belə uşaqların saxlanılmaları üçün müəyyən edilmiş minimum istehlak səbətinin təmin edilməsinin yalnız valideynlərdən birinin, yəni atanın üzərinə qoyulması nəticəsinə gəlmək ədalətli hesab edilə bilməz. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, uşağının saxlanılması üçün hər ay ən çoxu 160-170 manat sabit pul məbləğində aliment ödəmək iqtidarındadır. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, o, İsmayıllı rayonunda yaşayır və yeganə qazanc yeri taksı fəaliyyətindəndir. Həmçinin, onun hazırki nikahından iki azyaşlı övladı var. Ümumi aylıq gəliri isə ən yaxşı halda 600 manatdır. Məhkəmə nəzərə alır ki, iddiaçı orta məktəbdə psixoloq işləyir və aylıq sabit gəliri var. Onun əksinə, iddiaçı mübahisələndirmədən qəbul edir ki, cavabdeh İsmayıllı rayonunda taxi fəaliyyəti ilə məşğuldur və himayəsində hazırki nikahından iki azyaşlı uşağı da var. Bununla belə nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və bu vəzifə valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Nəzərə alınmalıdır ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir. Bütün yuxarıda qeyd edilən halları nəzərə alan və uşağın maraqlarını üstün tutan məhkəmə hesab edir ki, övladının yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli hazırkı iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

Məhkəmə xərci Məhkəmə xərci ilə bağlı qeyd edilməlidir ki, alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (170x12=2040 manat) mütənasib olan 40.40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 170 (yüz yetmiş) manat müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-4850/2022 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutulub İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilməmiş 40.40 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq, hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 4850/2022 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 40.40 (qırx manat qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar