Məhkəmə qərarları › İş №2(010)-486/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-486/2023

24.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-486/2023 24.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Suraxanı rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-5913/2017 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2013-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsi və hər uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla cəmi 386 (üç yüz səksən altı) manat alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi. İddia tələbinin dəlliləri İddiaçı ilə Cavabdeh 2012-ci il tarxində rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 dünyaya gəlmişdir. Sonradan cavabdehlə ailə münasibətləri pisləşmişdir və aralarındakı nikah pozulmuşdur. Eyni zamanda Suraxanı Rayon Məhkəməsinin 2(010)-5913/2017 saylı xx.xx.2017-cil tarixli qətnaməsinə əsasən, uşaqların saxlanması üçün Cavabdeh hər ay hər biri üçün 137 (yüz otuz yeddi) manat olmaqla cəmi 274 (iki yüz yetmiş dörd) manat alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Uşaqları böyüdüyündən onların qayğıları da artır. Onların qidalanması, geyimi, istirahəti və s. pul tələb edir. Cavabdehin ödədiyi aliment isə həmin məsrəfləri tam qarşılaya bilmir. Bu səbəbdən alimentin məbləği dəyişdirilməli və artırılmalıdır. Cavabdehdə tutulmasını xahiş eldiyi məbləğ isə bu gün aliment olaraq adətən tutulan biləcək məbləğin minimumudur və 193 manat təşkil edir. İddiaçının izahatları İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, onun iddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə maddi imkanı çatmır. Belə ki, o, yenidən ailə həyatı qurmuş və həmin nikahdan iki uşaqları var. Onun əmək haqqı 900 manat təşkil edir. Uşaqlarının saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment ödəyə bilər. Maddi vəziyyəti imkan vermir artıq ödəməyə. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-5913/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulmsı, birgə nikahdan doğulmuş uşaqların boşanmadan sonra ananın yanında qalmalarının müəyyən edilməsi və aliment tələbinə dair iddiası təmin olunmuş, İddiaçı Məmmədova (nikahdan əvvəl - Həsənova) Səmayə Fərmayıl qızı ilə Cavabdeh arasında 06 oktyabr 2012-ci ildə bağlanmış və həmin tarixdə Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən akt qeydləri kitabında 1298 nömrəsi ilə qeydə alınmış nikahın pozulmuş hesab edilməsi, 20 sentyabr 2013-cü il təvəllüdlü X3 və 07 sentyabr 2014-cü il təvəllüdlü X2 boşanmadan sonra iddiaçı Məmmədova (Həsənova) Səmayə Fərmayıl qızının yanında qalmalarının müəyyən edilməsi, 20 sentyabr 2013-cü il təvəllüdlü X3'və 07 sentyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər bir uşağa görə hər ay 137 (yüz otuz yeddi) manat olmaqla sabit pul məbləğində aliment tutularaq iddiaçı Məmmədova (Həsənova) Səmayə Fərmayıl qızma ödənilməsi qət edilmişdir. Bakı 11 saylı Mediasiya Təşkilatının mediatoru M.Rzayevin "ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2022-ci il tarixli MŞB/11-00949 saylı arayışından görünür ki, Cavabdeh İddiaçı tərəfindən təsvir edilən "alimentin miqdarının dəyişdirilməsi tələbi barədə" üzrə xx.xx.2022-ci il tarixdə saat 10:00da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 17.2 Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34 Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu:

8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır.

19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır.

Azərbaycan Respublikası Ailə Məcəlləsi: 56.1 Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2 Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1 Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 233.4 Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı Cavabdeh Suraxanı rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-5913/2017 saylı qətnaməsinə əsasən xx.xx.2013-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsini və hər uşaq üçün 193 manat olmaqla cəmi 386 manat məbləğində müəyyən edilməsini istəyir. İddiaçı iddiasını onunla əsaslandırır ki, uşaqları böyüdüyündən onların qayğıları da artır. Onların qidalanması, geyimi, istirahəti və s. pul tələb edir. Cavabdehin ödədiyi aliment isə həmin məsrəfləri tam qarşılaya bilmir. Cavabdeh isə hər uşaq üçün yalnız 170 manat ödəyə biləcəyini söyləyir, etirazını isə onunla əsaslandırır ki, aliment təyin ediləndən sonra o, evlənmiş və həmin evlilikdən iki uşağı var. "Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlara görə 220 manat məbləğində müəyyən edilmişdir. Cavabdehin etirazını aliment təyin ediləndən sonra evlənməsi və həmin evlilikdən iki uşağının olması ilə əsaslandırmasına münasibətdə məhkəmə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarında vurğulanır ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmə hesab edir ki, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 137 manat sabit pul məbləğində alimentin tutulmasına dair Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-5913/2017 saylı qətnaməsi qəbul edildikdən sonra saxlanılması üçün aliment tutulan uşaqların yaşı və tələbatı dəyişdiyinə görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması və uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, 2023-ci il üçün uşaqların saxlanmasına görə Qanunla müəyyən edilmiş yaşayış minimumu həddinin aliment təyin edilən dövrə nisbətdə daha yüksək olması nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşaqların normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün cavabdehdən hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşaqlarıın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün ağlabatan məbləğdir. Beləliklə, yuxarıda qeyd edilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli hazırkı iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır.

Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda — iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, cavabdehdən dövlət rüsumuna görə 66,32 manat məbləğində pul vəsaiti alınaraq dövlət büdcəsinə ödənilməlidir.

Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-5913/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin və Cavabdeh İddiaçı xeyrinə xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 66,32 (altmış altı manat otuz iki qəpik) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar