Məhkəmə qərarları › İş №2(010)-4852/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4852/2022

21.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4852/2022 21.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

2. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, məhkəmə qətnaməsi ilə hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat alimentin tutulması müəyyən edilmişdir. Hazırda 300 manat aliment uşaqların saxlanması üçün kifayət etmir. Uşaqlara baxacaq kimsə olmadığı üçün özü də işləyə bilmir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

3. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, 500 manat əmək haqqı alır və həmin puldan 300 manatını aliment ödəyir. Maaşından özünə cəmi 200 manat qalır ki, həmin pul ilə öz dərmanlarını da ala bilmir. Əmək haqqından başqa əlavə gəlirləri də yoxdur. Aliment məbləğini isə həmişə vaxtında ödəyir. Buna görə də qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

İş materialları.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1390/2021 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiası qismən təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1946/2020 nömrəli iş üzrə qəbul etdiyi 30 iyul 2020-ci il tarixli qətnaməsi ilə 21 dekabr 2014-cü il təvəllüdlü X4 və 31 avqust 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

İşin faktiki halları.

5. Tərəflərin əvvəllər rəsmi nikahda olması, rəsmi nikahdan iki uşaqlarının olması, həmin uşaqların analarının yanında qalmasına və cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat alimentin tutulmasına dair hallar işin mübahisəsiz halı olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir.

Tətbiq edilən hüquq.

6. Azərbaycan Respublikası Ailə Məcəlləsi.

Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi. 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

8. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir.

9. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1390/2021 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı cavabdehin işlədiyini və kifayət qədər gəlir əldə etdiyini iddia etsə də, bu barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Məhkəmə iclasında cavabdehin özünün bildirdiyi kimi hazırda Bakı Abadlıq şirkətində işləyir və 500 manat maaş alır. Qanunvericiliyin tələbinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Odur ki, məhkəmə iddiaçının işləyərək müntəzəm əmək haqqısının olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı da cavabdeh ilə birlikdə bərabər hüquq və vəzifələrə malikdir və uşağın saxlanmasında bərabər şəkildə iştirak etməlidir. Həmçinin, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçı özünün və ya cavabdehin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklliyin (özünün maddi vəziyyətinin azalması, əmək qabiliyyəti olmaması səbəbindən işləyə bilməməsi, cavabdehin kifayət qədər gəlirlərinin olması və s.) olmasını sübut edə bilməmişdir. Əksinə cavabdeh 500 manat əmək haqqı alır və həmin əmək haqqının da yarısından çoxu ilə uşağının alimentini ödəyir. Alimentin miqdarının artırılması cavabdehin yaşayış səviyyəsinin pisləşməsinə səbəb olacaqdır.

Məhkəmə xərcləri.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

11. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

12. İddia rədd edildiyi üçün mediasiya orqanına ödənilmiş 50 manat məbləğində rüsum iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

13. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası rədd edilməlidir.

14. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia rədd edilsin. Mediasiya orqanına ödənilmiş 50 (əlli) manat məbləğində rüsum İddiaçı özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar