Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4857/2025 20.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ümumilikdə 665 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində saat 08:20 radələrində ona - İddiaçı məxsus “Hyundai Santafe” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qaraçuxur qəsəbəsi ərazisində hərəkətdə olan zaman hərəkət istiqamətinin sol hissəsində dayanmış vəziyyətdə olan “Kia Sorento” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında əyləşən sərnişin arxa qapını açarkən avtomobilin qapısı onun avtomobilinin sol hissəsinə çırpılmışdır. Suraxanı Rayon DYPŞ-nin TP ******* saylı xx.xx.2025-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutuluş inzibati xətanı törətmiş, nəticədə onun barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir. Həmçinin Suraxanı Rayon DYPŞ-nin TP ******* xx.xx.2025-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 338.3-ci maddəsində nəzərdə tutuluş inzibati xətanı törətmiş, nəticədə onun barəsində 30 manat məbləğində cərimə tətbiq edilmişdir. Göstərilən qərarlarla və iddia ərizəsinə əlavə edilmiş digər sənədlərlə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 təqsiri tamamilə sübuta yetirilmişdir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş cavabdehlər tərəfindən verilmiş izahatlarla da onun avtomobilinə maddi ziyan dəydiyi müəyyən edilmişdir. Bundan əlavə, "xxxx" ASC tərəfindən cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində dəymiş maddi ziyanı müəyyən etmək məqsədilə təqdim edilmiş Qiymətləndirmə Aktına əsasən onun avtoobilinə vurulmuş maddi ziyanın miqdarı hesablanaraq 1310 manat məbləğində müəyyən edilmişdir. Xalq Sığorta” ASC tərəfindən ona dəymiş ziyandan 655 manat məbləği ödənilmişdir. Ziyanın qalan məbləği isə cavabdehlər tərəfindən ona ödənilməmişdir. Bununla bağlı cavabdehlərə dəfələrlə müraciət etməsinə baxmayaraq, ziyanın qalan məbləğini ödəməkdən imtina etmişdirlər. Bu səbəbdən də o, cavabdehlərə qarşı “pul” tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin etiraz ərizəsi. xx.xx.2025-ci il tarixdə Cavabdeh1 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, İddiaçı ona qarşı “pul tələbi”nə dair heç bir əsası olmayan iddiasının rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, barəsində danışılan sığorta hadisəsində dəymiş zərəri iddiaçının sığortaçısı - "xxxx" ASC 1310 manat olaraq qiymətləndirmiş, lakin heç bir hüquqi əsas olmadan qeyd edilmiş məbləğin yalnız yarısını - 655 manat ödəmiş, qalan məbləğin isə zərərvurandan, yəni ondan tələb edilməli olduğunu iddiaçıya bildirmişdir. Tərəflərin izahatları. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, zərəri mübahisələndirmir, hər ay 60 manat ödəyə bilər, lakin iddiaçı bununla razılaşmır. Qeyd edir ki, kreditləri var. Məbləğin aylara bölünməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kia Sorento minik” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1r. İş materiallarında olan 4 saylı Bakı Asan Xidmət mərkəzinin notariat kontorunda təsdiqlənmiş xx.xx.2018-ci il tarixli 724571 №-li etibarnamənin surətindən görünür ki, “Kia Sorento minik” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi X3 tərəfindən xx.xx.2028-ci il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün Cavabdeh1 etibar edilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Santafe” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. xx.xx.2025-ci il tarixli TP ******* nömrəli “X6 haqqında Qərar”ın surətindən görünür ki, xx.xx.2025-ci il tarixi İXP7174194 saylı protokola əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsi rəhbər tutularaq, Cavabdeh2 “Kia Sorento minik” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə AR İXM-nin 338.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 30 manat məbləğində cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli TP ******* nömrəli “X6 haqqında Qərar”ın surətindən görünür ki, xx.xx.2025-ci il tarixi İXP7174185 saylı protokola əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsi rəhbər tutularaq, Cavabdeh1 “Kia Sorento minik” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə AR İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Əliyev X2 RPİ DYPŞ-də verdiyi xx.xx.2025-ci il tarixli izahatında bildirmişdir ki, o, özünəməxsus “Hyundai Santafe” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2025-ci il tarixində 08:20 radələrində Qaraçuxur qəsəbəsində 146 saylı məktəbin yaxınlığında sağ tərəfdə dayanmış vəziyyətdə olan “Kia Sorento minik” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanından keçərkən həmin avtomobilin arxa oturacağında əyləşən sərnişin arxa qapını açarkən avtomobilin qapısı onun avtomobilinə çırpılmış və nəticədə avtomobilin sağ hissəsinə maddi ziyan vurulmuşdur. Cavabdeh1 Suraxanı RPİ DYPŞ-də verdiyi xx.xx.2025-ci il tarixli izahatında bildirmişdir ki, onun etibarnamə ilə idarə etdiyi “Kia Sorento minik” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2025-ci il tarixində 08:20 radələrində Qaraçuxur qəsəbəsində yolun kənarında dayanmış, bu zaman arxada əyləşən həyat yoldaşı qapını açarkən külək səbəbindən maşının qapısı sol tərəfdə hərəkətdə olan “Hyundai Santafe” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ hissəsinə çırpılaraq maddi ziyan vurmuşdur. xx.xx.2025-ci il tarixli "xxxx" ASC-nin qiymətləndirmə aktından görünür ki, “Hyundai Santafe” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin aradan qaldırılması üçün lazım olan ehtiyat hissələrinin qiyməti 600 manat, xidmət haqqı isə 710 manat olmaqla, ümumi dəymiş ziyanın məbləği 1310 manat hesablanmışdır. xx.xx.2025-ci il tarixli 7706 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı AZ38UBAZ**********1010AZN001 №-li hesabına 655 manat məbləğində sığorta ödənişi edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığota hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 08:20 dəqiqədə Bakı şəhəri, Qaraçuxur qəsəbəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsi baş verən zaman təqsirkar “Kia Sorento minik” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 olmuşdur. Zərərçəkən “Hyundai Santafe minik” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı olmuşdur. İş materiallarında olan fotoşəkillərin surətindən görünür ki, ağ rəng avtomobilin sağ hissəsi zədəlidir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. ...217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: Maddə 327. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması 327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə 40 manat məbləğində cərimə edilir. Maddə 338. Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulması 338.3. Sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə otuz manat məbləğində cərimə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, xx.xx.2025-ci il tarixində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində baş vermiş yolnəqliyyat hadisəsi zamanı İddiaçı məxsus “Hyundai Santafe” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Hadisə Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi “Kia Sorento” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında əyləşən Cavabdeh2 avtomobilin qapısını yol hərəkəti təhlükəsizliyi qaydalarına zidd olaraq açması nəticəsində baş vermişdir. Suraxanı Rayon DYPŞ tərəfindən qəbul edilmiş inzibati tənbeh haqqında qərarlarla müəyyən edilmişdir ki, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində, Cavabdeh2 isə həmin Məcəllənin 338.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişlər. Göstərilən inzibati aktlar qanuni qüvvəyə minmiş və həmin qərarlarla cavabdehlərin təqsiri təsdiq edilmişdir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericiliyin normalarına əsasən hüquqa zidd və təqsirli hərəkət nəticəsində başqa şəxsə vurulmuş əmlak zərəri zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi, cavabdehlərin hüquqa zidd və təqsirli hərəkətləri nəticəsində iddiaçının mülkiyyətçisi olduğu nəqliyyat vasitəsinə zərər vurulmuşdur. Həmçinin, məhkəmə iclasında Cavabdeh1 verdiyi izahatında iddia tələbinin mahiyyəti üzrə zərərin mövcudluğunu etiraf etmişdir. Belə olan halda, məhkəmə qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona vurulmuş ziyanın əvəzini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə tərəfindən, həmçinin müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş qiymətləndirmə aktına əsasən iddiaçıya məxsus nəqliyyat vasitəsinə vurulmuş maddi ziyanın ümumi məbləği 1310 manat təşkil etmiş, lakin sığortaçı tərəfindən iddiaçıya yalnız 655 manat məbləğində sığorta ödənişi edilmişdir. Ziyanın qalan hissəsi cavabdehlər tərəfindən iddiaçıya ödənilməmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin normalarına əsasən, zərərçəkmiş şəxs ona vurulmuş zərərin tam ödənilməsini tələb etmək hüququna malikdir. Sığorta ödənişinin zərərin yalnız bir hissəsini əhatə etməsi cavabdehləri qalan zərərin ödənilməsi öhdəliyindən azad etmir. Cavabdeh1 etiraz ərizəsini göndərərək, iddia tələbinin rədd edilməsini xahiş etsə də, sonra məhkəmə iclasında izahat verərək, dəymiş zərərin məbləğini mübahisələndirmədiyini və hissə hissə ödəməyə razılıq bildirmişdir. Belə olan halda, iddiaçı tərəfindən tələb edilən 665 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ümumilikdə 665 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri. İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 30 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ümumilikdə 665 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-4857/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4857/2025
20.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver